Məhkəmə qərarları › İş №2(009)-1855/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1855/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1855/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili M.Z.Ağayevin, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə birgə təsərrüfat yaratmaqla birgə işləmiş və aralarında münasibət yaxşı olmuşdur. Cavabdeh 20.12.2018-ci il tarixdə ondan 20.000 manat məbləğində borc pul götürmüş və bu barədə həmin tarixdə notariat qaydasında aralarında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilədə cavabdeh Əliyeva X1 Ramin Vəli oğlundan 20.000 manat borc pul almasını və aldığı kredit 31.12.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh götürdüyü pulu öhdəsinə götürdüyü müddətdə qaytarmamışdır. O, dəfələrə pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaq istəməmiş və hətta həmin müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Sabuncu rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 20.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, həqiqətən iddiaçı ilə cavabdehin ailəsinin biznes fəaliyyəti olmuşdur. Belə ki, torpaq sahəsində istixana quraşdırılmış, buna 60000 manat xərc çəkilmiş, həmin istixanadan məhsul almışlar və hazırda da işləyir. Sonradan torpağın analarına məxsus olmasını bəhanə gətirərək iddiaçını ordan kənarlaşdırmışlar. 20000 manat isə bu biznes qurularkən cavabdehə şəxsən verilən pul olmuş, borc müqaviləsi şəklində rəsmiləşdirilmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, o Ramini əvvəllər tanımamış, Ramini bacısı Əliyeva Sevalə tanımış, bacısı ilə Ramin birgə biznes fəaliyyəti görmüş, anasına məxsus torpaqda istixana inşa etmişlər. Sonra həmin istixananı ona 30000 manata satmağı Ramin təklif etmiş, o 10000 manat Raminə nağd şəkildə vermis, 20000 manatın verilməsi isə notariusda müqavilə şəklində rəsmiləşdirilmiş, rəsmiləşdirilərkən 20000 manat nağd pul bacısının pulu olmuş, notariusun deposit hesabına qoyulmuş, sonra Ramin həmin pulu çıxardıb bacısına qaytarmışdır. İstixananı aldıqdan 1 ay sonra Raminə bildirmişdir ki, onu qaytarmaq istəyir, bu razılaşmanı pozsunlar. Ona istixana lazım deyil. Ramin onun bu təklifini qəbul etməmiş, ona hədə qorxu gəlmiş və onunla kobudcasına davranmışdır. Həmin ərəfədə maddi imkanı olmadığı üçün vəkil tuta bilməmiş, sonra bir vəkilə yaxınlaşmış, vəkil demişdir ki, mübahisəni 2 ildən sonra açsın. O Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, iddiası rədd olunmuşdur. Cavabdehdən 20000 manat almadığı üçün iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış və Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş 20.12.2018-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 20.000 manata məbləğində pulu notariusun banka açılmış depozit hesabı vasitəsi ilə borc vermişdir. “Borc alan” Cavabdeh krediti 31.12.2020-ci il tarixədək İddiaçı hissə-hissə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə Bakı şəhəri 52 saylı notariat ofisinin 23.02.2021-ci il tarixli icra qeydinin kserosurətindən görünür ki, tələbkar İddiaçı xeyrinə borclu Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 20.000 manat pul və tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı qətnaməsinin kserosurətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə Sabunçu rayon Məhkəməsinin hakimi Həqiqət Mahmudova tərəfindən vəkil M.Z.Ağayevə ünvanlanmış 12.08.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(008)-3168/2021 saylı qətnaməsi 22.07.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 31.12.2020-ci il tarixədək qaytarmaq şərti ilə 20000 manat məbləğində borc pulun verilməsi barədə 20.12.2018-ci il tarixdə kredit müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri pozaraq 31.12.2020-ci il tarixədək götürmüş pulu iddiaçıya ödəməmiş və bununla da müqavilənin şərtini pozmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış borc müqaviləsi qanunvenriciliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və etibarlı əqd hesab olunur. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdeh 20.12.2018-ci il tarixli kredit müqaviləsinin etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırsa da, qanuni qüvvəyə minmiş Sabunçu rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli 2(008)-3168/2021 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında icra etmədiyi üçün, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə tam haqlıdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə cavabdehin 20000 manat məbləğində borcun iddiaçıdan alınmaması, müqaviləni üzərində götürdüyü öhdəlik kimi bağlanmasına razılıq verməsinə dair dəlilləri üzrə qeyd edir ki, cavabdeh faktiki olaraq kredit müqaviləsi üzrə qeyd edilən 20000 manat məbləğində pulun müqavilədə göstərilən müddət ərzində iddiaçıya qaytarılması öhdəliyini götürmüş və bu öhdəliyi icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəlik daşıdığından və bu öhdəliyi icra etmədiyindən, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 20000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 20.030 (iyirmi min otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar