Məhkəmə qərarları › İş №2(009)-1927/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1927/2021

08.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1927/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil Hüseynqulu oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana onun istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı evin 31 saylı mənzilinin mülkiyyətçisi Azərbaycan Respublikasının Xalq artisti onun bibisi X3muşdur. Çimnaz Babayeva 2019-cu il 23 dekabr tarixində vəfat etmişdir. Bibisi vəfat edən vaxt ərdə olmamış və onun övladı yoxdur. Bibisinin ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış mənzildə yaşayır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Miras qalmış mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 3 saylı Asan xidmətin dövlət notariat kontoruna vərəsəlik açıldığı üçün müraciət etmişdir. X1 və bibisi X2 bacı-qardaş olmaları, atasının vəfat etməsi faktı sənədlərlə də və şahidlərlə də təsdiq edilə bilər. Hazırda o həmin mənzildə yaşamaq hüququndan qanunsuz məhrum olaraq kirayədə yaşayır. Belə ki, bibisi uzun müddət xəstə idi, yəni iflic olduğu vaxtlarda, o, bibisinin onun övladları tərəfindən narahat olmaması üçün onun yanına xidmətçi Cavabdeh gətirmiş və ona günəmuzd ödənişlə qulluq etməsini xahiş etmişdir. Hazırda xidmətçi qapının açarlarını dəyişərək, əlbir olduğu bir qrup şəxs tərəfindən saxta əl barmaq izi ilə təsdiqlənmiş saxta vəsiyyətnaməyə (bu barədə hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır) əsaslanaraq evin ona məxsus olmasını qeyd edərək, onu qanunsuz olaraq evə buraxmır. O işlədiyi üçün daim bibisinin yanında ola bilmədiyindən, bibisi mərhum Çimnaz Babayeva onun ona təqdim etdiyi xidmətçi Cavabdeh 4 dəfə qısa zamanlı etibarnamə vermişdir ki, onun adından komunal xidmətləri ödəyə bilsin. Bu da ona dəlalət edir ki, bibisi mərhum Çimnaz Babayeva Cavabdeh heç vaxt uzun bir müddətə etibar etməmiş və belə olan halda ona ev vəsiyyət etməsi mümkün deyildir. Hesab edir ki, hazırki halda o, mərhum bibisinin vərəsəsi kimi ünvan 1 ünvana istifadə hüququ əldə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil Hüseynqulu oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, mərhum X4 ilə Cavabdeh yaxın rəfiqə olublar. X4 xəstə olan vaxtdan son günə kimi ona Cavabdeh qulluq etmiş və vəsiyyətnamə də Cavabdeh adına tam qanuni olaraq tərtib olunmuşdur. İddiaçı və onun ailə üzvləri heç bir vaxt Çimnaz Babayeva baxmayıblar və yanına gəlməyiblər. Digər tərəfdən, İddiaçı mərhum Çimnaz Babayevanın birinci növbədə vərəsəsi deyildir. Ona görə də, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsassızdır və aşağıdakı əsaslara görə təmin olunmamalıdır. İş materiallarında olan 37 saylı MKİS-nin 01.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, N.Şahbazov küçəsi, 44 saylı evin 41 saylı mənzilində pasport qeydiyyatındadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ünvanlanmış 14.06.2021-ci il tarixli, **********78 nömrəli cavab məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Cavabdeh adına ünvan 3 ünvanında yerləşən 66 nömrəli mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ünvanlanmış 08.05.2021-ci il tarixli, 05/01- 1564/12 saylı cavab məktubundan görünür ki, X4 tərəfindən Bakı şəhəri 1 saylı dövlət notariat ofisində 12.04.2014-cü il, 14.q12.2016-cı il, 14.12.2019-cu il tarixlərdə etibarnamələrin verildiyi müəyyən edilmişdir və həmin etibarnamələrin etibarlılıq müddətinin bitməsi ilə bağlı xitam verilmişdir. İş materiallarında olan etibarnamələrdən görünür ki, mərhum X4 Cavabdeh etibarnamələr verərək ona çatası plastik kartı və pensiya pullarını almağa, bununla əlaqədar ona Azərbaycan Respublikasının müvafiq orqanlarında və digər lazımı idarə və təşkilatlarda təmsil etməyi, adından müraciət etməyi, ərizə yazmağı, imza atmağı və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər hüquqlu vərəsələr sayılırlar: 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunun yuxarıda qeyd olunan normalarının tələblərinə zidd olaraq iddiaçı miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən edildi ki, iddiaçı miras əmlakı nə rəsmi, notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə təqdim etməklə, nə də, faktiki, yəni əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla qəbul etməmişdir. Eləcə də, iddiaçı vərəsə kimi mənzildən istifadə hüququnun yaranmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, idia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı oğlunun Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar