Məhkəmə qərarları › İş №2(009)-1780/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1780/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1780/2021 07.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi M.M.Dursunovun iştirakları ilə İddiaçı cavabdeh “xxxx”xxxx” MMC-yə qarşı gözəştli şərtlərlə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx”xxxx” MMC-yə qarşı gözəştli şərtlərlə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, uzun illər ərzində “xxxx”xxxx” MMc ilə kredit münasibətlərində olaraq həmin təşkilatla əməkdaşlıq etmişdir. Belə ki, o, cavabdehdən müəyyən müddətə kredit götürərək öz işlərini həyata keçirir, sonradan kredit borcunu tam ödədikdən sonra yeni kredit məbləği götürərək yeni müqavilə bağlayır və bu minvalla əməkdaşlıq edirlər. Cavabdehlə onun arasında sonuncu kredit müqaviləsi 26.03.2014-cü il tarixdə bağlanılmışdır ki, bu müqaviləyə əsasən bank tərəfindən ona 6370 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin başa çatma müddəti 04.04.2016-cı il tarixi müəyyən edilmişdir. Lakin qeyd edilən dövrdə baş vermiş qlobal maliyyə böhranı, habelə Azərbaycan manatının devalvasiyaya uğraması səbəbindən onun da maliyyə durumun kəskin şəkildə pisləşmiş və onun bank qarşısında ödənişlərin həyata keçirilməsində problemləri yaranmışdır. Buna baxmayaraq o, bank qarşısında borclu qalmaq və borcunun artmasının qarşısını almaq məqsədilə başqa şəxsdən aldığı borc müqabilində aldığı kredit məbləğini 2015-ci ilin ortalarında manatla olmaqla əvvəlki məzənnə ilə bağlamış və 5000 manatdan artıq pul məbləğini cavabdehə köçürmüşdür. Nəticədə, onunla cavabdeh arasında Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə dəyişməsi nəticəsində yaranmış fərq məbləği qalmışdır. Ancaq məlum olduğu kimi məhkəmə qətnaməsinin çıxarıldığı müddətdən sonra ölkə başçısının məlum fərmanı ilə fiziki şəxslər tərəfindən vaxtı keçirilmiş kreditlərlə bağlı müvafiq hüquqi tənzimləmə aparılmışdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının 6-cı bəndində banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmana uyğun olaraq “xxxx”xxxx MMC ilə onun arasında bağlanılmış 26.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə ona ayrılmış kredit üzrə qalıq borc məbləği də restrukturizasiya edilmişdir. Lakin restrukturizasiya nəticəsində onun borcu silinməli olduğu halda, o, cavabdeh tərəfindən aldadılmış və onun borcunun bir hissəsinin qaldığı bildirilərək həmin borcla bağlı onunla yeni kredit müqaviləsi bağlanılmışdır. Belə ki, “xxxx”xxxx MMC-nin nümayəndələri kredit borcunun restrukturizasiya olunduğunu, nəticədə onun borcunun bir hissəsinin qaldığını bildirmiş və bununla bağlı “xxxx”xxxx MMC ilə onun arasında 26.12.2019-cu il tarixli, CABar 140608/19 saylı yeni güzəştli kredit müqaviləsi, üçüncü şəxs Cavabdeh2 ilə isə həmin kredit müqaviləsinin təminatı olaraq müvafiiq zaminlik müqailəsi bağlanılmışdır. Lakin o, bu müqavilənin mahiyyətinə varmamış və borcunun olmadığını düşünərək hər hansı ödənişi cavabdehə etməmişdir. Nəticədə, cavabdehin müraciətinə əsasən Bərdə Regional ASAN Xidmət Mərkəzinin notariat ofisi tərəfindən 8İ-14708 nömrəli, 11.10.2020-ci il tarixli icra qeydi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanaraq ondan 1755,42 manat borcun, və 20 manat dövlət rüsumunun “xxxx”xxxx MMC-nin xeyrinə tutulması xahiş edilmişdir. Ancaq ona sonradan məlum olmuşdur ki, o, restrukturizasiyadan sonra guya borcunun qalması ilə əlaqədar cavabdeh tərəfindən aldadılmışdır. Onun sorğusu əsasında “xxxx” MMC tərəfindən verilmiş 12.04.2021-ci il tarixli Çıxarışdan görünür ki, onun “xxxx”xxxx MMC-yə olan kredit borcları, o cümlədən “xxxx”xxxx MMC ilə onun arasında 26.12.2019-cu il tarixli CABar 140608/19 saylı yeni güzəştli kredit müqaviləsinin bağlanılmasına əsas olmuş 26.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcu ölkə başçısının məlum Fərmanı əsasında aparılmış restrukturizasiya nəticəsində tam ödənilmişdir. Göründüyü kimi, o, cavabdeh tərəfindən aldadılaraq əsassız şəkildə borcun ödənilməsinə cəlb olunmuşdur. “Halbuki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 4.10.12-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin ********** No-li 27.03.2019-cu il tarixli qərarı qəbul edilmişdir ki,onun aldığı kredit məbləği də həmin qərara əsasən tənzimlənmiş və onun tələblərinə uyğun olaraq restrukturizasiya edilərək qalıq borc məbləği tam ödənilmişdir. Bu səbəblərdən o, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və cavabdehin onunla güzəştli şərtlərlə əsassız şəkildə bağladığı kredit müqaviləsinin ləğv olunmasını xahiş etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı “xxxx”xxxx” MMC ilə onun arasında bağlanılmış 26.12.2019-cu il tarixli, CABar 140608/19 saylı güzəştli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı idda tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, 2014-cü ildə bankdan götürdüyü 6370 ABŞ dolları krediti 2015-ci ildə, yəni müqavilə müddətindən bir il əvvəl 5000 manat pul ödəməklə bağlamışdır. Belə ki, kredit götürən vaxtı dollara manat məzənnəsi ilə krediti 5000 manat təşkil edirdi. 2019-cu ildə Prezidentin Fərmanı ilə devalvasiya ilə bağlı məzənnədə yaranan fərqə görə banka 2143 manat ödəniş də edilmişdir. Yəni onun bankdan götürdüyü kredit tam ödənilmişdir və bu barədə kredit bürosundan çıxarışda da müvafiq qeydiyyat var. Lakin cavabdeh təşkilat ona aldadaraq əlavə olaraq onunla 1762 manat məbləğində güzəştli kredit müqaviləsi bağlamışdır. Ona görə də həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı dəfələrlə müxtəlif vaxtlarda cavabdehdən kreditlər götürmüş, sonuncu kredit 2014-cü ildə ABŞ dolları ilə verilmiş və məbləği 6370 ABŞ dolları olmuşdur. iddiaçı özü də etiraf edir ki, bir ildən sonra banka manat hesabı ilə 5000 manat ödəmişdir. Ödəniş edilən vaxtı ikinci devalvasiya baş verdiyi üçün banka edilən ödəniş iddiaçının bank qarşısında olan öhdəliyi tam bağlamamışdır. 2015-ci ildən sonra isə 2019-cu ilədək iddiaçı tərəfindən banka hər hansı ödəniş edilməmişdir. 2019-cu ildə Prezidentin Fərmanı ilə devalvasiya nəzərə alınmaqla fərq kimi müəyyən edilən 2143,98 manat banka keçirilmiş, lakin həmin vaxtı iddiaçının banka olan borcu yüksək olduğundan iddiaçının özünün də razılığı ilə ödənilməyən qalan 1762 ,39 manat həddində tərəflər arasında güzəştli kredit müqaviləsi bağlanılmış, əvvəlki kredit müqaviləsi ilə öhdəliklər tam icra olunmuşdur. Yəni iddiaçının onu aldadaraq həmin müqavilənin bağlatması barədə dəlilləri əsassızdır. Cavabdehin nümayəndəsi göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxs Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşdə olan “xxxx”ndan çıxarışın kserosurətinə əsasən, İddiaçı 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə “xxxx” BOKT MMC qarşısında 1445,42 manat məbləğində aktiv kredit öhdəliyi mövcuddur. İş üzrə Bərdə rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(021)-1306/2021 saylı qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər “xxxx”xxxx MMC-yə, Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə regional Asan Xidmət Mərkəzinin notariat kontoruna, İddiaçı qarşı 11 oktyabr 2020-ci il tarixli 8İ-14709 saylı İcra qeydinin ləğvi və borcun tam silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh kredit təşkilatından 28.02.2014-cü il tarixdə 6370 ABŞ dolları məbləğində kredit götürülmüş, AR Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq həmin kredit müqaviləsi üzrə banka 2143,98 manat kompensasiya kimi pul keçirilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 26.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında güzəştli kredit 26.12.2019-cu il tarixdə bağlanılsa da, iddiaçı həmin müqaviləsinin etibarsızlığı ilə bir ildən çox müddət keçdikdən sonra, yəni 14.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək üçün bir ililk müddəti ötürmüşdür və bu səbəbdən onun tələbi bu əsasa görə təmin edilməməlidir. Məhkəmə eyni zanamad qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsassız olduğuna görə də təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh “xxxx” BOKT MMC arasında 28.03.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və cavabdehə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının cavabdehlə bağladığı 28.03.2014-cü il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fixiki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28.02.2019-cu il tarixli, 551 saylı Fərmanının təsiri altına düşmüş və həmin Fərmana görə cavabdehə 2143,98 manat məbləğində kompensasiya hesablanmışdır. Hesablanmış kompensasiya məbləği iddiaçının bank qarşısında olan öhdəliyinə yönəldilmiş və həmin kompensasiya hesabına iddiaçının bank qarşısında olan borcun bir hissəsi bağlanılmışdır. Lakin kompensasiya ödənildikdən sonra iddiaçının bank qarşısında olan öhdəliyi tam ödənilmədiyi üçün, yerdə qalan məbləğin (1762,39 manat) restrukturizasiyası həyata keçirilmişdir. Bununla əlaqədar iddiaçı ilə cavabdeh arasında yeni müqavilə, yəni 26.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsi bağlanılmış və iddiaçının əvvəlki kredit müqaviləsi üzrə qalıq borcu güzəştli kredit müqaviləsinə əsasən verilən pul vəsaiti hesabına bağlanmışdır. Beləliklə iddiaçının 26.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin bir hissəsi kompensasiya hesabına, digər hissəsi isə restrukturizasiya edilərək tərəflər arasında yeni güzəştli kredit müqaviləsinin imzalanması yolu ilə tam bağlanmışdır. Göründüyü kimi iddiaçı 26.12.2019-cu il tarixli güzəştli kredit müqaviləsinin aldatma ilə bağlanmasını iddia etsə də, bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. AR Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında güzəştli kredit müqaviləsinin bağlanmasının məqsədi yuxarıda göstərilən Fərmanın icrasını həyata keçirmək və iddiaçının qarşılaşdığı maliyyə çətinliyinin aradan qaldırılması məqsədi daşımışdır. Yəni cavabdeh faktiki olaraq güzəştli kredit müqaviləsini bağlamaqla hər hansı fayda götürmək deyil, iddiaçının ABŞ dolları ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yüngülləşdirmək və gələcəkdə yeni devalvasiya baş verdiyi halda onu əlavə maliyyə itkilərindən qorumaq məqsədi daşımışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığı üçün iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx”xxxx MMC-yə qarşı 26.12.2019-cu il tarixli, CABar 140608/19 sayl güzəştli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar