Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1908/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 313828 saylı alqısatqı müqaviləsinə əsasən ona ümumi qiyməti 3397 manat dəyərində mebel və mobil telefon almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən, məbləği 12 aya bölərək, hər ay üçün 283,08 manat hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 3397 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 506,20 manat ödəniş etmiş, qalan 2890,80 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobul şəkildə pozmuşdur. Alqı-satqı müqaviləsinin 8.1-ci bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin ödənilməli olduğu gündən ödənildiyi günədək hər 1 (bir) gün üçün 1% cərimə ödəməlidir. Müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunsuz və əsassız olaraq ödəməmiş, biznes fəaliyyətinə 348,16 manat məbləğində ziyan vurmuş və həmin pulunda borcludan tutulmalı olduğunu qanuni hesab edir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh onun xeyrinə 2890,80 manat əsas, 348,16 manat cərimə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı X2 məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq iddia tələbinin müdafiə edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçıdan müqavilə əsasında yataq mebeli almış, mebel quraşdırarkən şifonerdə qüsur aşkar edilmiş, usta səhərisi günü gəlmiş, lakin gətirdiyi şifonerin detalı yenə də qüsurlu çıxmış və o, şifonerin tam dəyişdrilməsini tələb etmiş, ona bildirmişlər ki, ona qəhvəyi rəngli şifioner gətirə bilərlər. O isə bununla razılaşmamışdır. Ona görə də ödənişləri etməmişdir. Əgər şifoner dəyişdirilərsə o qrafik üzrə ödənişləri edə bilər. Bu işlərdən məlumatı olmadığından və latın qrafikası ilə oxuya bilmədiyindən sənədləri ona imzalatdırmışlar, o isə onları məhkəməyə verməmişdir. İki ay aldadıb aylıq pullarını da almışlar. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə X2 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 313828 saylı alqı-satqı müqaviləsinə əsasən İ.Avdiyev tərəfindən Cavabdeh 3397 manat dəyərində mebel və mobil telefon satılmış, Cavabdeh həmin əmlak üçün ayda 283,08 manat olmaqla, 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə X2 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışa əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli 313828 saylı alqı-satqı müqaviləsi üzrə 3397 manat əsas borcundan bu günədək 506,20 manat ödəniş etmiş, 2890,80 manat əsas, 348,16 manat cərimə borcu qalmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 3397 manat məbləğində olan mebel və mobil telefonu Cavabdeh 12 ay müddətinə, hər ay 283,08 manat ödəmək şərti ilə satılmış və həmin əmlak cavabdehə təhvil verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən müqavilə şərtləri, yəni hər ay ödənilməli olan pul məbləği ödənilməmiş və nəticədə cavabdehin 2890,80 manat əsas, 348,16 manat cərimə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı yaranmış borcun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənilməmiş 2890,80 manat məbləğində borcun tutulması hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə 348,16 manat dəbbə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən icarəyə götürülmüş əmlakın alqı-satqı qiymətini, ödənilməmiş qalmış borcun və hesablanmış cərimənin əmlakın qiymətinə və ödənilməmiş qalmış borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin cavabdehin digər əmlak və əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulu 79,2 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə cavabdehin ona satılan mebet dəstində şifonerin qüsurlu olması və iddiaçı tərəfindən onun dəyişdirilməməsini əsas gətirərək ödənişin etməli olmaması barədə dəlilləri üzrə qeyd edir ki, istehlakçı kimi cavabdeh həmin halların aradan qaldırılması ilə əlaqədar məhkəmədə iddia qaldıra bilər. Bu hal hazırda qaldırılan iddianın rədd edilmə əsası kimi qiymətləndirilə bilməz. Məhkəməyə təqdim olunan sənədlərdə cavabdeh tərəfindən həmin əmlakın alınması, iddiaçı tərəfindən ona təhvil verilməsi müəyyən edildiyindən, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlik icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 xeyrinə xx.xx.2018-ci il tarixli 313828 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 2890,80 manat borc, 79,2 manat cərimə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 3000 (üç min) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-1908/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1908/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver