Məhkəmə qərarları › İş №2(009)-1852/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1852/2022

30.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1852/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi Y.Ə.Tağıyevin, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Cavabdehlə rəsmi nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 adlı uşağı var. Cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilir. Sözügedən məhkəmə qətnaməsi əsasında nikahları pozulduğu vaxtdan övladı onun himayəsindədir, onun gündəlik məişət xarakterli təlabatlarını o, təmin edir və ona baxır, övladının bütün qayğısını və ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqda atasında qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Hal-hazırda övladının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Onun təhsil, tibbi və digər əlaqədar xərclərinin çəkilməsi onun üçün bir sıra əlavə çətinliklər yaradır ki, buna da maddi rifahı yetmir. Övladının gündəlik xərclərini təmin edə bilmir. Buna görə də o, “aliment məbləğinin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də hesab edir ki, Səbail rayon Məhkəməsinin 2(009)-414/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsində göstərilmiş aliment məbləğinin artırılması ilə bağlı qətnamə qət edilməlidir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamış şəxslər üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq, hər ay 193 manat sabit pul məbləğində çatdırılması və həmin aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, qızı Türkiyə Respublikasında yaşayır, orada kirayədə qalır, TRT kanalında aparıcı işləyir, təxminən 400 ABŞ dolları həddində əmək haqqı alır, aylıq xərclərini ancaq ödəyir. Uşaq onların yanındadır, cavabdeh 120 manat alimenti vaxtaşırı ödəmir, 2000 manat ödnəilməmiş aliment borcu var, bir il altı aydır ki, uşaqla da görüşmür. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o, ikinci dəfə ailə qurmuşdur. Onun öhdəsində iki azyaşlı uşaq var – biri evləndiyi xanımın övladı, onu da övladlığa götürmüşdür, digər onun övladıdır. İşləmir. Maddi vəziyyətində hər hansı bir dəyişkənlik yoxdur. 120 manat alimenti vaxtında ödəyə bilmir, çünki maddi imkanı buna yol vermir. Övladı ilə il yarım görüməməyinin səbəbi maddi imkansızlıqdır, onunla şəhərə çıxacağı təqdirdə pul xərcləməlidir, onun isə buna imkanı yoxdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-414/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(009)- 1374/2012 saylı qətnaməsi əsasında Cavabdeh tutulan 87 manat alimentin məbləği artırılaraq 120 manat sabit pul məbləğində müəyyən edilməsi, xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X3 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 98 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Nəcəfov, arvada Nəcəfova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu ildə Sabirabad şəhərində anadan olmuş, atası Cavabdeh, anası X1r. İş üzrə doğum haqqında şəhadətnaməninin surətindən görünür ki, X5 xx.xx.2018-ci ildə Xırdalan şəhərində anadan olmuş, atası Cavabdeh, anası X1r. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh, İddiaçı nümayəndəsi X8 tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi (alimentin artırılması) üzrə xx.xx.2022-ci il tarixdə, 13.30-14.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü Nəcəf adlı uşağı var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində 87 manat aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Səbail rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq cavabdehdən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün iddiaçının xeyrinə 120 manat məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 193 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı cavabdehin işləməməsi, iddiaçının isə işləyib müvafiq əmək haqqı alması, cavabdehin yeni ailə qurduğu, cavabdehin yeni ailədən öhdəsində 2 azyaşlı uşaqların olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh işləmir, mövcud qətnamə qəbul edildikdən sonra hər hansı maddi dəyişiklik olmamışdır, cavabdeh yeni ailə həyatı qurmuş, öhdəsində 2 azyaşlı uşaqlar var, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı işləyir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İddiaçı aliment miqdarının artırılmasını tələb etsə də, cavabdehin maddi vəziyyətində hər hansı dəyişikliyin olması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Yəni cavabdehin maddi vəziyyətində dəyişikliyin olması, onun qazancının və gəlirlərinin daha da yaxşılaşması və artması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçının yalnız yaşayış minimumunun artırılmasına istinad edərək aliment məbləğinin artırılmasını tələb etməsi əsaslı hesab oluna bilməz. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, 120 manat alimentin uşağın saxlanılması üçün yetərli olmamasını əsas tutaraq onun artırılmasını və 193 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək cavabdeh heç bir yerdə işləməməsini, öhdəsində ikinci nikahdan başqa övladlarının olmasını, digər tərəfdən cavabdehin maddi vəziyyətində dəyişikliyin baş verməsini təsdiq edən hər hansı sübutlar da məhkəməyə təqdim olunmamasını, cavabdehdən tutulması müəyyən edilmiş 120 manat alimentlə əlaqədar öhdəliyinin hazırda da mövcud olmasını, bunu cavabdeh tərəfindən maddi imkansızlıqla əlaqələndirilməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-414/2016 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarının artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar