Məhkəmə qərarları › İş №2(009)-1766/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1766/2023

14.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1766/2023 14.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilə köçürmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Oktay qızına qarşı «paylı mülkiyyətdə olan yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilində təqdim olunmuş layihədə göstərilən sahəsi 15 kv.m olan yataq otağının cavabdehin, sahəsi 14 kv.m olan yataq otağının iddiaçının istifadəsində, sahəsi 30 kv.m olan qonaq otağının, sanitar qovşağının, mətbəxin, giriş hissəsinin və eyvanın ümumi istifadədə olmaqla istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil atalarına məxsusdur. Atalarının vəfatından sonra həmin mənzili ƏMDX-nin DƏRK və R-i Publik Hüquqi şəxsinin verdiyi xx.xx.2023-cü il tarixli çıxarış əsasında mənzilin ½ hissəsinə iddiaçının, ½ hissəsinə isə Cavabdeh Oktay qızının adına rəsmiləşdirilmişdir. Qeyd olunan mənzil 30 kv.m sahəsi olan qonaq otağından, 24 kv.m sahəsi olan mətbəxdən, 14 kv.m və 15 kv.m sahəsi olan 2 yataq otağında girişdən, sanitar qovşaqdan və 30 kv.m olan eyvandan ibarətdir. Cavabdeh iddiaçının həmin mənzildə yaşamağına narazılıq etdiyi üçün iddiaçı paylı mülkiyyətdə olan həmin mənzildəki payını real bazar qiyməti ilə almağı cavabdehə təklif etmişdir, lakin cavabdeh iddiaçının payını almaqdan imtina etmişdir. Belə olan halda iddiaçı məhkəmədən gələcəkdə mübahisələr olmaması üçün paylı mülkiyyətdə olan mənzildən istifadə qaydasını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinə köçürülməyi, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilində texniki pasportda göstərilən sahəsi 13.6 kv.m olan yataq otağının iddiaçının, sahəsi 17 kv.m olan yataq otağının cavabdehin istifadəsinə, sahəsi 36.8 kv.m olan qonaq otağının, sanitar qovşağının, mətbəxin, giriş hissəsinin və eyvanın ümumi istifadədə olmaqla istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının Bakıda yaşamamasını, Bakıda işləməməsini, cavabdehin uşağının xəstə olması, cavabdehin miras payından idddiaçının xeyrinə imtina etməsi, tərəflər arasında mübahisənin olmasını, iddiaçının adına müxtəlif mənzillərin olması, iddiaçının mübahisəli mənzildə deyil ünvan 2 ünvanda anadan olub qeydiyyatla yaşamasını əsas gətirərək iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında iddiaçının mülkiyyət hüququnun pozulduğunu, qanunvericiliyin müddəalarına uyğun olaraq mənzilə köçürülmə və qanuni istifadə qaydalarının müəyyən olunması tələbini qoyduqlarını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, yalnız özünün qeyd etdiyi məbləğdə pulun veriləcəyi təqdirdə mənzildən imtina edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 mənzilə köçürülməyə etiraz etdiyini, bunun formal xarakter daşıyacağını, iddiaçının başqa yerdə yaşadığını, bir yerdə daimi yaşaya bilməyəcəklərini, 180.000 manat məbləğində pulun veriləcəyi təqdirdə mənzildən iddiaçının xeyrinə imtina edəcəyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1997-ci il tarixdə tərtib edilmiş Texniki pasportun surətindən görünür ki, ünvan 1 X2 mülkiyyətində olmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90.58 kv.metr sahədən ibarət olan yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ½ hissə olmaqla, xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh oğlunun ½ hissə olmaqla, mülkiyyət hüququ verilmişdir. İş materiallarında olan ƏMDX-nin DƏRK və R-i Publik Hüquqi şəxsinin verdiyi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi xüsusi mülkiyyət hüququ üzrə Bakı şəh, Nəsimi r-nu, AK. Mirqasımov küç, 972-ci məhəllə, mənzil 113 (Mirəsədulla Mirqasımov küç, M 15, m 1) X1 mülkiyyətində olmuşdur. Onun vəfatından sonra vərəsə Cavabdeh Oktay qızı xx.xx.2019-cu il tarixli 1 saylı notariat ofisinin 8İ-22661saylı sənədinə əsasən notarial qaydada həmin mənzildən qardaşı vərəsə İddiaçı tam vərəsəlik almasına etiraz etməmişdir və vərəsəlikdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Rusiya Federasiyasının notarial qaydada təsdiqlənmiş sənədinə əsasən X4 ona məxsus Rusiya Federasiyası, Moskva şəhəri, Perovskaya küç, ev 25, mənzil 32 yerləşən mənzilini oğlu İddiaçı bağışlamışdır. Məhkəmənin 18 sentyabr 2023-cu il tarixli Dövlət Sərhəd Xidmətinə İddiaçı barəsində ölkəyə giriş-çıxışı barəsində ünvanladığı sorğuya cavab olaraq Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli 3-38-33/2-3831/23 saylı məktubla cavab olaraq bildirilmişdir ki, İddiaçı sonuncu dəfə dövlət sərhədindən xx.xx.2023-cü il tarixinda Rusiya istiqamətində giriş etmiş və xx.xx.2023-cü il tarixində isə çıxış etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TQS- 027 saylı Ambulator kitabçadan çıxarışına əsasən Cavabdeh oğlu xx.xx.2009-cu il təvəllüdlü X3 birləşmiş səs və çoxsaylı hərəkət səyrimələri pozuntusu (turett sindromu) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə hesab edir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı ünvan 1 köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Mülki qanunvericiliklə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşyanın onlara ümumi mülkiyyət hüququ əsasında mənsub olması müəyyən edilmişdir (Mülki Məcəllənin 213.1-ci maddəsi). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Göründüyü kimi ümumi paylı mülkiyyətdə olan əşya ilə əlaqədar yaranmış mübahisələrin, məhz paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması tərəflər arasında mümkün olmazsa onda məhkəmədə mübahisələndirə bilər. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi 1 saylı evin 50 saylı mənzilinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar