Məhkəmə qərarları › İş №2(009)-1815/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1815/2025

11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1815/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh QSC-yə qarşı “zərər” tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdeh QSC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 690,12 manat mənəvi zərərin və 30 manat hüquqi yardım üçün ödənilmiş pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehə məxsus Toyota Prius markalı, ** AC *** dövlət nömrə nişanlı avtomobil hərəkətdə olduğu zaman xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus olan Mercedes Benz markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, bundan sonra iddiaçının avtomobili qarşıda hərəkət olan digər avtomobilə dəymişdir. "xxxx" ASC tərəfindən 3915 manat zərər hesablanmış və 3224,88 manat ödəniş edilmişdir. Sığorta şirkətindən bildirmişdirlər ki, hadisə zamanı başqa bir avtomobilə də zərər dəydiyi üçün onlar tərəfindən mütənasiblik tətbiq edilir və bu səbədən ona 3224,88 manat ödəniş edilir. İddiaçıya dəymiş zərər tam bağlanmadığından qalan 690,12 manat zərər əvəzi də cavabdehdən tutulmalıdır. Cavabdeh etirazda qeyd etmişdir ki, iddiaçının özünün qeyd etdiyi məlumata əsasən dəymiş zərəri sığorta şirkətindən tələb etmiş lakin, pul ona tam ödənilməmişdir. Belə olan halda iddiaçı dəymiş zərəri MMC-dən deyil sığorta şirkətindən tələb etməlidir. Həmçinin bu zaman zərərin məhz iddia həcmdə olmasını sübut etməlidir. Bu isə öz növbəsində, Sığorta Şirkətini məsuliyyətə cəlb etmədən mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: İXP 717089 inzibati xəta haqqında protokolun və TP ******* inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Toyota Prius markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2025-ci il tarixli sığorta aktında qeyd edilir ki, Cavabdeh QSC-yə məxsus Toyota Prius markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta edilmişdir, “Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3915 manat təşkil edir və 3224,88 manat mütənasib qaydada sığorta ödənişi zərərçəkmiş şəxs X2 hesabına köçürülmüşdür. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 18 mart 2025-ci il tarixli etibarnaməyə əsasən X3 “Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sərəncam hüququnu İddiaçı etibar etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 Cavabdeh QSC-də sürücü vəzifəsini yerinə yetirərkən QSC-yə məxsus nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə və başqa bir avtomobilə zərər vurmuşdur. “Mercedes Benz C 180” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 3915 manat məbləğində qiymətləndirilmiş və həmin məbləğdən 3224,88 manat sığorta ödənişi avtomobilin sahibinə edilmiş, qalan məbləğ isə digər zərərçəkmişə ödənilmişdir. Sığorta şirkəti iki avtomobilə dəymiş zərəri mütənasib şəkildə qarşılayaraq 5000 manat məbləğində sığorta ödənişini tam ödəmişdir. Lakin iddiaçıya hadisə nəticəsində 3915 manat dəyərində zərər dəymişdir. Bu səbəbdən həmin məbləğdən sığorta şirkəti tərəfindən ödənilən məbləğ çıxılmaqla qalan 690,12 manat məbləğində zərərin əvəzi zərərvuran qismində cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı”nda qeyd edilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Mercedes Benz C 180 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 olmasına baxmayaraq, hazırki iddiaçı sözügedən əmlaka dəymiş zərəri tələb etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, mülkiyyətçi D.Zeynalov sözügedən əmlaka dair İddiaçı sərəncam hüququnu verməklə eyni zamanda onun əmlakdan sahiblik və istifadə hüququnu da tanımışdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 dekabr 2017-ci il tarixli Qərarında Plenum göstərmişdir ki, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Azərbaycan Respublikası MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh QSC-dən 690,12 manat zərərin əvəzi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar