Məhkəmə qərarları › İş №2(009)-1869/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1869/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1869/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Məhəmməd Ələkbər oğlu Mərdanovun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddiası üzrə mülki işə 20 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC - Cavabdeh qarşı «kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə 25109,99 manat əsas borc, 178,08 manat faiz borcu, 356,16 manat cərimə borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat dövlət rüsumunun və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə verilməsi, tələbin Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra 1 ay müddətində mənzlin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 28.04.2010-cu il tarixində Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya illik 8 faiz ödəmək şərtilə 204 ay müddətinə 50,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin müddəalarını pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış 28 aprel 2010-cu il tarixli 068-10/İ №-li Kredit Müqaviləsinə əsasən, borc verən illik 08 faizlə 204 ay müddətinə borc alana 50,000 manat məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ASC (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 28.04.2010cu il tarixli ipoteka müqavilələrinə əsasən, 28.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçının təqdim etdiyi maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin 28.04.2010-cu il tarixli kredit müqaviləsi üzrə 25109,99 manat əsas borc, 178,08 manat faiz borcu, 356,16 manat cərimə borcu vardır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını borc münasibətləri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı ( borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqavilələri bağlanılmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmış, kreditor tərəfindən öhdəliklər yerinə yetirilmiş, borclu isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir, aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin kredit borcuna görə hesablanmış 178,08 manat faiz borcunun tutulması hissəsi təmin edilərək cavabdehdən tutulmalıdır. Eyni zamanda məhkəmə kredit müqaviləsindən irəli gələn əsas kredit borcunun borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 356,16 manat cərimə (dəbbə) məbləğinin tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 30 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Eyni zamanda ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 41,42 manat dövlət rüsumu da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma tərəflər arasında bağlanmış ipoteka müqavilələrinə uyğun olaraq ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak hərraca çıxarılmalı, satışdan əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Belə ki, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.2-ci maddəsinə əsasən, ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. İş materiallarından görünür ki, ipoteka qoyanlara ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə dair ipoteka saxlayan tərəfindən bildirişlər göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişləri DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. «İpoteka haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 39.3.4. zəruri hallarda, ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzilinin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 27.09.2021-ci il tarixli ƏEM/S 80-931/21 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzilinin 27.09.2021-ci il tarixinə likvid dəyərinin 215.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq müstəqil qiymətləndiricinin rəyi əsasında 215.000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» qanunun 41.2-ci maddəsinə, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələblərinin ipoteka predmeti olan mənzilin boşaldılması hissəsi də təmin olunmalıdır. İş materiallarında olan: 4 saylı MKİS-in 234 №li arayışının surətindən görünür ki, Cavabdeh ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzilində yaşayır və ondan başqa X2, X4, X5 və X3 da həmin mənzildə daimi qeydiyyatdadır. «İpoteka haqqında» qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1 - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2 - ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka haqqında» qanunun istinad olunan maddəsinin hərfi mənasından belə nəticəyə gəlmək olur ki, tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldildikdə, ipoteka qoyan və digər şəxslər həmin daşınmaz əmlakı əmlak satıldıqdan sonra ən geci bir ay ərzində həmin daşınmaz əmlakı boşaltmalıdırlar. Məhkəmə hesab edir ki, mənzil hərracdan satıldıqdan sonra cavabdehlər ən geci bir ay ərzində mənzili boşaldaraq, yeni mülkiyyətçiyə təhvil verməlidirlər. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumundan və 200 manat Əmlak Ekspert Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspert tədqiqatının dəyərindən ibarətdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.04.2010-cu il tarixli Kredit Müqaviləsi üzrə yaranmış 25109,99 manat əsas borc, 178,08 manat faiz borcu, 30 manat dəbbə pulu məbləğində pul vəsaiti və bildirişin qeydiyyatı üçün ödənilmiş 41,42 manat məbləğində rüsumun əvəzi Cavabdeh tutulub İddiaçı ASC-nin hesabına köçürülsün. Ödəmə İddiaçı ASC ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 28.04.2010-cu il tarixli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzilinə yönəldilsin, həmin əmlakın ilkin satış qiyməti 215.000 manat müəyyən edilsin, həmin əmlak ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılsın, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilsin, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsində yerləşən 26/32 nömrəli evin 51 nömrəli mənzili açıq hərrac yolu ilə satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılsın. İddiaçı ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumu əvəzinin 15 manat hissəsi cavabdehdən tutulub İddiaçı ASC-nin hesabına köçürülsün. "xxxx" MMC tərəfindən aparılmış əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 100 manat hissəsi İddiaçı ASC-dən, 100 manat məbləğində hissəsi isə Cavabdeh tutulub "xxxx" MMC-nin hesabına (VÖEN: **********; hesab N AZN: AZ30GUNA********************; BANK: "xxxx" ASC, VÖEN: **********; Müxbir hesab: AZ325NABZ********************; KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar