Məhkəmə qərarları › İş №2(009)-1939/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1939/2020

08.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1939/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin həcminin artırılaraq 170 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment və hər ay 80 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, uşaqlar üçün bu il yaşayış minimumu 170 manat müəyyən edildiyindən aliment artırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, 132 manat 50 qəpik aliment ödənilir. Həmin məbləğ uşağın saxlanılması üçün kifayət etmir. İşləmir, çatdıra bilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, 270 manat əmək haqqı alır, yeni nikaha daxil olub və yeni nikahdan bir uşağı var. Bu səbəbdən də, tələb olunan məbləği ödəməyə etiraz etmişdir. Mülki iş materiallarında olan Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(003)-4753/2017 saylı qətnaməsindən görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək Cavabdehhər ay aylıq qazancının ¼ hissəsi miqdarında aliment və hər ay 80 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Mülki iş materiallarında olan “Azəri” firmasının 35 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh “Azəri” firmasında mühəndis mexanikinin köməkçisi vəzifəsində işləyir, orta aylıq əmək haqqı 270 manat təşkil edir. İş materiallarında olan AZ-İİ 317887 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh X2 ilə xx.xx.2019-cu il tarixdə nikahları bağlanmışdır. Nikahdan sonra ərə Əzizov, arvada Əzizova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV-357856 doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu ildə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh digər nikahından da bir uşağının olması, eyni zamanda hər ay 270 manat əmək haqqı alması, onun minimum dolanacaq xərclərindən az məbləğdə aliment ödəməsi üçün əsas ola bilməz. Çünki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2020-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 170 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment məbləği 170 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 170 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qararının 82/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün alimentin məbləği artırılsın, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 170 (yüz yetmiş) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar