Məhkəmə qərarları › İş №2(009)-1944/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1944/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1944/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı “X4” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” ASC Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə əsas borcun, faiz borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4” ASC Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh1 və Cavabdeh2 “X4” ASC –nin xeyrinə 18895.27 (on səkkiz min səkkiz yüz doxsan beş iyirmi yeddi qəpik) əsas borc, 1618.32 (min altı yüz on səkkiz manat otuz iki qəpik) faiz borcu, ümumilikdə 20513.59 (iyirmi min beş yüz on üç manat əlli doqquz qəpik) manat məbləğində pulun və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək “X4” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh1 və Cavabdeh2 “X4” ASC –nin xeyrinə 18895.27 (on səkkiz min səkkiz yüz doxsan beş iyirmi yeddi qəpik) əsas borc, 2233.99 (iki min iki yüz otuz üç manat doxsan doqquz qəpik) faiz borcu, ümumilikdə 21129.26 (iyirmi bir min yüz iyirmi doqquz manat iyirmi altı qəpik) manat məbləğində pulun və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə illik 23 faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 19400 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 18895.27 manat məbləğində əsas borc, 1618.32 manat məbləğində faiz borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan “X4” ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. İllik 23 % olmaqla 48 ay müddətinə 19400 manat kredit verilmişdir. İş materiallarında olan “X4” ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 1025730/18599 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, cavabdehə Banka olan borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh borcunu xx.xx.2020ci il tarixdən başlamalı, hər ay 621.80 manat ödəməklə, xx.xx.2023-cü il tarixdə bitməli idi. İş materiallarında olan maliyyə arayışından görünür ki, 504.73 manat əsas borc ödənilmiş, xx.xx.2020-ci il tarixinə 18895.27 manat əsas borc və 1618.32 manat faiz borcu qalmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin Müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Mülki Məcəllənin 472.1-ci və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “X4” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “X4” ASC–nin xeyrinə 18895.27 (on səkkiz min səkkiz yüz doxsan beş manat iyirmi yeddi qəpik) əsas borc, 2233.99 (iki min iki yüz otuz üç manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 21129.26 (iyirmi bir min yüz iyirmi doqquz manat iyirmi altı qəpik) manat məbləğində borcu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X4” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “X4” ASC–nin xeyrinə 18895.27 (on səkkiz min səkkiz yüz doxsan beş manat iyirmi yeddi qəpik) əsas borc, 2233.99 (iki min iki yüz otuz üç manat doxsan doqquz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 21129.26 (iyirmi bir min yüz iyirmi doqquz manat iyirmi altı qəpik) manat məbləğində pulun və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar