Məhkəmə qərarları › İş №2(009)-1865/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1865/2025

26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1865/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11793.96 AZN əsas borc, 766.74 AZN faiz borcu və 93.45 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 12654.15 AZN məbləğində borcun və 127.96 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 16.5 faizlə 48 ay müddətinə 16430 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci il mayın 23-dək Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 11793.96 AZN əsas borc, 766.74 AZN faiz borcu və 373.78 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 12934.48 AZN borcu vardır. Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 373.78 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 93.45 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmədən mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, aylıq ödənişin məbləği azaldılacağı halda borcu hissə-hissə ödəyəcək. Ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-Z1-1-0-2295-23 saylı kredit müqaviləsindən görünür ki, bank kredit alana 48 ay müddətinə, illik 16.5 faiz olmaqla 16430 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, Z/12790/23 saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2023-cü il tarixli, 11-Z1-1-0-2295-23 saylı kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11-Z1-1-0-2295-23 saylı kredit müqaviləsi üzrə 11793.96 AZN əsas, 766.74 AZN faiz, 373.78 AZN cərimə, cəmi 12934.48 AZN borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlər banka olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 11-Z1-1-0-2295-23 saylı kredit müqaviləsinə cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 16.5 % ödəmək şərtilə 16430 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (MM-739.2.) Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş olsa da, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh2 zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə şərtlərinə uyğun olaraq cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11793,96 (on bir min yeddi yüz doxsan üç manat doxsan altı qəpik) manat əsas borc, 766,74 (yeddi yüz altmış altı manat yetmiş dörd qəpik) manat faiz borcu, 93,45 (doxsan üç manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 12654,15 (on iki min altı yüz əlli dörd manat on beş qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 127,96 (bir yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11793,96 (on bir min yeddi yüz doxsan üç manat doxsan altı qəpik) manat əsas borc, 766,74 (yeddi yüz altmış altı manat yetmiş dörd qəpik) manat faiz borcu, 93,45 (doxsan üç manat qırx beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 12654,15 (on iki min altı yüz əlli dörd manat on beş qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 127,96 (bir yüz iyirmi yeddi manat doxsan altı qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar