Məhkəmə qərarları › İş №2(009)-1956/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1956/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1956/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 42000 manat məbləğində əsas borc, 4588.54 manat məbləğində faiz borcu və 2408.33 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 48996,87.38 manat borcun, iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, X5 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 36 ay müddətinə 42000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh ilə 02 dekabr 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdlən boyun qaçırır. 29 iyun 2021-ci il tarixədək X2 banka 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 42000 manat əsas borc, 4588.54 manat faiz borcu və 2408.33 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 48996.87 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələblərini müdafiə edərək ərizədə qeyd olunanlara uyğun izahat verdi və tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və izah etdi ki, X5 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 36 ay müddətinə 42000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh ilə 02 dekabr 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. X1 27 dekabr 2020-ci il tarixdə ürək çatmamazlığından ölmüşdür. Bu barədə banka zamin Cavabdeh məlumat vermişdir. 29 iyun 2021-ci il tarixədək X2 banka 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 42000 manat əsas borc, 4588.54 manat faiz borcu və 2408.33 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 48996.87 manat borcu vardır. Cavabdeh həmin kredit müqaviləsi üzrə zamin olduğundan ona həmin borcun ödənilməsi barədə xəbərdarlıq edilsə də, o, zaminlik müqaviləsinin şərtlərini pozaraq, zamin kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən və borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, mərhum X5 onun iş yoldaşı olub və ondan xahiş etmişdir ki, o, ev almaq üçün bankdan pul götürür, ona zamin dursun. O, L.Hacızadənin bankdan nə qədər pul götürdüyü ilə maraqlanmamış və zaminlik müqaviləsini oxumadan imza etmişdir. 27 dekabr 2020-ci il tarixdə Leyla Hacızadə ürək çatmamazlığından ölmüşdür. O bu barədə banka dərhal məlumat vermişdir. Onun L.Hacızadənin borcunu ödəməyə imkanı yoxdur. Bundan əlavə bildirmək istəyir ki, mərhumun miras əmlakı var, onun yaxın qohumları həmin mirası qəbul etmir ki, mərhumun İddiaçı ASC-yə olan borcunu ödəməsinlər. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan X5 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, X5 İddiaçı ASC-dən illik 19 faizlə 36 ay müddətinə 42000 manat kredit götürmüşdür. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh X2 İddiaçı ASC qarşısında kredit borcu öhdəlikləri üzrə zamin durmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 29.06.2021-ci il tarixə İddiaçı ASC-yə 42000 manat əsas borc, 4588.54 manat faiz borcu, 2408.33 manat cərimə borcu olmaqla, ümumilikdə 48996.87 manat borcu vardır. vardır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Təqdim olunmuş maliyyə arayışından görünür ki, X2 27.12.2020-ci il tarixə İddiaçı ASC-yə 42000 manat əsas borc, 576.23 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 42576.23 manat borcu vardır. Təqdim olunmuş AZ-İİ 154380 nömrəli, 08.01.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27.12.2020-ci il tarixdə sol mədəçik çatmamazlığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021 ilin 01 ayının 08 günündə 45 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borcu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xarclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, X5 02 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 19 faizlə 36 ay müddətinə 42000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh ilə 02.12.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu Leyla Hacızadə 27.12.2020-ci il tarixdə sol mədəcik çatmamazlığından vəfat etmişdir. Borcun təminatı olaraq zamin Cavabdeh borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Lakin zamin ödənişlər etməmiş və nəticədə 29.06.2021-ci il tarixə banka 42000 manat əsas borc, 4588.54 manat faiz borcu, 2408.33 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli Qərarında izah etmişdir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının izahını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddiaçı bankın kredit müqaviləsi üzrə zamin kimi Cavabdeh 42000 manat əsas borc tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, faiz borcu və dəbbə pulunun tutulması hissəsi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. Konstitusiya Məhkəməsi Plenumu yuxarıda göstərilən qərarında izah etmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də, məsuliyyət daşıyırlar. Plenum izah etmişdir ki, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının izahını rəhbər tutaraq, məhkəmə hesab edir ki, faiz borcu tələbi hissəsində iddia qismən, yəni X2 27.12.2020-ci il tarixə olan 576.23 manat faiz borcu məbləğində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın 2408.33 manat cərimə borcu hesablaması ədalətli deyildir və bu məbləğin müvafiq olaraq 420 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 02.12.2020-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 02.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə 42000 (qırx iki min) manat əsas borc, 576,23 (beş yüz yetmiş altı manat iyirmi üç qəpik) manat faiz borcu, 420 (dörd yüz iyirmi) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar