Məhkəmə qərarları › İş №2(009)-1794/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1794/2023

01.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1794/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şabətdinov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona vurulan zərərə görə 1010 avro məbləğində pulun məhkəmənin qətnaməsinin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi avronun Azərbaycan Respublikasının manatına nisbətdə məzənnəsi əsas götürməklə Azərbaycan Respublikasının manatı ilə hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin Polşa Respublikasında vətəndaşları işə düzəltmək adı altında yerləşdirdiyi saxta elana inanaraq ünvan 1 ünvanı Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 24, m. 8, əlaqə nömrələri ***-***-**-**) həmin şirkətə yaxınlaşdı və aralarında 26 iyul 2022-ci il tarixli xidmətlərin göstərilməsi haqqında müqavilə bağlandı. O həmin tarixdə şirkətə 650 avro pul ödədi və şirkət bunun müqabilində ona tezliklə Polşa Respublikasında işlə təmin edəcəyini öhdəsinə götürdü. Şirkət tərəfindən ona iş dəvətnaməsi adı altında xx.xx.2022-ci il tarixli sənəd verildi və o buna görə əlavə olaraq 200 avro şirkətə ödəniş etdi. Yuxarıda qeyd olunanlardan əlavə Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində, o, qəbula düşmək üçün 80 avro pul da ödədi. Lakin sonunda səfirlik tərəfindən ona imtina cavabı verilmişdir. Bundan sonra onunla şirkət arasında 21 sentyabr 2022-ci il tarixdə xidmətlərin göstərilməsi haqqında növbəti müqavilə bağlandı. Daha sonra yenidən şirkət tərəfindən ona iş dəvətnaməsi adı altında xx.xx.2022-ci il tarixli sənəd verildi və o, yenidən Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində qəbula düşmək üçün 80 avro pul ödədi. Yenidən səfirlik tərəfindən ona imtina cavabı verildi. Cavabdeh MMC-nin saxtakarlığını gördükdən sonra o, cavabdeh şirkətdən ödədiyi pulları geri tələb etsə də, şirkət onun pullarını geri qaytarmamışdır. Onunla şirkət arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilərdən görünür ki, ’’Turagent” adlandırılan Cavabdeh MMC əslində işə düzəltmə şirkəti deyil, turistin sifarişinə uyğun kompleks turizm xidmətlərini təqdim edən bir şirkətdir. Həmin şirkət işə düzəltmə adı altında insanları aldadaraq pullarını ələ keçirməklə məşğuldur. İş dəvətnaməsi adı altında ona təqdim edilən sənədlərin həqiqətən Polşa Respublikasından daxil olduğu, həmin sənədlərin, oradakı möhürlərin, imzaların saxta olub-olmadığı araşdırılmalıdır. Həmin sənəd başqa dildə tərtib olunduğundan, ona tərcümə edilmədən verildiyindən həqiqi məzmunu şübhə altındadır. Növbəti şübhəli məqam odur ki, şirkət tərəfindən ona təqdim edilmiş viza verilməsindən imtina sənədi Polşa Respublikasını dövlət dilində tərtib olunmaq əvəzinə rus dilində tərtib edilmişdir. Həmin sənədin də saxta olub-olmadığı şübhə altındadır. Ona görə də, xx.xx.2022-ci il tarixdə Baş Prokurorluğun 961 saylı qaynar xəttinə zəng edərək bu şirkətin etdiyi hərəkətlər barəsində məlumat verərək bu işin icraata götürülməsini xahiş etdi və ona bildirildi ki, Prokurorluğun vəzifə səlahiyyətlərinə aid olmadığı üçün bu kateqoriyalı işlər mülki məhkəmə qaydasında həll olunmalıdır. Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğuna tərəflərindən müraciət edilərək Cavabdeh MMC-nin qanunsuzluqları ilə əlaqədar zəruri araşdırmanın aparılması, həmin şirkətin barəsində qanunamüvafiq tədbirlərin görülməsi və ona dəyən ziyanın ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Həmin müraciət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə göndərilmiş, daha sonra müraciət araşdırılması üçün Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon polis idarəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon polis idarəsinin Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı Ramil Sadıqovun 01,07.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmələri bildirilmişdir. Həmin qərarda təhqiqatçı göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ilə bağlı mübahisə mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalıdır. Ona görə də, o, məcbur olaraq zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh MMC tərəfindən ona vurulan zərərə görə 1010 (min on) avro məbləğində pul məhkəmənin qətnaməsinin çıxarıldığı gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi avronun Azərbaycan Respublikasının manatına nisbətdə məzənnəsi əsas götürülməklə Azərbaycan Respublikasının manatı ilə hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, məhkəməyə etirazını təqdim edərək göstərmişdir ki, iddia tələbi qanunsuz və əssassız olduğundan təmin edilməməlidir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində göstərilən 1010 (min on) avro məbləğində pulun tələb edilməsi tamamilə qanunsuzdur. Belə ki, iddiaçıya işçi-viza dəstəyi göstərilmiş, xidmət şərtləri və xidmət haqqının 850 avro olduğu ona izah olunmuş, iddiaçı bütün şərtlərlə razı olmuş, iddiaçı ilə Cəmiyyət arasında hüquq və öhdəliklər qabaqcadan və qarşılıqlı şəkildə müəyyən edilməklə müqavilə bağlanmış, müqavilə şərtinə əsasən sənədləşmə işinə görə viza alınmasından imtina cavabı alınacağı təqdirdə iddiaçıya tam ödəniş qaytarılacağını, başqa bir səbəbə görə viza alınmasından imtina gəldiyi təqdirdə 850 avrodan 200 avro geri qaytarılacağı bildirilmişdir. Müqavilənin şərtinə uyğun qaydada müvafiq sənədlər toplanaraq aidiyyəti üzrə Polşa Səfirliyinə müraciət edilmişdir. İlk müraciətə aidiyyəti qurum tərəfindən imtina edilmiş və imtinada iddiaçının özünə inamsızlıq göstərildiyi bildirilmişdir. İddiaçının təkidi ilə heç bir əlavə iddiaçı tərəfindən ödənilmədən yenidən aidiyyəti üzrə müraciət edilmişdir. Lakin buna baxmayaraq, iddiaçıya yenidən imtina cavabı verilmişdir. İddiaçıya imtina cavabının verilməsi, onlar tərəfindən sənədlərin düzgün tərtibatı ilə bağlı olmamışdır. Hər iki halda imtinada iddiaçının özünün şəxsi keyfiyyətləri ilə bağlı ona inamsızlıq göstərildiyi bildirilmişdir. Halbuki iddiaçının müraciəti ilə eyni vaxtda digər müştərilər şirkətin iş dəvətnaməsi əsasında viza almış, təkcə iddiaçıya cavabı verilmişdir. Bundan sonra müqavilə üzrə xidmət haqqı olan 200 avronun iddiaçıya qaytarılması məqsədilə İddiaçı ofisə dəvət edilmiş və ona hüquqları barədə məlumat verilərək ancaq xidmət haqqının geri qaytara biləcəklərini bildirmişlər. Buna baxmayaraq, iddiaçı ödənilən məbləğin hamısını və əlavələrini tələb etməyə başlamışdır. Bunun qeyri-mümkün olduğunu bildirsələr də, bununla razılaşmayaraq ofisdən ayrılmışdır. Öhdəliklərin müqavilə əsasında müəyyən edilməsinə, Cəmiyyət tərəfindən müvafuq xidmətin göstərilməsinə baxmayaraq məhkəmədə bu cür iddia qaldırması tamamilə qanunsuz və əsassız olduğundan hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı X4 cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi və vətəndaş X2 və övladı İddiaçı Şəbətdinoviçə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. İş materiallarında olan imtina məktubundan görünür ki, Polşa Səfirliyi tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan 26 iyun 2022-ci il tarixli xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə doğulmuşdur. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı ilə Cəmiyyət arasında hüquq və öhdəliklər qabaqcadan və qarşılıqlı şəkildə müəyyən edilməklə müqavilə bağlanmışdır. Müqavilənin şərtinə uyğun qaydada müvafiq sənədlər toplanaraq aidiyyəti üzrə müraciət edilmişdir. İlk müraciətə aidiyyəti qurum tərəfindən imtina edilmiş, iddiaçının təkidi ilə heç bir əlavə iddiaçı tərəfindən ödənilmədən yenidən aidiyyəti üzrə müraciət edilmişdir. Lakin buna baxmayaraq iddiaçıya imtina cavabı verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı ilə şirkət arasında bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilə, ’’Turagent” adlandırılan Cavabdeh MMC əslində işə düzəltmə şirkəti deyil, turistin sifarişinə uyğun kompleks turizm xidmətlərini təqdim edən bir şirkətdir. Həmin şirkət işə düzəltmə adı altında insanları aldadaraq pullarını ələ keçirməklə məşğuldur. İş dəvətnaməsi adı altında ona təqdim edilən sənədlərin həqiqətən Polşa Respublikasından daxil olduğu, həmin sənədlərin, oradakı möhürlərin, imzaların saxta olub-olmadığı araşdırılmalıdır. Bu səbəbdən iddiaçı ona dəyən zərərin əvəzi kimi 1010 evro cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC müqavilənin şərtinə uyğun qaydada müvafiq sənədlər toplanaraq aidiyyəti üzrə müraciət edilmişdir. İlk müraciətə aidiyyəti qurum tərəfindən imtina edilmiş, iddiaçının təkidi ilə heç bir əlavə iddiaçı tərəfindən ödənilmədən yenidən aidiyyəti üzrə müraciət edilmişdir. Lakin buna baxmayaraq iddiaçıya imtina cavabı verilmişdir. Bundan sonra müqavilə üzrə xidmət haqqı olan 200 Avronun iddiaçıya qaytarılması məqsədilə İddiaçı ofisə dəvət edilmiş və ona hüquqları barədə məlumat verilərək ancaq xidmət haqqının geri qaytara biləcəklərini bildirmişlər. Buna baxmayaraq iddiaçı ödənilən məbləğin hamısını və əlavələrini tələb etməyə başlamışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cəmiyyət arasında hüquq və öhdəliklər qabaqcadan və qarşılıqlı şəkildə müəyyən edilməklə müqavilə bağlanmışdır. Müqavilənin şərtinə uyğun olaraq müvafiq sənədlər toplanaraq aidiyyatı üzrə müraciət edilmişdir. Belə ki, Cavabdeh MMC-nin qanunvericiliyinə əsasən iddiaçının qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Müqavilə üzrə xidmət haqqı olan 200 Avronun iddiaçıya qaytarılması məqsədilə İddiaçı ofisə dəvət edilmiş və ona hüquqları barədə məlumat verilərək ancaq xidmət haqqının geri qaytara biləcəklərini bildirmişlər. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən edilir, mübahisə halında isə məhkəmə tərəfindən. Hazırki iş üzrə göründüyü kimi iddiaçı cavabdehə ödədiyi 1010 evro məbləğində pulu tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi 1010 evro pulun tutulması əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə habelə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar