Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-182/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçıQSC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli 012A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1582.69 manat məbləğində kredit borcu, 10.16 manat məbləğində faiz borcu və 400.43 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1993 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 39.93 manat dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırılmışdır ki, Cavabdeh qızı İddiaçı QSC ilə 30.12.2019-cu il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1590.88 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 05.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 8.19 manat ödəniş etmiş və onun iddiaçıya 1582.69 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmağı üçün 20.10.2021-ci il tarixə 253 gün üçün hesablanmış faiz borcu 10.16 manat təşkil edir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq 24.01.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, iddia tələblərini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı QSC ilə borclu Cavabdeh arasında 30 dekabr 2019-cu il tarixli № 012A********** saylı kredit müqaviləsi bağlanaraq borcalana 60 ay müddətinə, aylıq faiz dərəcəsi 0.0833% olmaqla, 1590.88 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş planına əsasən Cavabdeh borcunu 05 fevral 2020-ci il tarixdən başlamalı, 07 yanvar 2025-ci il tarixdə biirtməli idi. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit razılaşması üzrə əsas məbləğ üzrə borcu 1582.69 manat, faiz üzrə borc 10.16 manat, cərimə borcu 400.43 manat, cəmi borcu 1993.28 manat təşkil edir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh kredit verilmiş, Cavabdeh kredit və kreditə hesablanmış faiz borclarını vaxtı-vaxtında qaytarmamış və tərəflər arasında mübahisə də məhz borc məbləginin vaxtında qaytarılmaması nəticəsində yaranmışdır. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıda sadalanan qanunvericilik normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli 012A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə aylıq faiz dərəcəsi 0.0833% olmaqla 1590.88 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda tam ödəniş etməmiş və bununla da, öhdəliyin lazımınca icra etməmiş və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, iddiaçı kredit müqaviləsi üzrə yaranmış 1582.69 manat əsas, 10.16 manat faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin cavabdehlərdən 400.43 manat məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 158 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün cavabdehdən İddiaçı QSC-nin xeyrinə 1582,69 manat məbləğində kredit borcu, 10.16 manat məbləğində faiz borcu və 158 manat məbləğində cərimə borcu və iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün ödənilmiş 39.93 manat dövlət rüsumunun əvəzi olaraq pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 30.12.2019-cu il tarixli, 012A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1582,69 (bir min beş yüz səksən iki manat altmış doqquz qəpik) manat məbləğində əsas borcu, 10,16 (on manat on altı qəpik) manat məbləğində faiz borcu, 158 (yüz əlli səkkiz) manat məbləğində cərimə borcu və ödənilmiş 39,93 (otuz doqquz manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-182/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-182/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver