Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1833/2020 29.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh, 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi R.A.Hüseynovun iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Ermənistan Silahlı Qüvvələrinin işğalçı siyasəti nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün olaraq Bakı şəhərinə gəlmişdir, 2000-ci ildə ailə qurduqdan bəri Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu,198 ünvanında yerləşən yataqxanada yaşayır və 2010-cu ildən müvəqqəti qeydiyyata alınmışdır. Keçmiş əri Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 adlı övladları olmuşdur. Lakin, bir neçə ildən sonra aralarında olan ailə münasibətləri pozulduğu və kəskin xasiyyət uyğunsuzluğu yaranmışdır. Hətta Cavabdeh onu övladı ilə birlikdə evdən qovmuşdur. Belə olan halda, o, aralarında olan nikahın pozulması üçün Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-184/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında cavabdehlə aralarında olan nikah münasibətlərinə son qoyulmuş, övladı xx.xx.2008-ci il təvəllüdlü X2 onun yanında saxlanılmış və cavabdehdən övladı xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh onu və övladını evdən qovduqdan sonra çarəsiz şəkildə bir müddət qohumlarının evində yaşamış və sonuncu dəfə isə ünvan 2 mənzil 15 ünvanında yerləşən ata evinə gəlmişdir. Bu günədək də həmin ünvanda övladı ilə birlikdə yaşayır. Məcburi köçkün olduqları üçün sözügedən mənzil cənab X7 tərəfindən atasına verilmişdir. Lakin, ailə tərkibi baxımından həmin evdə yaşamaqlarında çətinlik yaranır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun və övladı xx.xx.2008-ci il təvəllüdlü X1 Cavabdeh yaşadığı və Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 198 ünvanında yerləşən yataqxananın mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqları müəyyən edərək, həmin mənzilə köçürülməsi və həmin mənzildə istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək öz izahatında göstərmişdir ki, o məcburi köçkün kimi həmin yataqxanada qeydiyyatdadır. Övladı və Elyanənin əvvəl yaşdığı mənzilə köçmələrinə və yaşamalarına etiraz etmir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi X6 öz izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 435s saylı sərəncamına əsasən SOCAR-ın X5 Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və yeyriyaşayış sahələri, eləcə də onlara aid bütün sənədlər Bakı şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Yəni həmin yataqxanalar iddiaçı və cavabdeh məcburi köçkün kimi həmin yaşayış sahəsində qeydiyyata alındıqları vaxt “SOCAR”ın balansında olsa da, hazırda Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib,iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin kserosurətrindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 adlı uşağı var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-184/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat şöbəsində bağlanmış və 248 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş üzrə nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İş üzrə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, məcburi köçkün ailələrinin mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına, eyni zamanda bu sahənin tənzimlənməsi və inkişafı məqsədilə qəbul olunmuş Dövlət Proqramına, habelə müxtəlif vaxtlarda həmin Dövlət Proqramına edilmiş Əlavələrə əsasən mərhələli qaydada həyata keçirilir. İlkin mərhələdə Azərbaycan Respublikası Fəvqəladə Həllar Nazirliyi tərəfindən texniki rəy verilmiş, yaşayış üçün ciddi təhlükə doğuran, qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkün ailələrinin mərhələli qaydada köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı məskunlaşdığı ünvan köçürülmə obyekti olduğu zaman, komissiya tərəfindən həmin əraziyə baxış keçirilərək, həmin ünvana məskunlaşmış məcburi köçkün ailələri ilə birgə T.Atakişiyevanın da köçürülmə məsələsinə qanunla nəzərdə tutulmuş qaydalara uyğun olaraq baxılacaqdır. Həmin yaşayış sahəsi ilə bağlı mübahisəli vəziyyətlə əlaqədar aidiyyatı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş üzrə 149 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı Cəbrayıl rayonundan məcburi köçkün düşüb və Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 198 saylı ünvanında yerləşən yataqxanasında məskunlaşmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia tələbi İddiaçı tərəfindən qaldırılsa da, iddiaçı məhkəmədən eyni zamanda yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Allahverdi Atakişiyevin mənafelərinə dair də tələb irəli sürmüşdür. AR MPM-nin 59.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. Məhkəmə iddiaçının və onun yetkinlik yaşına çatmamış övladı - X1 Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 198 ünvanında yerləşən yataqxananın mənzilinə köçürülməsi tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb aşağıdakı əsaslara görə əsaslı hesab edilməlidir. AR MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsiən əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün olaraq 2000-ci ildən Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 198 ünvanında yerləşən yataqxanada məskunlaşmış və 2010-cu ildə həmin ünvan üzrə müvəqqəti qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə 2005-ci ildə rəsmi nikaha daxil olmuşlar, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 adlı uşağı anadan olmuşdur. İddiaçı ilə cavabdeh arasında olan nikah Səbail rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahdan olan uşağı iddiaçının yanında saxlanılmış və cavabdehdən uşağın saxlanılması üçün aliment tutulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı uşağı ilə həmin yataqxanada yaşayış yeri üzrə qeydiyyatdadır və cavabdeh onları yataqxananın mənzilindən çıxartdığı üçün onlar həmin mənzildə yaşaya bilmirlər. Bu səbəbdən iddiaçı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi, həmin mənzildən istifadə hüququnun və istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzildə 2000-ci ildən yaşadığından, həmin mənzil üzrə qeydiyyata alındığından, onun hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Azərbaycan Respublikas Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmlıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıb mı; 2) şəxs yaşadığı yerdən məhrum edilib mi; 3) məhrum edilmə qanunidir mi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə hazırki halda cavabdehin mənzil üzərində hər hansı bir hüququnun olduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edildiyini nəzərə alaraq, onun iddiaçıya qarşı törətdiyi məhrumetməni (evə buraxmama) qanunsuz hesab edir. Belə olan halda isə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanın tələbini pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Məhkəmə vurğulamağı vacib sayır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum etdiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrus edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsa idi (mənzildə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olubolmadığından açılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizə ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” mənzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir və mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə almalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” mənmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” mənmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrum edilənin deyil, mənzildən edənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrum edənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrums edilən mənzilə köçürülməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün kimi qanuni əsaslarla yataqxanada məskunlaşdığından və yaşadığından, cavabdehin qanuni əsaslarla yaşayan keçmiş ailə üzvünün həmin mənzildən çıxarılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməlidir. Bu səbəbdən, həmçinin iddia tələbi cavabdeh tərəfindən etibarf olunduğundan məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının yetkinlik yaşına çatmayan övladı ilə birlikdə mübahisəli mənzilə köçürülməsi hissəsində əsslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin mübahisəli mənzilə istifadə hüququnun və istifadə qaydasının müəyyən ediləməsi hissəsi üzrə qeyd edir ki, yataqxana təşkilati hüquqi formasına görə əvvəl Dövlət Neft Şirkətinin, hazırda isə Bakı şəhər İcra Hakimiyyətinin mülkiyyətindədir. İddiaçı isə məcburi köçkün kimi müvəqqəti olaraq həmin yaşyış sahəsində məskunlaşdığından, onun həmin mənzilə istifadə hüququ yranmadığından belə hüquq həmin yşayış sahəsi üzrə müəyyən edilə bilməz. Eyni zamanda iddiaçının yataqxanaya istifadə hüququ yaranmadığından, həmin mənzildən istifadə qaydasının müəyyən edilməsi ilə bağlı tələb də əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmamış uşağı - xx.xx.2008-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 198 saylı ünvanında yerləşən yataqxananın mənzilə köçürülsünlər. İddia tələbi qalan hissədə əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1833/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1833/2020
29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver