Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-190/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İlkin iddia üzrə İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh1, Cavabdeh2, onların vəkili Vəkil2 İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şərəfin, ləyaqətin müdafiəsi və maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuna zidd hərəkətləri üzündən onun səhhətinə vurulan zərərin aradan qaldırılması üçün müalicə olunaraq xərclədiyi 1200 manat məbləğində pul vəsaitinin, o cümlədən ona dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaiti, cəmi 6200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, o, ünvan 1 3A ünvanında pasport qeydiyyatındadır və həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Ailə üzvləri kifayət qədər sakit təbiətlidir. Yaşadıqları məhəllədə qonşularla qarşılıqlı hörmət əsasında yaşayırlar. Ailə üzvlərinin hər birinin cəmiyyətdə, o cümlədən qonşular və qohumlar arasında xüsusi hörməti var. 1988-ci ildə Bakı şəhəri, Ə.Nəzmi küçəsində 0,07 ha (7 sot) torpaq sahəsində 220 kv metr sahəsi olan həyət evi tikib yaşamağa başlamışlar və 1995-ci ildə evi tikib başa çatdırmışlar. Cavabdeh1 2010-cu ildən onlara məxsus həyət evində tək otaqlı evdə ailəsi ilə birlikdə kirayəçi kimi yaşamağa başlamışdır. Həmin evdə yaşadıqları iki il müddətində munasibətləri normal olmuşdur. Sonradan özünə məxsus torpaq sahəsindən 40 kv. metr torpaq ayırıb Cavabdeh1 verdi ki, özü üçün ev tikib yaşasın. Sakit həmin sahəni 60 kv.metr də artıraraq özünə ev tikdi və həmin evə köçdü. Sonradan Cavabdeh1 öz həyətinin hüdudlarını onların torpağı hesabına artırmaq məqsədi qoymuş və buna səylə çalışmağa başlamışdır. Hər dəfə də bu səbəbdən aralarında narazılıqlar yaranmış və Sakit daha da irəli gedərək baş verən mübahisələr zamanı onu və ailə üzvlərini təhqir etməyə başlamışdır. Cavabdeh1 ondan dövlət qurumlarına şikayət etmiş və onu bu vasitə ilə susdurmağa çalışmışdır. Lakin buna baxmayaraq Sakit İsmaylov özü haqsız duruma düşmüşdür. Belə ki, 2018-ci il tarixdə aralarında yaranmış məişət xarakterli mübahisəyə görə Cavabdeh1 əsassız olaraq onun barəsində AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişdir. Sonuncunun əməkdaşları tərəfindən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Departamentı tərəfindən ona xx.xx.2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibati tənbeh vermə haqqında” Qərar əsasında 600 manat miqdarında cərimə təyin edilmişdi. O öz növbəsində həmin qərarla razılaşmayıb Səbail Rayon Məhkəməsinə qərarın ləğvi barədə müraciət etmişdir. Səbail Rayon Məhkəməsi AR İnzibati Xətalar Məcəlləsinin 40,43,48-51,115,128-130,135-cı maddələrini rəhbər tutaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Departamentı tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli, MN seriyalı, ******* nömrəli “inzibat tənbeh vermə haqqında” qərarı xx xxxx 2018-ci il tarixli, 3(009)-899/2018 saylı qərarla ləğv etmiş və iş üzrə icraata xitam vermişdir. Belə ki, Cavabdeh1 ona qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə xx.xx.2019 tarixli, 2(009)-3250/2019 saylı qətnamə əsasında iddianı rədd etmişdir. Bundan əlavə Cavabdeh1 tərəfindən həyətinə açılan darvazanın sındırılması, setkaların dağıdılması nəticəsində taxta millərin və dəmir boruların yoxa çıxması barədə AR Daxili İşlər Nazirliyinə şikayət ərizəsi etdiyi müraciəti Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsində araşdırılaraq material üzrə cinayət işinin başlanması rədd edilmiş, AR İnzibatı Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli, 066-450-1220 saylı qərar qəbul edilmişdir. Bundan əlavə, onun Səbail RİH-nə etdiyi müraciət əsasında Cavabdeh1 tərəfindən qanunsuz tikilən istinad divarı 46 saylı MKİS-nin işçiləri tərəfindən sökülmüşdür. Bundan əlavə, onun Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə etdiyi müraciət əsasında ərazidə aparılmış torpaq qazıntı işlərinin qarşısı alınmış və həmin əraziyə torpaq tökülərək əvvəlki vəziyyətinə bərpa olunmuşdur. Qonşusu Cavabdeh1 yaşadığı ərazi sürüşmə zonası olsa da, həmin ərazini qanunsuz zəbt etmişdir. Qonşularla heç bir münasibəti yoxdur. Söyüş söyəndir, açıq etiraf edir ki, istədiyi ərazini zəbt edə bilər. Yuxanda göstərdiyi xüsusatlar yaşadıqlarının cüzi bir hissəsidir. Cavabdeh1 daima onu və ailə üzvlərini stres altında saxlayır, səbəbsiz olaraq ondan dövlət qurumlarına şikayət edir, nəticədə həyatı əsəb gərginliyi ilə keçir. Hər dəfə aralarında baş verən mübahisələr zamanı Cavabdeh1 və arvadı Cavabdeh2 onu və ailə üzvlərini sözlə deyiləsi mümkün olmayan ifadələrlə təhqir edir, şərəf və ləyaqətlərini alçaldırlar. Bundan başqa, onlarla qonşuluq etmək mümkünsüz olmuşdur. Cavabdeh1 və arvadı Cavabdeh2 ona və ailəsinə qarşı etdiklərini, söydüklərini sözlə ifadə etməkdə çətinlik çəkir. O, müharibə veteranıdır, bu barədə 037561 saylı vəsiqəsinin surətini, Azərbaycan Vətən Müharibəsi Səbail Rayon Təşkilatının barəsində verdiyi xasiyyətnamənin surətini iddia ərizəsinə əlavə edir. Lakin bu gün o özünün və ailə üzvlərinin haqlarını qorumaqda çətinlik çəkir və buna görə də, o və ailə üzvləri Cavabdeh1 və arvadı Cavabdeh2 kimi adamların təhqirlərinə məruz qalırlar. Cavabdeh1 ona və ailə üzvlərinə vurduğu maddi və mənəvi zərər, şərəf və ləyaqətlərinin alçaldılması buna əyani subutdur. Bu günə qədər həmin şəxslər bu yolla onu və ailəsini yaşadığı ünvandan sürgün elətdirmək istəyirlər, halbuki o, onlara ev tikib yaşamaq üçün öz həyətindən torpaq sahəsi vermişdir. Artıq nə mənəvi, nə də fiziki gücləri qalmayıb, övladlarına görə çox narahatdır. Ona görə də məhkəməyə müraciət edir. Bütün bu olanlara görə o, dərindən mənəvi sarsıntı çəkmişdir. Bununla da, fiziki sağlamlığına ciddi zərər dəymişdir. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirmişdir. Bu hadisələr zamanı ürək təzyiqi kəskin artaraq, onu ölümcül vəziyyətə saldı. Cavabdehlərin qanuna zidd hərəkətlərinin təsiri nəticəsində ciddi əsəb gərginliyi və stress keçirir. Həmçinin cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində onun şərəf və ləyaqəti alçaldılmışdır. Cavabdehlərin qanuna zidd hərəkətlərinin təsiri nəticəsində müalicə olunur. Bu müddət ərzində ona və onun səhhətinə dəyən zərəri aradan qaldırmaq üçün müalicə olunaraq 1200 manat məbləğində pul xərcləmişdir. Bundan başqa, hesab edir ki, cavabdehlərin qanuna zidd hərəkətləri üzündən, ona dəymiş mənəvi zərərin pul ilə ifadə olunan dəyəri 5000 manat məbləğindədir. 15 yanvar 2020-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh dedikləri sözləri təkzib etməsi, onlardan üzr istəməsi, vurduğu maddi zərərə görə 2000 manat və mənəvi zərərə görə isə 3000 manat məbləğində, Cavabdeh1 isə münasibətdə cavabdeh İddiaçı1 5400 manat məbləğində iddia tələbinin təmin edilməsi, ilk iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh2 və Cavabdeh1 ərarvadırlar. 2009-cu ildə Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsində torpaq sahəsi alaraq ev tikmişlər və 2012-ci ildən etibarən istifadələrində olan ünvan 2 2 a ünvanında ailə üzvləri ilə birlikdə yaşayırlar. Təxminən xx xxx 2020-ci il tarixində qonşusu İddiaçı1 onların həyətyanı sahəsinə daxil olaraq, onlara məxsus sahədə pomidor şitillərini və yolka ağaclarını yararsız vəziyyətə salmışdır. Bu zaman Cavabdeh2 onun hərəkətlərinin qarşısını almaq üçün ona nə edirsən, dur! dedikdə, İddiaçı1 əvəzində onu qonşuların yanında təhqir etmiş, ünvanına xoşa gəlməyən ifadələr işlətmiş və barəsində həqiqətə uyğun olamayan, onun şərəf və ləyaqətimi qəsdən alçaltmışdır. Bildirir ki, bu ifadə yuxarıda qeyd olunan dediyi İddiaçı1 “fahişə gəl düş, bu ağacları sənə suvardacam” əxlaq və tərbiyə normalarına zidd təhqir və böhtan xarakterli təhqiramiz ifadədir. İddiaçı1 uzun müddətdir ki, məhkum olunmuş, məhkumluq həyatı yaşamış, onlarla şəxsi ədavət aparır və nifrət bəsləyir. Yuxarıda qeyd etdiyi hadisələrdən daha öncə də, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs müxtəlif zaman aralıqlarında dəfələrlə onların ünvanlarına qıcıqlandırıcı və təhqiramiz ifadələr işlətmiş, ailələrinə narazılıq və nifaq salmış, onların şərəf və ləyaqətlərini alçaltmış v qonşular arasındakı nüfuzlarına xələl yetirmişdir. Cavabdehin ona qarşı etdikləri, ağır sözlər demələri əsəblərinə toxunmuş, sarsıntı keçirmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymiş, şərəf və ləyaqətin alçaldılmışdır. Belə olan halda təqsirkar şəxs məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, xx xxx 2016-cı il tarixində yaşadıqları ünvan 3 ünvanında qonşuluqda yaşayan İddiaçı1 gündüz vaxtı qanunsuz onların evinə daxil olaraq evdə onlara aid olan 1 ədəd stolu, 4 ədəd stulları, 1 ədəd jurnal stolu, 1ədəd pəncərəni sındırmış və onlara 1900 manat məbləğində zərər yetirmişdir. Bundan başqa, xx xxxxx 2020-ci il tarixində yaşadıqları ünvan 3 ünvanında qonşuluqda yaşayan İddiaçı1 onların evinin həyətyanı sahəsinə gecə vaxtı qanunsuz daxil olaraq həyətyanı sahəsində əkdiyi 60 ədəd pomidor şitillərini, 3 ədəd hündürlüyü 120-150 sm olan əncir ağaclarını, 1 ədəd hündürlüyü 150 sm olan heyva ağacını və 1 ədəd hündürlüyü 120-150 sm olan xurma ağaclarını qıraraq yararsız hala salmış və onlara maddi zərər vurmuşdur. Bununla bağlı aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon İdarəsinin 8-ci polis bölməsinə şikayət edilmiş və şikayəti əsasında araşdırılma aparılmışdır. Bakı şəhəri Səbail rayon İdarəsinin 8-ci polis bölməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuş, vətəndaş İddiaçı1 AR İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Bundan başqa, ünvan 3 ünvanında qonşuluqda yaşayan İddiaçı1 onların evinin qarşısında birgə mülkiyyətlərində olan **-VN-*** nömrəli Opel Astra markalı avtomobilini də qəsdən zədələmiş və yararsız vəziyyətə salmışdır. Şikayəti əsasında Bakı şəhəri Səbail rayon İdarəsinin 8-ci polis bölməsində araşdırılma aparılmış və cinayət işinin başlanması rədd olunmuş, ona isə mülki qaydada məhkəməyə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Sadaladığı bu faktları onun tanışları, eləcə də qeyd edilən ünvanda yaxınlıqda yaşayan qonşular və həmin əraziyə nəzarət edən polis orqanında araşdırılan qərarlar da təsdiq edə bilərlər və həmin şəxslərin istənilən vaxt məhkəmə iclasında iştiraklarını təmin etmək mümkündür. Bununla da ümumilikdə ona evindəki əşyalarını, mebellərin, həyətyanı sahəsində əkdiyi ağacların və avtomobilinə dəymiş ziyanın məbləği ümumilikdə 5400 manat təşkil etmişdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı1 qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh1 iddianı qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və qarşılıqlı iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh2 iddianı qəbul etməyərək, onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və qarşılıqlı iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Cavabdeh1 və İddiaçı1 ilə qonşudur. Mahirin evi onun evindən 3 ev aralıda yerləşir. Cavabdeh1 ilə aralarında məsafə daha azdır. Onlar qonşu kimi yola gedə bilmirlər. İddiaçı1 söyüş söyən bir insandır. İçkili olduqda belə hərəkətlərə yol verir. İçkili olduğu bir gün qonşuların yanında İddiaçı1 Cavabdeh1 və onun ailəsini təhqir etdiyinin şahidi olmuşdur. Məhəllədə oturmuşdular, Təhməz, o və İddiaçı1 qaynı da var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Cavabdeh1 həyətində fəhlə işləyirdi. Həmin müddətdə dəfələrlə İddiaçı1 Cavabdeh1 və onun ailəsini təhqir etdiyinin şahidi olmuşdur. İddiaçı1 Sakitin həyətində bir adam görən kimi çıxıb söz atır onun özünə və ailəsinə. Hətta bir dəfə onu da təhqir etdiyinə görə şikayət etdi ondan və nəticədə İddiaçı1 inzibati qaydada cərimələndi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əliağa oğlu ifadəsində göstərdi ki, o, 20 ildir ki, İddiaçı1lə qonşudur. Tərəflər torpaq üstündə bir-birlərini təhqir edirlər. May-iyun aylarında Sakitin Mahiri söyməsinin şahidi olmuşdur. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(009)- 134/2020 nömrəli qərarından görünür ki, Cavabdeh2 İddiaçı1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına, hökm çıxarılmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-3250/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 3(009)- 899/2018 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Departamenti tərəfindən İddiaçı1 barəsində qəbul edilmiş xx xxx 2018-ci il tarixli,MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı Y.Rüstəmovun xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı1 ərizəsi üzrə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 3(009)-3012/2020 saylı Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, İddiaçı1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və 100 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehlərin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı1 cavabdehlərin ona qarşı qanuna zidd hərəkətləri üzündən onun səhhətinə vurulan zərərin aradan qaldırılması üçün müalicələrə 1200 manat məbləğində pul vəsaiti sərf etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. İddiaçı cavabdehlərin hərəkətləri nəticəsində onun mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə baxışında sübut edə bilmədiyi üçün iddia təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 barəsində onun ünvanına təhqiramiz ifadələr işlətmiş, ictimaiyyət arasında şəxs barəsində mənfi rəy yaratmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində də qeyd edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 həmin əməli törətməkdə təqsirlidir. Belə ki, Cavabdeh2 şərəf və ləyaqətinin ləkələnməsi ilə cavabdehin hüquqa zidd hərəkətinin nəticəsində arasında uyğun səbəbli əlaqə həyatın normal axışı şərtləri altında vardır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, hazırkı tələb üzrə mülki hüquq pozuntusunun bütün şərtləri müəyyən edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mülki qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrindən yararlanmaqda haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarına əsasən, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində hüquqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzibedilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Məhkəmə, tələbin hüquqi əsasının müəyyən olunduğunu nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi qismən, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 şərəf və ləyaqətini alçaldan ifadələrinə görə ondan üzr istəməsi hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, maddi ziyan və mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində sübutlar məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə qarşılıqlı iddia təmin edilməməlidir. İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı şərəfin, ləyaqətin müdafiəsi və maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin, Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 qarşı şərəf və ləyaqətin müdafiəsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Bahadır qızından üzr istəsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-190/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-190/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver