Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1733/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi E.Y.Cəfərlinin iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı avtomaşına dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı avtomaşına dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində ona məxsus **-TM-*** dövlət nömrə nişanlı “Geely Coolray” markalı avtomobilini idarə etdiyi zaman qarşı tərəfdən gələn digər avtomobil Lənkəran rayonu, Nərimanabad qəsəbəsi ünvanında qeydiyyatda olan **-BR-*** dövlət nömrə nişanlı “BMW5251” markalı avtomobili idarə edən X7 onun idarə etdiyi “Geely Coolray” markalı avtomobilinə qaydanı pozmaqla ehtiyatsızlıqdan ciddi zərər vurmuşdur. Hadisə zamanı avtomobilinə zərər vuran şəxsin icbari sığortası Azərbaycan Sənaye Sığorta olduğundan sığorta hadisəsi ilə bağlı dərhal həmin qurumun qaynar xəttinə məlumat verilmişdir. Hadisə yerinə DYP-nin və "xxxx" şirkətinin əməkdaşları gəlmiş qəzanın nəticələrinin yerində araşdırılması zamanı qarşı tərəfin qaydanı pozduğu sübuta yetirilmiş və məlum olmuşdur ki, qarşı tərəfindən sığortası onun idarə etdiyi “Geely Coolray” markalı avtomobilinə dəyən zərərin əvəzini ödəməlidir. Baş vermiş hadisədən "xxxx" şirkətinin əməkdaşlarının ilkin olaraq tərtib etdikləri ziyan aktına əsasən avtomobilə 550 mnat ziyan vurulduğu müəyyən edilmişdir. Lakin bu məbləğin avtomobilinə dəymiş ziyana münasibətdə həddən artıq az və gülünc bir məbləğ olduğunu qeyd etməklə bu xüsusatla bağlı Mərkəzi Banka və sığorta şirkətinə təkrar müraciət etməklə müstəqil ekspert tərəfindən qiymətləndirilmənin aparılmasını xahiş etmişdir. Müraciətindən sonra müstəqil ekspert dəvət edilməsi təmin edilsə də, ekspertin apardığı qiymətləndirilməsi də çox səthi olduğundan, sanki sığorta şirkətinin təyin etdiyi bir nümayəndəsi imiş kimi hərəkətlər etməsi, avtomobilə mütəxəssis kimi vizual olaraq baxış keçirməklə, avtomobilin daxildən yəni görülməyən hissələrində deformasiyaya uğramış daxili detalları barədə qeyd aparmadan nəticə vurulmuş ziyanın 2300 manat təşkil etdiyinə dair rəy hazırlamış və təqdim etmişdir. Qeyd olunan məbləği o, hələdə sığorta şirkətindən almamışdır. Çünki hesablanmış məbləğ onu qane etmir. Bununla əlaqədar qeyd edir ki, idarə etdiyi “Geely Coolray” markalı avtomobili "xxxx" şirkətinin Bakı nümayəndəliyindən aldığı üçün avtomobilinə halhazırda həmin şirkətin zəmanət talonu əsasında hər bir detalı yoxlamaqla servis qaydasında qulluq olunur. Belə olan halda avtomobilə kənar mütəxəssisin, avtomobil sexlərinin və ya hər hansı bir ustaların müdaxiləsi zəmanətin etibarsız olmasına səbəb olar. Lakin sığorta şirkətinin əməkdaşları isə yalnız özlərinin əməkdaşlıq etdikləri təmir müəssisələri vasitəsi ilə avtomaşını təmir ediləcəyini və həmin müəssisələrə münasibətdə ödənişin olunacağına dair mövqe bildirdilər. Odur ki, o, bu mövqe ilə razılaşmadan avtomobilini xx.xx.2022-ci il tarixdə "xxxx"un rəsmi nümayəndəliyi olan Bakı şəhəri, Babək prospekti, 35A ünvanında yerləşən ixtisaslaşmış mütəxəssislərin iştirakı, həm vizual, həm daxili, həm də kompyüter müayinələrin nəticəsində, özünün də iştirakı ilə qüsur aktı tərtib edilərək qəza nəticəsində avtomobilinə dəymiş ziyana və ya sıradan çıxmış ehtiyat hissələrinə görə 4820 manat zərər, görülən iş haqqı üçün isə 1309,8 manat vəsait olmaqla cəmi 6129,8 manat ziyan vurulduğu müəyyən edilmişdir. İcbari sığorta ödənişinin maksimum həddi qüvvədə olan qanuna görə 5000 manat məbləğində müəyyən edildiyindən sözügedən məbləğin qalıq hissəsini isə gələcəkdə onun idarə etdiyi avtomobilə zərər vuran şəxs X2 məhkəmə qaydasında tələb edər. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx"dan ona dəymiş zərərə görə 5000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, 2-ci mütəxəssis avtomaşına baxarkən yalnız kapotu qaldırmış, ümumi maşına vizual baxış keçirmiş, avtomaşına detallı baxış həyata keçirməmişdir. "xxxx"un mütəxəssisi isə avtomaşını yuxarıda qaldıraraq bütün detallarına dəqiq baxış keçirmiş, hətta onları yerindən çıxararaq yoxlamış, sonra yerinə qoymuş və obyektiv qüsur aktı tərtib etmişdir. Onun idarə etdiyi avtomaşının distribyuteri həmin şirkətdir, detallar yalnız onlar tərəfindən gətirilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini qismən qəbul edərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddia tələbini qismən, yəni zərər məbləğini iddiaçının seçiminə əsasən təyin edən müstəqil sığorta eksperti "xxxx" MMCnin vermiş olduğu ekspert rəyinə uyğun olaraq 2300 manat məbləğində qəbul edirlər. Cəmiyyətə xx.xx.2021-ci il tarixli PSS********** No-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “BMW 525İ” markalı, 90BR889 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu ərazisində iddiaçının sahibliyində olan “Geely Coolray” markalı, 10TM280 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməsi barədə müraciət daxil olmuşdur. Həmin məlumat alındıqdan dərhal sonra səlahiyyətli nümayəndəsi hadisə yerinə getmiş, hadisənin təvərrüatlarını araşdırmışdır. İddiaçıya məxsus əmlaka dəymiş zərərin miqdarı həmin tarixdə cəmiyyətin mütəxəssisləri tərəfindən qiymətləndirilərək 550 manat məbləğində müəyyənləşdirilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran rayon Polisi Şöbəsi tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində nəzərdə tutulmuş hadisə ilə bağlı sənədlər cəmiyyətə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran rayon Polis Şöbəsinin təqdim etdiyi sənədlərə əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəydən (qüsur aktından) görünür ki, “Geely Coolray” markalı, 10TM280 dövlət qeydiyyat nişanlı avtomobillə ziyan məbləği 3375 manat təşkil edir. Sığorta hadisəsi nəticəsində dəymiş zərər məbləği sığorta şirkəti tərəfindən qiymətləndirilməli və bu səbəbdən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyi zərər məbləğini təsdiq edən sənəd kimi qəbul edilə bilinmədiyindən iddiaçı 550 manat zərər məbləği ilə razılaşmamışdır. Odur ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının yazılı razılığı əsasında əmlaka dəymiş zərərin yenidən qiymətləndirilməsi maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankının müvafiq qeydiyyatdan keçmiş müstəqil sığorta eksperti "xxxx" MMC-yə həvalə olunmuşdur. Həmin MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən zərərin miqdarı yenidən qiymətləndirilərək 2300 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həmin zərərin miqdarı ilə də razılaşmadığından və müvafiq sığorta ödənişi aktını imzalamadığından sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Sözügedən yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1,925.2, 925.3-cü və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddələrinin tələblərindən irəli gələn şərtlərə uyğun olaraq iddiaçı ilə razılaşdırılmaqla sığorta sahəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq reyestrindən qeydiyyatdan keçmiş müstəqil sığorta eksperti "xxxx" MMC tərəfindən ekspert rəyi alınmaqla yekun olaraq 2300 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, sığorta hadisəsindən irəli gələn münasibətlər mülki hüquq münasibətləri olmaqla, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”ndan irəli gələn məsələlər sahəvi qanun olan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan qaydada tənzimlənir. Yəni, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı özü və ya müstəqil sığorta eksperti vasitəsilə müəyyən edir. İddiaçı tələbində mübahisə predmeti olan avtomobilin qiymətləndirilməsi üçün sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün müvafiq icazəsi olmayan "xxxx" MMC-yə müraciət etmiş və qeyd olunan hüquqi şəxs tərəfindən əmlaka dəymiş ziyan 6129,8 manat məbləğində müəyyən olunmuşdur. Göründüyü kimi sığorta hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi sığortaçı və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlər mütləq qaydada müvafiq reyestrdən qeydiyyatdan keçməlidirlər. Lakin iddiaçının müraciət etdiyi "xxxx" MMC qeyd olunan müvafiq reyestrdən qeydiyyatdan keçməmiş və sığorta sahəsində xüsusi biliyə malik mütəxəssislərə malik olmamışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddiaçının cəmiyyətə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsinin 2300 manat məbləğində qismən təmin edilməsi, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iddiaçının avtomaşınına vizual baxış keçirilib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Geely Coolray” markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 525İ” minik markalı, 90BR889 dövlət qeydiyyat nişanlı avtomaşın X1 adına qeydiyyata alınmışdır. İş üzrə xx.xx.2021-ci il tarixli etibarnamənin surətinə əsasən X5 tərəfindən “BMW 525İ” minik markalı, 90BR889 dövlət nömrə minik avtomaşının idarə edilməsi, bağışlaması, ipoteka qoyması, sərəncam verməsi və digər hərəkətlər, qeydiyyata salması, qeydiyyatdan çıxarması, ərizə verməsi üçün xx.xx.2022-ci il tarixədək X6 etibarnamə verilmişdir. İş üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 07.55 radələrində Lənkəran rayonu, Ş.Axundov küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsində “BMW 525İ” minik markalı, 90BR889 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən X8 (avtomaşının mülkiyyətçisi X5) təqsirli olan şəxs qismində, “Geely Coolray” minik markalı, 10TM280 dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən (mülkiyyətçi) İddiaçı zərərçəkən qismində müəyyən edilmişdir. İş üzrə Lənkəran rayonu YNH inspektoru polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli inzibati xəta haqqında protokolun surətinə əsasən, X8 xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli hesab olunaraq AR İXM-nin 342.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəyin surətindən görünür ki, «Geely Coolray» markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, yol qəza hadisəsi zamanı avtomaşına dəymiş ziyan aşağıdakılardır: mühərrikin üst sağ tərəf plastması dəyişdirilməlidir – 60 manat, sağ tərəf buferin dumannısı dəyişdirilməlidir – 300 manat, sağ tərəf kreslonun podkrılniki dəyişdirilməlidir – 30 manat, sağ tərəf dumannının üst plastması dəyişdirilməlidir – 80 manat, sağ tərəf buferin salazkası dəyişdirilməlidir – 20 manat, qabaq sağ tərəf fara dəyişdirilməlidir – 2500 manat, su vuran baçok sağ tərəfdə olan – 55 manat, sağ tərəf buferin radarı dəyişdirilməlidir – 130 manat, buferin sağ tərəf üst kantı dəyişdirilməlidir – 150 manat, qabaq sağ qanadın üst plastmas əyri kantı – 50 manat, cəmi 3375 manat. İş üzrə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli yekun aktın surətindən görünür ki, «Geely Coolray» markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəmirçi-armaturçu (ön bamper, kapot, ön sağ qanad) – 200 manat, rəngsaz (ön bamper, kapot, kant, qabaq pardaxlama) – 250 manat, plastmas təmiri (ön bamper, sağ fara, fara altı kant, dum.qapağı) – 100 manat) cəmi 550 manat vəsait hesablanmışdır. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus «Geely Coolray» markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri (dəmirçi işçilik (kapotun təmiri, ekranın dəyişilməsi) – 531 manat, rəngsaz işçilik (kapotun iç və çöl rənglənməsi, ön bamperin rənglənməsi) – 472 manat, armatur işçilik (ön bamperin s/y və təmiri, sağ faranın sökülüb yığılması, ön sağ qanadüstü kantın s/y – 247,8 manat, ön sağ qanadaltının və kapotun sökülüb yığılması – 59 manat) cəmi 306,8 manat) üçün 1309,8 manat və ehtiyyat hissələrinin dəyişdirilməsi (ön bamperin orta spoleri – 300 manat, ön bamperin alt spoleri – 250 manat, sağ fara – 3000 manat, ekran – 310 manat, ön sağ duman əleyhinə faranın setkası – 75 manat, ön sağ duman əleyhinə fara – 300 manat, sağ faranın xrom kantı – 165 manat, ön bamperin alt orta setkası – 350 manat, ön bamperin sağ salazkası – 15 manat, ön sağ qanadaltı – 55 manat) üçün 4820 manat, cəmi 6129,8 manat vəsait hesablanmışdır. İş üzrə Azərbaycan Respublikası "xxxx" tərəfindən verilmiş SS00001/23, xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, “Geely” markalı, **-TM-*** dövlət qeydiyyat nömrəli avtomobil ekspert baxışına təqdim olunan hazırki vəziyyətdə ümumi qiymət 2300 manat (ehtiyyat hissələri – 950 manat, görülən işlər – 1350 manat) müəyyən olunmuşdur. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə avtomobili idarə etdiyi zaman digər avtomobil tərəfindən qəza törədilib ciddi ziyan vurulmuşdur. Avtomobil “Geely” firmasına məxsus olan “Geely Coolray” markasıdır və bunun əsasında adı çəkdiyi firma ilə xx.xx.2022-ci il tarixdə zəmanət müqaviləsi bağlanılıb. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən avtomobil "xxxx" MMC-nin servis mərkəzindən kənarda təmir olunduğu, dövrü müayinələrdən və texniki xidmətdən keçdiyi halda avtomobilin sahibinə, yəni ona, zəmanət hüquqlarına xitam verilir. Baxmayaraq ki, "xxxx" tərəfindən baxış zamanı onun avtomobilinə 6129 manat dəyərində ziyan dəydiyi barədə akt tərtib olunub, qarşı tərəfin avtomobilinin icbari sığortası bu dövrdə avtomobilinin təmiri üçün ilk dəfə cəmi 550 manat və sonra isə 2500 manat məbləğ ayırıb. Hadisədən 5 aydan çox keçməyinə baxmayaraq onun avtomobili hələ də icbari “Sənaye” sığorta tərəfindən təmir olunmayıb. Qəza zamanı avtomobildə yaranmış ziyanlar avtomobili idarə etdiyi zaman ona müəyyən problemlər yaradır. Odur ki, bunları nəzərə almasını və tez bir zamanda ya onun ya da ki, "xxxx" MMC-nin hesabına aktda göstərilən məbləğə uyğun vəsait ayrılmasını xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İddiaçı ünanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" ASC-də (sığortaçı) sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış avtonəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmlakına zərər dəymişdir. Sığortaçı tərəfindən həmin əmlaka dəymiş zərər qiymətləndirilmiş və 730 manat məbləğində müəyyən olunmuşdur. Sığortaçı tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından zərər görmüş əmlakın yenidən qiymətləndirilməsi qarşılıqlı razılıq əsasında xx.xx.2022-ci il tarixli ərizəsi nəzərə alınmaqla müstəqil ekspert X4 həvalə olunmuşdur. Müvafiq müstəqil ekspertin rəyi ilə İddiaçı əmlakına dəymiş zərər yenidən qiymətləndirilərək xx.xx.2023-cü il tarixli, SS0015/23 ekspert rəyi ilə 2300 manat məbləğində müəyyən edilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən bildirirlər ki, “Geely Coolray” markalı, 10TM280 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və ya etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən müvafiq bank hesabını "xxxx" ASC-yə təqdim etdiyi halda yekun qiymətləndirmənin nəticəsinə müvafiq məbləğdə sığorta ödənişi, yəni 2300 manat məbləğində pul vəsaiti qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada İddiaçı ödəniləcəkdir. Əlavə olaraq bildirmək istərdilər ki, avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləğinin hesablanması qaydası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun “zərərin müəyyənləşdirilməsi” adlanan 16-cı maddəsinin 2-ci bəndinə müvafiq formada həyata keçirilmişdir. Eyni zamanda nəzərinə çatdırırlar ki, müraciətdə qeyd etdiyi məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X8 etibarnamə əsasında idarə etdiyi “BMW 525İ” minik markalı, 90BR889 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən zaman iddiaçının mülkiyyətində olan “Geely Coolray” markalı, 10TM280 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində X8 AR İXM-nın 342.1.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, X8 tərəfindən idarə olunan “BMW 525İ” minik markalı, 90BR889 dövlət nömrə nişanlı avtomaşın "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi” ilə sığortalanmışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi sığorta şirkəti "xxxx" tərəfindən ziyan kimi müəyyənləşdirilmiş 2300 manat məbləğində sığorta haqqını iddiaçıya ödənilməsinə razıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun avtomaşınına cəmi 6129,8 manat məbləğində ziyan dəymişdir. Lakin sığorta şirkəti tərəfindən cəmi 2300 manat sığorta ödənişi təklif edilmişdir. İcbari sığorta ödənişinin maksimum həddi 5000 manat məbləğində müəyyən edildiyindən, iddiaçı avtomaşınına dəymiş ziyana görə 5000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur, cavabdeh sığorta hadisəsinin baş verməsini qəbul edir, sığorta ödənişinin verilməsindən imtina etmir və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur. Belə ki, sığorta şirkəti iddiaçının mülkiyyətində olan avtomaşına vurulmuş ziyan məbləğini ilkin 550 manat hesablanmışdır. İddiaçı tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından zərər görmüş əmlakın yenidən qiymətləndirilməsi sığorta təşkilatı tərəfindən müstəqil ekspertə həvalə olunmuş, müstəqil ekspertin xx.xx.2023-cü il tarixli rəyi ilə iddiaçının əmlakına dəymiş zərər yenidən qiymətləndirilərək 2300 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən iddiaçının mülkiyyətində olan avtomaşına dəymiş ziyanın məbləği 6129,8 manat təşkil edir. İddiaçı isə avtomaşına cəmi 5000 manat məbləğində dəymiş zərərin ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sığorta ödənişi kimi 2300 manat məbləğində pul təklif etsə də, həmin məbləğ vurulmuş ziyanın tam aradan qaldırılması üçün yetərli olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının sığorta şirkətinin aktından göstərilməyən xidmətlər yerinə yetirilməli və nəzərdə tutulmayan hissələr də dəyişdirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının avtomaşını qüsur aktı tərtib edən "xxxx"da zəmanətli olmuş və həmin müddət bitməmişdir. Məhkəmə həmin şirkətin “Geely Coolray” markalı avtomaşınların rəsmi distribyuteri olmaqla onlara texniki xidmət göstərdiyindən, qüsur aktı avtomaşının tam müayinəsi aparılmaqla tərtib edildiyindən, məhkəmə həmin qüsur aktını daha mötəbər qəbul edir, lakin məhkəmə eyni zamanda avtomaşının sağ farasının dəyişmə zəruriliyini təsdiq edən sübutların mövcud olmamasını, yəni məhkəmə tərəfindən avtomaşına vizual baxış zamanı qüsur (çat, sınıq, daxilə su yığılma halı) müşahidə olunmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının təqdim etdiyi qüsur aktındakı ümumi ziyan məbləğindən faranın dəyəri çıxılmaqla yerdə qalan məbləğ (6129,8-3000=3129,8 manat) real ziyan məbləği kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Beləliklə məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin 3129,8 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin sığortalı əmlaka vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi sığorta ödənişinin tutulması hissəsində qismən təmin edilməli və cavabdeh "xxxx" ASC-dən vurulmuş ziyanın əvəzi sığorta ödənişi kimi iddiaçının xeyrinə 3129,8 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi vurulmuş ziyanın tutulması hissəsində qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (51,30 manat) cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar «Geely Coolray» markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanla bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə sığorta ödənişi kimi 3129,8 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51,30 manat, cəmi 3181,1 (üç min yüz səksən bir manat, on qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1733/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1733/2023
21.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver