Məhkəmə qərarları › İş №2(009)-1734/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1734/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1734/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «əşya» tələbinə dair mülki işə 27 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «əşya» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə ona məxsus olan əşyaların cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10.10.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh 80.000 manat müqabilində satmışdır. Alqı-satqı müqaviləsindən sonra iddiaçı mənzili cavabdehə təhvil verdikdən sonra iddiaçı mənzildə yerləşən əşyalarını götürmək istəyərkən cavabdeh ondan əşyaları götürməməsini xahiş etmiş və bildirmişdir ki, müəyyən müddət sonra cavabdeh ona ya əşyaların özünü, ya da ki əşyaların dəyəri kimi 2.000 manat məbləğində pul verəcəkdir. Lakin o vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq cavabdeh ona əşyalarını qaytarmır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunmuşdur. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək, ünvan 1 ünvanında yerləşən mənzildə yerləşən və ona məxsus olan künc divanı, bir ədəd şüşəli servant, bir ədəd güzgülü komot, yazı stolu, “Qalans” markalı kondisioner və bir ədəd su qızdırıcının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnın 185.5-ci maddəsinə əsasən isə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 27 avqust 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclas protokolundan görünür ki, həmin iclasda iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən mənzili Cavabdeh iddiaçıdan almışdır. Bundan sonra cavabdeh ilə İddiaçının qeyd etdikləri və ona məxsus olan əşyaların cavabdehdə saxlanılması, müəyyən müddət sonra isə cavabdeh tərəfindən həmin əşyaların dəyərinin ödənilməsi barədə razılığa gəlmişdirlər. Lakin müəyyən səbəblərdən əşyaların dəyərini ödəmək mümkün olmamışdır. Əşyalar hazırda sözügedən ünvandadır və cavabdeh tərəf əşyaların qaytarılmasına etiraz etmir. Cavabdeh alqı-satqı müqaviləsi imzalanmazdan öncə iddiaçıya 4.000 manat məbləğində beh vermişdir və həmin beh məbləği alqı-satqı qiymətinə aid edilməmişdir. Cavabdeh isə həmin beh məbləğinin qaytarılmadığını və eyni zamanda alqı-satqı qiymətinə daxil edilmədiyini gördükdə həmin məbləğin əvəzində mənzildə olan əşyaların da alqı-satqı müqaviləsinə əsasən ona satıldığını güman etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarına və işin araşdırılmış hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus əşyaları cavabdehdən tələb etməkdə haqlıdır, əşyaların cavabdehdə qalması qanunsuzdur və həmin əşyalar mülkiyyətçisi olan iddiaçıya qaytarılmalıdır. AR Mülki Məcəlləsinin 164.1-ci və 164.2-ci maddələrinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşmalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfı üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında iddiaçıya məxsus künc divanı, bir ədəd şüşəli servant, bir ədəd güzgülü komot, yazı stolu, “Qalans” markalı kondisioner və bir ədəd su qızdırıcısı Cavabdeh alınıb İddiaçı qaytarılsın. Ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı ödənilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar