Məhkəmə qərarları › İş №2(009)-1734/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1734/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1734/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi A.K.Ağayevin, Cavabdeh iştirakları ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASCdən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-SHB-146 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Şabran filialı ilə Cavabdeh Avtandin oğlu arasında xx.xx.2014-cü il tarixdə, 0284/14 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 12 ay müddətinə 20.000 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə 20.000 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır. “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır (5.4. bəndi). Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 10.884,22 manat, faiz borcu üzrə 4737,61 manat olmaqla, cəmi 15.621,83 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə Səbail rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-3325/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasında “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən mülki mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş etmiş, lakin Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-3325/2019 saylı qərardadı ilə ərizə təmin edilməyərək iddiaçıya ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmiş, həmçinin həmin qərardadda analoji müqavilələr üzrə mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası sözügedən Fərmanla müəyyən edildiyindən, həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş müddət iddia müddətinə daxil olmaması da qeyd edilmişdir. Borclunun kredit borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, Azərbaycan Respublikasında “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Qeyd olunan Fərmanın 6-cı bəndində banklara tövsiyyə edilir ki: 6.1. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. Fəziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar 1 ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3.Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanda göstərilən məsələlər öz həllini tapanadək Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qaldıqda, bu yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Belə ki, analoji mübahisələr mübahisənin hazırki məhkəmədən kənar həlli qaydası qeyd olunan Fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin Fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşmiş olduqları maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni Fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına ola bilməz. Cəmiyyət tərəfindən cavabdehə restrukturizasiya müqaviləsi bağlanılması üçün xx.xx.2020-ci il tarixli 3628 saylı bildiriş məktubu göndərilsə də, cavabdeh tərəfindən həmin bildiriş məktubuna heç bir münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh əsas borcu üzrə 10.884,22 manat, faiz borcu üzrə 4737,61 manat olmaqla, cəmi 15.621,83 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 136,87 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, hazırki tələblə məhkəməyə müraciət etmək üçün müddət buraxılmamışdır. Belə ki, 2019-cu ildə eyni tələblə məhkəməyə müraciət olunmuş, Səbail rayon Məhkəməsinin qərardadı ilə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən ərizələri baxılmamış saxlanılmış, onlar cavabdehə rəsmi qaydada müraciət etmişlər ki, borcu ödəsin. Ona görə onlar tərəfindən müddət ötürülməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təqdim edərək öz izahatında göstərmişdir ki, onunla "xxxx" ASC-nin Şabran filialı arasında xx.xx.2014-cü il tarixdə 20.000 manat məbləğində kredit verilməsinə dair müqavilə bağlanılmış, müqavilə müddəti 12 ay müəyyən edilmiş və həmin müqavilə üzrə sonuncu ödəniş 2015-ci ilin may ayında həyata keçirilmişdir. Prezident Fərmanı ilə onun ödənilməmiş borcu 2019-cu ildə silinməli idi. O, hesab etmişdir ki, artıq banka heç bir borcu yoxdur. Ona qarşı iddia isə 7 ildən sonra qaldırılmışdır. Yəni iddia qanunda nəzərdə tutulmuş müddət ötürülməklə ona qarşı irəli sürülmüşdür. Göstərilənləri nəzərə alaraq cavabdeh hazırki tələb üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş üzrə "xxxx" ASC-nin Şabran filialı ilə digər tərəfdən Cavabdeh arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 0284/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə 12 ay müddətinə, illik faiz dərəcəsi 22% ödənilməsi şərtli ilə 20.000 manat məbləğində kredit verilmişdir. İş üzrə xx.xx.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şabran filialından 19900 manat məbləğində vəsait götürmüşdür. İş üzrə "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, borclu Cavabdeh Avtandin oğlunun xx.xx.2017-ci il tarixə olan kredit öhdəliyi üzrə əsas kredit borcu 10.884,22 manat, faiz borcu 4737,61 manat təşkil edir. İş üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx.xx.2018-ci il tarixli, S-FK-SHB-146 nömrəli aktın surətindən görünür ki, borclu şəxs Cavabdeh xx.xx.2014-cü il tarixli, 0284/14 saylı kredit müqaviləsinə dair sənədlər İddiaçı QSC-yə verilmiş, təhvil-təslim olan gününə Cavabdeh kredit öhdəliyi üzrə əsas kredit borcu 10.884,22 manat, faiz borcu 4737,61 manat, cəmi 15.621,83 manat təşkil etmişdir. İş üzrə “X1 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildirişin surətindən görünür ki, Cavabdeh "xxxx" ASC-nin Şabran filialı ilə xx.xx.2014-cü il tarixdə, 0284/14 saylı kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh illik 22% tətbiq edilməklə, 12 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə “X1 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 195-ci maddəsini nəzərə alaraq bildirirlər ki, Cavabdeh ilə "xxxx" ASC-nin Şabran filialı arasında bağlanmış, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə tələb hüquqları “X1 Edilməsi Agentliyi” MMC tərəfindən idarə ediləcək. Məlumat üçün bildirirlər ki, Cavabdeh kredit müqaviləsinə əsasən gecikmədə olan borcu, əsas borcu üzrə 10.884,22 manat, faiz borcu üzrə 4737,61 manat olmaqla, cəmi 15.621,83 manat təşkil edir. Göstərilənlərlə bağlı xəbərdar edirlər ki, 10 gün müddətinə yuxarıda qeyd olunan borcu ilə bağlı ödənişi icra edilsin. Əks təqdirdə, əsas borcu üzrə 10.884,22 manat, faiz borcu üzrə 4737,61 manat, cəmi 15.621,83 manat borcun Cavabdeh tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət olunacaqdır. Əlavə olaraq məhkəməyə müraciət etdiyi günə qədər müqavilə üzrə hesablanmış faizlər də Cavabdeh tələb ediləcəkdir. İş üzrə “X1 Edilməsi Agentliyi” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X1 Edilməsi Agentliyi” MMC həyata keçirir. Məlumat üçün bildirirlər ki, Cavabdeh kredit müqaviləsinə əsasən gecikmədə olan borcu, əsas borcu üzrə 10.884,22 manat, faiz üzrə 4737,61 manat olmqla cəmi 15.621,83 manat təşkil edir. Göstərilənlərlə bağlı xahiş edirlər ki, yuxarıda qeyd olunan borcu ilə bağlı ödənişi tam şəkildə icra edilsin. Qeyd olunan qalıq borc məbləğini bir dəfəyə ödəmək imkanına malik deyilsə, həmin borc qalığının hissəvi şəkildə ödənilməsinə dair Cavabdeh ilə yeni restrukturizasiya müqaviləsinin bağlanmasını təklif etmişlər. Resturkturizasiya müqaviləsinin şərtləri ilə tanış olmaq üçün “X1 Edilməsi Agentliyi” MMC-yə müraciət edə bilər. İş üzrə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2014-cü il tarixli, 0284/14 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən “Aqrarkredit“ QSC-yə ötürülən məbləğ 15.621,83 manat (10.884,22 manat əsas borc və 4.737,61 manat faiz borcu) təşkil etmişdir. Borcun "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə ötürüldüyü tarix – xx.xx.2018-ci ildir. Müştəri Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı QSC-ya olan əsas kredit borcu 10.884,22 manat, faiz borcu 4737,61 manat, cəmi 15.621,83 manat borcu təşkil etmişdir. İş üzrə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 0284/14 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik faiz dərəcəsi 22% ödənilməsi şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanına uyğun olaraq, "xxxx" ASC-nin balansından dövlətə məxsus İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi ilə bağlı S-FK-SHB-146 nömrəli, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən ötürülən kredit üzrə əsas borcun qalığı 10.884,22 manat, kredit üzrə faiz borcunun qalığı 4737,61 manat, cəmi borcun qalığı 15.621,83 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-SHB-146 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh 12 ay müddətinə, illik 22% ödənilməsi şərti ilə 20.000 manat məbləğində borc verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehin borc müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu yaranmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehdən 10.884,22 manat əsas və 4.737,61 manat faiz borcunun tutulmasını tələb edir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi üzrə münasibətlər xx.xx.2014-cü il tarixdə yaranmışdır və borc müqaviləsi üzrə müəyyən qədər ödəniş həyata keçirsə də, iddiaçı borc müqaviləsi üzrə öhdəliklərin icrasını həyata keçirilməsi ilə əlaqədar yalnız xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq ilk növbədə iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnun olub-olmamasına və cavabdehin borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirib-yetirməməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi üzrə öhdəliklərini tamamilə yerinə yetirmədiyindən, iddiaçı həmin öhdəliklərin yerinə yetirilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Lakin məhkəmə iddiaçı tərəfindən borc müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüququqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2). Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kredit müqaviləsinin müddətinin xx.xx.2015-ci il tarixdə bitməsini və həmin müqavilə üzrə yaranmış borcun tutulması ilə bağlı iddianın xx.xx.2022-ci il tarixdə məhkəməyə verilməsini nəzərə alaraq qeyd edir ki, iddiaçı qanunda nəzərdə tutulmuş 3 illik müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin hazırki tələblə 2019-cu ildə məhkəməyə müraciət olunduğunu, lakin işə mahiyyəti üzrə baxılmadığını və ərizənin baxılmamış saxlanılmasını əsas gətirərək iddia müddətinin keçməməsi barədə dəlilləri üzrə qeyd edir ki, hazırki tələblə əvvəllər məhkəməyə müraciət olunması, lakin həmin mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməməsi və iddia ərizəsinin baxılmamış saxlanılması halı iddia müddətinin ötürməməsi anlamına gələ bilməz və bu səbəbdən iddiaçının nümayəndəsinin həmin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə iddiaçı tərəfindən kredit müqavilə üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı 3 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini, müddətin buraxılmaması ilə bağlı dəlillərinin əsassız olmasını, eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə iclasında iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzürlü hal kimi qəbul edilə bilməməsi nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə 10.884,22 manat əsas borcunun və 4.737,61 manat faiz borcunun, ümumilikdə 15.621,83 (on beş min altı yüz iyirmi bir manat, səksən üç qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 136,87 (bir yüz otuz altı manat, səksən yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar