Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1854/2021 30.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti ilə aralarında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivi 4 saylı evin yaxınlığında yerləşən 208-kv.m torpaq sahəsinin 49 il müddətə İddiaçı icarəyə verilməsi ilə bağlı 1280 saylı 03 fevral 2017-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri İcra Hakimiyyəti ilə aralarında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivi 4 saylı evin yaxınlığında yerləşən 208-kv.m torpaq sahəsinin 49 il müddətə İddiaçı icarəyə verilməsi ilə bağlı 1280 saylı 03 fevral 2017-ci il tarixli torpaq icarə müqaviləsi bağlanıb. İddiaçı müqavilə bağlandıqdan sonra həmin torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. 19 mart 2021-ci tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsini özgəninkiləşdirərək X3 bağışlayıb. Buna görə də, İddiaçı həmin torpaq sahəsindən icarə əsasları ilə istifadə etməyinə ehtiyac qalmayıb. Artıq torpaq sahəsindən onun üzərindəki daşınmaz əmlakın mülkiyyətçisi kimi başqa şəxs istifadə edir. Mülki Məcəllənin 243-cü maddəsinə əsasən, şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Bununla bağlı 07 may 2021-ci il tarixdə cavabdeh yazılı müraciət edərək İddiaçı ilə bağlanmış 1280 saylı 03 fevral 2017-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv olunmasını xahiş edir. Lakin 1 aydan çox vaxt keçsə də cavabdeh həmin müraciətə cavab verməyib. Mülki Məcəllənin 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər, məhkəmə iclasına gəlməmiş, İddiaçı 17 iyul 2021-ci tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakı olmadan baxılıb müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 1280 saylı 03 fevral 2017-ci il tarixli torpaq icarə müqaviləsindən görünür ki, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən 18/03-8/110 saylı, 16.01.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış, İddiaçı 17.01.2017-ci il tarixli müraciət məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivi 4 saylı evin yaxınlığında yerləşən torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən İddiaçı icarəyə verilir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən icarə müqaviləsi 49 il müddətinə bağlanmışdır. İş materiallarında olan 19.04.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, İddiaçın ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını X3 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrı Xidmətinin **********53-06301 saylı çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası X2 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı 20.09.1953-cü il tarixdə Azərbaycan Respublikası, Şuşa şəhərində anadan olmuş və qeydiyyatda olduğu yer Bakı şəhəri, 7-ci mikrarayon, ev 3 A, mənzil 94-dür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. “Torpaq icarəsi haqqında” Qanununun 24-cü maddəsinə əsasən daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar tikiliyə, qurğuya, sənaye, nəqliyyat, rabitə və digər obyektlərə icarə hüququ başqa şəxsə keçərkən, bu əmlakın yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ, qanunvericiliklə müəyyən edilmiş qaydada həmin şəxsə keçir. Mülki Məcəllənin 243-cü maddəsinə əsasən, şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Mülki Məcəllənin 422.2-ci maddəsinə əsasən, əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəyə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Məhkəmə hesab edir ki, icarəyə verilmiş torpaq sahəsində qeyri-yaşayış binası inşa edildiyindən (DƏDRX 16.03.2021, ********** çıxarış) və bağışlama müqaviləsi ilə X1 bağışlanması (DƏDRX 14.04.2021,********** çıxarış) barədə iş materiallarında texniki pasport, bağışlama müqaviləsi və çıxarış olduğundan tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilərək həmin torpaq sahəsi X1 istifadə üçün ayrılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış 1280 saylı, 03 fevral 2017-ci il tarixli torpaq icarə müqaviləsi ləğv edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaqif olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış massivi 4 saylı evin yaxınlığında yerləşən 208-kv.m torpaq sahəsinin 49 il müddətə İddiaçı icarəyə verilməsi ilə bağlı 1280 saylı, 03 fevral 2017- ci il tarixli torpaq icarə müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1854/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1854/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver