Məhkəmə qərarları › İş №2(009)-1771/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-1771/2021

23.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-1771/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 – Cavabdeh qarşı «zərər» barədə iddia tələbinə dair mülki işə Bakı şəhərində açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 – Cavabdeh qarşı «zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000.000 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin «iddianın aidiyyəti məhkəməyə göndərilməsi» barədə ərizəsi 22.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırmışdır ki, Nərimanov rayon Məhkəməsinin icraatında eyni tərəflər arasında eyni predmet və əsaslar üzrə mübahisəyə dair mülki iş icraata götürülüb və 18 iyun 2021-ci il tarixdə iddianın təmini tədbiri barədə qərardad çıxarılmışdır. Bu səbəbdən hər iki mülki işin bir icraatda baxılması üçün hazırki mülki işin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdehin vəsatətinə əlavə edilmiş Nərimanov rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı1 Cavabdeh və qeyrilərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar keçirilmiş hərrac nəticəsində onlara dəymiş ziyanın cavabdehdən tutulmasını xahiş edirlər. Nərimanov rayon Məhkəməsində olan iddia tələbinin “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” olduğunu və hazırki tələbin əsasında da məhz keçirilmiş hərracın nəticələri dayandığını nəzərə alaraq məhkəmə hesab edir ki, hər iki tələb bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Nərimanov rayon məhkəməsinin icraatında olan mülki işlə hazırki mülki iş bir-biri ilə əlaqəli olduğundan və Nərimanov rayon məhkəməsinin icraatına götürülmüş iddia ərizəsi hazırki iddia ərizəsindən daha əvvəl icraata götürüldüyündən hazırkı mülki iş Nərimanov rayon məhkəməsinin icraatında olan mülki işlə birləşdirilməsi və bir yerdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 44-45, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı1 və İddiaçı2 – Cavabdeh qarşı «zərər» tələbinə dair 2(009)-1771/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdehlər “xxxx” MMC-yə, Binəqədi rayon icra şöbəsinə və Cavabdeh qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair 2(005)-3335/2021 saylı mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar