Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1756/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh X4 Təşkilatı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh X4 Təşkilatı MMC qarşı «maddi və mənəvi zərər» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh X4 Təşkilatı MMC qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh X4 Təşkilatı MMC artıq ödənilmiş 205 ABŞ dollarının (290 manat pulun) cavabdeh tərəfindən ona qaytarılması, fərman üzrə düşən kompensasiyanın hesablanaraq ödənilməsi və 1000 manat məbləğində mənəvi zərərin, 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2008-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 3000 ABŞ dolları məbləğində kerdit verilmişdir. Kredit müqaviləsinə 1 saylı əlavə üzrə müəyyən olunmuş vaxtlarda kerditin ödənişlərini həyata keçirmişdir. Müəyyən müddətdə gecikməkdə yol verildiyi üçün 285,82 ABŞ dolları məbləğində cərimə ödəmişdir. Bütün bunlara baxmayaraq 3.08.2010- cu il tarixdə bankın nümayəndəsi onunla əlaqə yaradaraq 353 ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsini, «bu ödənişi də ödə borcun bilsin» deyərək tələb etmişdir. Bankın tələbini nəzərə alaraq həmin ödənişi də etmişdir. Bundan sonra ona cavabdeh tərəfindən borcun tam olaraq ödənildiyinə (borcun sıfırlandığına dair) arayış təqdim edilmişdir. Lakin həmin məsələdən bir neçə giin keçmiş cavabdeh onu məhkəməyə vermişdir. Bu dəfə 28.32 ADŞ dolları əsas, 205.53 faiz borcunun qaldığını bildirmişlər. Borcun haradan və necə yarandığını soruşduqda isə ona konkret olaraq salamat cavab verə bilməmişlər. Buna görə də heç bir ödəniş aparmadı. Bundan sonra cavabdeh onu Qəbələ rayon məhkəməsinə verdi. Məhkəmə 28.32 ABŞ dolları əsas və 205.53 ABS dolları faiz borcunun, 20 manat dövlət rüsumunun ondan tutulmasına dair xx.xx.2010-cu il tarixdə qərar çıxartdı. Qərar icraya yönəldilərək əmək haqqından tutulmalar aparılmışdır (dolların manata 1.70 kursunda) . Bu zaman bir neçə banka daxil olaraq adına borcun olub-olmadığını (respublika üzrə vahid bank portalından,məlumat bazasından) yoxlatmışdır. Hər dəfə adına heç bir borcun olmadığını bildirmişlər. Bundan sonra cavabdehin İsmayıllı rayonunda yerləşən filialına gələrək faizin yaranma səbəbəi barədə məlumat almaq istədi. Ona konkret bir cavab verə bilmədilər. Məsələni daha dəqiq aydınlaşdırmaq ümidi və məqsədi ilə cavabdehin Bakı şəhəri Səbai rayonunda yerləşən baş ofisinə müraciət etdi. Yaranmış faiz borcunun haradan və necə yarandığı barədə ona bir məlumat verə bilmədilər. Əlacsız qalıb yenidən xx.xx.2019-cu il tarixdə cavabdehin İsmayıllı filialının müdiri olan Səxavət adlı şəxsə yaxınlaşdı və ondan bu barədə məlumat almağa çalışdı, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlər üzrə ona şamil olunan kompensasiya və ya güzəştlər barədə məlumat almaq istədi. Lakin həmin şəxs ona qarşı kobud rəftarı ilə «get hara istəyirsən şikayət elə qalan pulu da ödəyəcəksən» cavabını verərək onu yola salmışdır. Bundan sonra, respublika maliyyə bazarlarına nəzarət Palatasında da adına borcun olubolmadığını yoxlatmışdır. Bu vaxt ona belə bir borcun olmadığını bildirmişlər. Göründüyü kimi əsassız olaraq banka 205 ABŞ dolları, 290 manat məbləğində pul ödənişi etdiyindən həmin pul ona geri qaytarılmalıdır. Bundan savayı da fərman üzrə ona kompensasiya ödənilməlidir. Cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirtmişdir. Buna görə də hesab edir ki, ona cavabdeh tərəfindən vurulmuş mənəvi zərərin dəyərini ən azından 1000 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək qeyd etmişdir ki, 2010-cu il tarixdə borcunu bağlamışdır və borcun bitməsi barədə ona arayış verilmişdir. Lakin həmin arayışı hal-hazırda tapa bilmir. Sonradan onun əmək haqqından olan tutulmaların hansı əsasla olması ona aydın deyil. Bu barədə dəfələrlə Cavabdeh BOKT-a müraciət etsə də, ona bu tutulmaların hansı əsaslarla olduğunu izah edən olmamışdır. Hesab edir ki, keçmişdə ödənilmiş olan borc ikinci dəfə əmək haqqından tutulmuşdur. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirk edən Cavabdeh X4 Təşkilatı MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, bu barədə Qəbələ Rayon Məhkəməsinin 2010-cu il tarixdə çıxarılmış, qanuni qüvvəsini alaraq icraya yönəldilmiş qətnaməsi vardır. İddiaçı tərəfindən ən son xx.xx.2010-cu il tarixdə 28,32 ABŞ dolları ödəniş edilmişdir. Lakin həmin qətnaməyə əsasən, tutulmuş 205.53 ABŞ dolları borc ödənilməmişdir. 2018, 2019, 2020ci il tarixlərdə əmək haqqından tutulmalarla həmin borc da artıq bitmişdir. Beləliklə, iddiaçının banka qarşı borcu qalmamışdır. Təqdim etdiyi arayışdan və qətnamədən görünür ki, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi icra olunmuşdur. İddiaçı tərəfindən qətnamədə göstəriləndən əlavə heç bir ödəniş olmamışdır. Bu səbəbdən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Qəbələ rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(025)- 314/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 2008-ci il tarixli Caism 26447/08 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilmiş xx.xx.2010-cu il tarixə ödənilməmiş 28.32 ABŞ dolları əsas borc, 205.53 ABŞ dolları faiz borcu və 20 manat dövlət rüsumu müştərək qaydada tutulmuşdur. Mülki Prosessual Qanunverciliyinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Hazırda iddiaçı qətnamə üzrə ödədiyi pulun bankdan geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan borcu ödədikdən sonra mübahisələndirilməyini məqbul saymır. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Tələbin mənəvi ziyanla bağlı hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmadığı qənaitinə gəlindiyi, habelə iddiaçı tərəfindən ona konkret hansı mənəvi iztirabların vurulması müəyyənləşdirilmədiyindən əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1756/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1756/2020
13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver