Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1936/2021 13.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İlkin iddia üzrə ddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 və Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit üzrə borc tələbi” barədə ilkin, habelə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “müqavilənin ləğvi və s” barədə qarşılıqlı iddiası üzrə mülki işə 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit üzrə pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 30823,13 manat əsas borc, 6049,58 manat faiz borcu olmaqla ümumilikdə 36872,71 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 10 faizlə 180 ay müddətinə 36,210 manat məbləğində kredit götürmüşdür. "xxxx" MMC 15 aprel 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyəti öz üzərinə götürmüşdür. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Eyni zamanda "xxxx" MMC cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “müqavilənin ləğvi və s.” barədə qarşılıqlı iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 15.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, 15.04.2015-ci il tarixli Təminatlı kredit Müqaviləsi üzrə ödənilməmiş 36872,71 manat məbləğində borcun müqabilində 15.04.2015-ci il tarixli alqısatqı müqaviləsi üztə təminat predmeti olan Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, ümumi sahəsi 61,9 kv.m. ibarət olan 1 otaqlı 112 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi, mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 15.04.2015-ci il tarixli Zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 6, ümumi sahəsi 61,9 kv.m. ibarət olan 1 otaqlı 112 nömrəli mənzilə dair bütün hüquqları "xxxx" ASC-yə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki 15.04.2015-ci il tarixli Təminatlı kredit müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədəmüvafiqdir. Bu səbəbdən sözügedən mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməsi daha düzgündür. Sonradan ilkin iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 30823,13 manat əsas borc, 6957,15 manat faiz borcu olmaqla ümumilikdə 37780,28 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ilkin iddianı qəbul etmişdir. O, eyni zamanda qarşılıqlı iddia tələbinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin olunması, ilkin iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hər iki iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 2-15-04- 2015-YS-AAAF-RO saylı 15.04.2015-ci il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 36,210 AZN məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 10 faiz ödəməyi öhdəsinə götürür. Kredit 180 ay müddətinə verilmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 15.04.2015-ci il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə ilkin iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli və əsas borc məbləği hesablanmış faiz borcu ilə birgə cavabdehdən ümumi qaydada tutulmalıdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06.09.2021ci il tarixli 9/5680 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla əsas borc 30829,14 manat, faiz borcu 6050,92 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin digər cavabdehin hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh2 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin "xxxx" MMC isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin: 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarında olan sübutları istinad olunan qanunvericilik normaları ilə yanaşı yoxlayaraq qeyd edir ki, "xxxx" MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 15.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Belə ki, sözügedən müqavilə "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlandığından müqavilənin məhkəmə müstəvisində ləğvi üçün 2 hal mövcuddur: birinci hal tərəflərin hər ikisinin razılığı olduğu halda, ikinci hal isə tərəflərdən birinin tələbi ilə yalnız o şərtlə ki digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Cavabdeh2 izahatında müqavilənin ləğvi tələbini qəbul etməyərək, tələbə münasibətdə öz iradə ifadəsini bildirmişdir. Belə olan halda qeyd olunan birinci şərt öz təsdiqini tapmır. İkinci şərtə münasibətdə isə məhkəmə qeyd edir ki, "xxxx" MMC ərizəsində müqavilənin ləğvinə əsas kimi Cavabdeh2 tərəfindən banka olan ödənişlərin lazımi qaydada və vaxtda yerinə yetirilmədiyinə istinad edir. Halbuki tərəflər arasında bağlanmış həm alqı-satqı müqaviləsində, həm də bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsində borclunun kreditorun tələbini vaxtında təmin etməməsinin tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozmasına və 15.04.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas verəcəyinə dair hər hansı bir şərt razılaşdırılmamışdır. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələbinin “zaminlik müqaviləsinin ləğvi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassız sayılmalıdır. Mülki Məcəllənin 477-ci maddəsinin tələblərinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd olunan normalara istinad edərək qeyd edir ki, hazırki işdə tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin ləğvinə və ya xitamına səbəb ola biləcək hər hansı bir hal mövcud olmadığından, habelə MMC zaminlik müqaviləsini öz müstəqil iradə ifadəsi ilə bağlamış olduğundan zaminlik müqaviləsinin ləğvinə heç bir əsas yoxdur. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, ilkin iddia tələbi qismən təmin olduğu, qarşılıqlı iddia tələbi təmin olunmadığından hazırkı iş üzrə məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 15.04.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 30823,13 manat əsas borc, 6050,92 manat faiz borcu olmaqla, ümumilikdə 37780,28 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 40 manat hissəsi "xxxx" ASC-dən, 60 manat hissəsi isə Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************,DövlətXəzinədarlığıAgentliyi,KOD210005;VÖE N**********;MüxbirhesAz41NABZ**********0********** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1936/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1936/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver