Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1720/2024 03.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 10414 AZN əsas, 1083.87 AZN faiz, 109.15 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 11607.02 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 124.83 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 42 ay müddətinə illik 19 % ödəmək şərtilə 10414 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 29 iyul 2024, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 10414 AZN əsas, 1083.87 AZN faiz, 109.15 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 11607.02 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 24micADJ/24 saylı kredit müqaviləsindən görünür ki, bank kredit alana 42 ay müddətinə, illik 19 faiz olmaqla, xx.xx.2027-ci il tarixədək ödəmək şərti ilə 10414 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 24micADJ/24 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2024-cü il tarixli, 24micADJ/24 saylı kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24micADJ/24 saylı kredit müqaviləsi üzrə 10414 AZN əsas, 1083.87 AZN faiz, 109.15 AZN cərimə, cəmi 11607.02 AZN borcu yaranmışdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 24micADJ/24 saylı kredit müqaviləsinə əsasən cavabdehin 20 may 2024-cü il tarixinə 10414 AZN əsas, 703.68 AZN faiz, 40.66 AZN cərimə, cəmi 11158.34 AZN borcu yaranmış və cavabdeh banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 42 ay müddətinə illik 19 % ödəmək şərtilə 10414 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə şərtlərinə uyğun olaraq cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsasən, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. 5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.” Məhkəmə borcun məbləği ilə bağlı qeyd edir ki, "xxxx" KB ASC tərəfindən 20 may 2024-cü il tarixində cavabdehə göndərilmiş bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli, 24micADJ/24 saylı kredit müqaviləsinə əsasən cavabdehin 20 may 2024-cü il tarixinə 10414 AZN əsas, 703.68 AZN faiz, 40.66 AZN cərimə, cəmi 11158.34 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 sentyabr 2023-cü il tarixli Qərarında qəbul edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qeyd edilən bildirişi göndərməsilə müqavilə ləğv edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişdə göstərilən 10414 AZN əsas, 703.68 AZN faiz, 40.66 AZN cərimə borcu olmaqla, cəmi 11158.34 AZN məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 24micADJ/24 saylı kredit müqaviləsi üzrə 10414 (on min dörd yüz on dörd) AZN əsas, 703.68 (yeddi yüz üç manat altmış səkkiz qəpik) AZN faiz, 40.66 (qırx manat altmış altı qəpik) AZN cərimə, cəmi 11158.34 (on bir min yüz əlli səkkiz manat otuz dörd qəpik) AZN borc və ödənilmiş dövlət rüsumunun 123.48 (bir yüz iyirmi üç manat qırx səkkiz qəpik) AZN hissəsi tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, 24micADJ/24 saylı kredit müqaviləsi üzrə 10.414 (on min dörd yüz on dörd) AZN əsas, 703.68 (yeddi yüz üç manat altmış səkkiz qəpik) AZN faiz, 40.66 (qırx manat altmış altı qəpik) AZN cərimə, cəmi 11.158.34 (on bir min yüz əlli səkkiz manat otuz dörd qəpik) AZN borc və ödənilmiş dövlət rüsumunun 123.48 (bir yüz iyirmi üç manat qırx səkkiz qəpik) AZN hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-1720/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1720/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver