Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1864/2020 26.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit borcu üzrə restrukturizasiya tətbiq etməklə güzəşt müqaviləsinin bağlanması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4809,73 manat qalıq kredit borcuna restrukturizasiya tətbiq edilməklə cavabdeh "Cavabdeh" ASC ilə aralarında güzəşt müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: İddiaçı tələblərini belə əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxx 2016cı il tarixli, 2(075)-2460/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı "Cavabdeh" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 034CASA143030014 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı, X1 və X4 Azərbaycan Respublikası Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 8552,16 ABŞ dolları məbləğində kredit borcunun, 1156,29 ABŞ dolları məbləğində kreditə görə faiz borcu və 526,04 ABŞ dolları məbləğində penya borcu olmaqla, cəmi 10234,49 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınaraq iddiaçı "Cavabdeh" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 6.2-ci bəndində fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlərin görülməsi tövsiyyə olunmuşdur. Həmin Fərmanın 8.10-cu bəndinə görə məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar AR MPM-nin və "İcra haqqında" ARQ-nun tələbinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə X5 xx xxxx 2019-cu il tarixli ********** nömrəli Qərarı ilə "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devolvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydası təsdiq edilmişdir. Kredit borcu Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşdüyündən və kredit borcu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bütün tələblərə cavab verdiyindən Palatada araşdırılmışdır. Nəticədə Palata tərəfindən 7485,03 manat kompensasiya məbləği, 7485,03 manat borcların ödənilməsinə yönəldilən hissə üzrə məbləğ və 4809,73 manat restrukturizasiya məbləği hesablanmışdır. Lakin buna baxmayaraq, "Cavabdeh" ASC tərəfindən qalan 4809,73 manat kredit borcu restrukturizasiya edilməmiş, onunla Prezidentin Fərmanına və Qaydaya uyğun olaraq güzəşt müqaviləsi bağlanmamışdır. Bununla bağlı dəfələrlə "Cavabdeh" ASC-yə müraciət etmiş, bankın Qax və Şəki filiallarına getmiş, lakin heç bir nəticəsi olmamışdır. Dəfələrlə banka getməyinə və müraciət etməyinə baxmayaraq mövcud kreditin restrukturizasiyası və güzəşt müqaviləsinin bağlanması dolayı yollarla həyata keçirilməmişdir. Bundan sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki şəhər Təhsil Şöbəsinə zaminlərdən X2 əmək haqqından 50% və DSMFnin Şəki şəhər Şöbəsinə zaminlərdən X7 hesablanan pensiyanın 50% hissəsinin tutulub tələbkarın hesab nömrəsinə ödənilməsi barədə məktublar göndərilmişdir. Hazırda tutulmalar davam edir. Zaminlərin əmək haqqından və pensiyasından tutulan məbləğləri isə o ödəməli oluram. Onun kredit borcu Prezidentin Fərmanına və Qaydanın 6.1-ci bəndində göstərilmiş bütün tələblərə cavab verdiyi üçün borc barədə məlumat Palataya verilmiş, Palata tərəfindən 4809,73 manat restrukturizasiya məbləği hesablanmış, lakin həmin məbləğ dəfələrlə müraciətlərinə baxmayaraq bank tərəfindən restrukturizasiya edilməmiş, güzəşt müqaviləsi bağlanmamışdır. Bununla da cavabdehlər tərəfindən haqsızlığa və süründürməçiliyə məruz qalmış, hüquqları kobud surətdə pozulmuş, əsassız və qanunsuz olaraq xarici valyutada olan kreditin əsas məbləğinin devolvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsindən məhrum edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verdi və eləcədə, bildirdi ki, o, onunla güzəşt müqaviləsinin bağlanması ilə əlaqədar cavabdeh banka müraciət etməmiş, onun hər hansı imtinasını almamışdır. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək, bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ xx.xx.2019-cu il tarixli fərmanına 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının kredit borclarının restrukturizasiyası məqsədilə güzəştli kreditlərin verilməsi üçün banklara vəsaitin ayrılması səlahiyyəti yalnız Azərbaycan Respublikası Mərkəzi Bankına məxsusdur. İddiaçı onunla güzəşt müqaviləsinin bağlanması ilə bağlı banka müraciət etməmişdir. İddiaçı eləcə də, tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydalarına uyğun olaraq Maliyyə X5nınApellyasiya Komissiyasına da müraciət etməmişdir. Ona görə də, iddia tələbi əsassız olduğundan onun rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(075)-2460/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 034CASA143030014 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı, X3 və X4 Azərbaycan Respublikası Mərkəzi Bankının borcun icra edildiyi günə Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmaqla 8552, 16 ABŞ dolları məbləğində kredit borcu, 1156,29 ABŞ dolları məbləğində kreditə görə faiz borcu və 526, 04 ABŞ dolları məbləğində penya borcu olmaqla, cəmi 10234 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçı Cavabdeh ASC-in xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan “pk.fimsa.az” saytından foto-çıxarışlardan görünür ki, kompensasiyanın köçürüldüyü ödəniş kartının əldə olunacağı kredit təşkilatları haqqında məlumata əsasən İddiaçı Cavabdeh SKB-yə xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu 12294.76 manat, borcun azaldılmasına yönəldilmiş məbləğ 7485.03 manat təşkil etmişdir, qalıq borcunun məbləği 4809,73 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məlum olduğu kimi, «Azərbaycan Respublikasında fiziki şəxslərin probelmli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanında fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin yenidən qiymətləndirilməklə, Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Beləki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait, və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı onunla güzəştli şərtlərlə kredit müqaviləsi bağlanması ilə bağlı cavabdeh banka müraciət etməmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit borcu üzrə restruktizasiya tətbiq etməklə güzəşt müqaviləsinin bağlanması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-1864/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1864/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver