Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1987/2020 16.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1163.73 manat əsas borcun və 30.40 manat dövlət rüsümunun alınaraq İddiaçı MMC xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixindən əmək müqaviləsi, o cümlədən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Sürücü Cavabdeh İddiaçı MMC-də avtobus sürücüsü vəzifəsinə qəbul edilmiş və xx.xx.2020-ci il tarixədək yəni, öz ərizəsi ilə tutduğu vəzifədən azad edilənədək həmin vəzifədə xidmət etmişdir. Cavabdeh əmək müqaviləsi üzrə xidməti vəzifəsini yerinə yetirən zaman müvafiq vəzifə təlimatları üzrə öhdəlikləri bir neçə dəfə pozmuş, və o cümlədən inzibati xətalara yol verərək yol-nəqliyyat hadisələri törətmiş nəticədə isə Cəmiyyətin əmlakına maddi ziyan vurmuşdur. Belə ki, həmin şəxs xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə 7B nömrəli marşurut xəttində xidmətdə olan zaman yol-nəqliyyat hadisələri törətmişdir. Hər iki hadisənin də baş verdiyi yerə sığorta şirkətinin nümayəndələri və DYP əməkdaşları gəlib araşdırma aparmış, Cavabdeh təqsirli olduğu müəyyən edilmiş, özü isə bu faktları etiraf etmişdir. Beləliklə nəticədə həmin hadisələrin baş verdiyi vaxt Cavabdeh idarə etdiyi “İveco”markalı, **-JH-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusların hər birinə müvafiq olaraq 7964,68 və 30154,98 manat məbləğində maddi ziyan dəymişdir. Bu faktları müvafiq olaraq 5738 və 6015 nömrəli zərər aktları da təsdiq edir. Cavabdehin 1163,73 manat məbləğində borcu qalmışdır. Könüllü olaraq İddiaçı MMC-nin əmlakına (avtobusa) vurduğu ziyana görə ödənilməmiş məbləğin ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilərsə də, heç bir nəticə olmamışdır. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülkiprosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən-xx.xx.2019-cu il tarixədək Cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən o İddiaçı MMC-də sürücü vəzifəsində işə qəbul edilmişdir. Həmçinin İddiaçı MMC və sürücü Cavabdeh arasında tam məsuliyyət haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan İRİŞ-858 saylı, xx xxx 2020-ci il tarixli ƏMR-dən görünür ki, Cavabdeh əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarında olan İRİŞ-624 saylı, xx xxxxx 2020-ci il tarixli ƏMR-dən görünür ki, vəzifə təlimatından irəli gələn öhdəlikləri düzgün icra etmədiyinə və cəmiyyətə dəymiş maddi ziyana görə QTİND-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsinin avtobus sürücüsü Cavabdeh əmək haqqından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən 1000 manat azadolma məbləği üzrə 500 manat məbləğində dörd hissəyə bölünməklə tutulması qeyd edilmişdir. İş materiallarında olan İRİŞ-821 saylı, xx xxxxx 2020-ci il tarixli ƏMR-dən görünür ki, vəzifə təlimatından irəli gələn öhdəlikləri düzgün icra etmədiyinə və cəmiyyətə dəymiş maddi ziyana görə QTİND-nin Marşrut xətlərinin idarəedilməsi şöbəsinin avtobus sürücüsü Cavabdeh əmək haqqından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898-ci maddəsinə əsasən 1000 manat azadolma məbləği üzrə 1000 manat məbləğin müvafiq qaydada tutulması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 5738 nömrəli zərər aktına əsasən ** JH *** nömrəli, “İveco Crealis” markalı avtobusa 7964.68 manat məbləğində zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 6015 nömrəli zərər aktına əsasən ** JH *** nömrəli, “İveco Crealis” markalı avtobusa 30.154.98 (otuz min yüz əlli dörd manat doxsan səkkiz qəpik) manat məbləğində zərər dəymişdir. Mülki iş materiallarına olan Cavabdeh ünvanlanmış ziyanın ödənilməsi barədə bildirişlə borcun ödənilməsi, ödənilməməsi halında məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur.Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq, qanunverici, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini sadalayaraq, onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi) və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi) vəzifələrini müəyyən etmişdir. ƏM-nin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. ƏM-nin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. MM-in 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, vurduğu ziyana görə işçinin işəgötürən qarşısında maddi məsuliyyət daşıması üçün işçinin təqsirli şəkildə, yəni qəsddən və ya ehtiyatsızlıqla hər hansı əməl törətməsi, işəgötürənə ziyanın həqiqətən vurulması, işçinin əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və bu əməllə onun nəticəsi arasında səbəbli əlaqənin müəyyən olunması zəruridir. Bununla belə, o da nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub və onların orta aylıq əmək haqqı miqdarında ödənilir. Eyni zamanda, qanunverici, işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıması əsaslarını da müəyyən etmiş və bu əsaslardan biri kimi əmək münasibəti tərəflərinin işçinin tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilənin bağlanması halını nəzərdə tutmuşdur. Belə ki, ƏM-nin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə görə, işçi, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-ci maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Mülki iş materiallarından aydın olur ki, tərəflər xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlayarkən, həmçinin Cavabdeh ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasına dair tam maddi məsuliyyət barədə müqavilə bağlamışdır. Başqa sözlə, Cavabdeh, işəgötürən İddiaçı MMC qarşısında qanuna zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşımağa dair öz üzərinə öhdəlik götürmüşdür. Belə olan halda, hazırıkı mülki iş üzrə araşdırma predmetini Cavabdeh qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıması üçün ilk növbədə işçinin əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalıdır. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir (Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarı). Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh əmək müqaviləsi və tam maddi məsuliyyət daşıması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək ona etibar edilmiş “İveco Crealis” markalı, **-JH-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobuslarına ziyan vurmuşdur. ƏM-nin 10-cu maddəsinin “a”, “ç” və “f” bəndlərinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq və əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələridir. Bu hal isə ona dəlalət edir ki, Cavabdeh sözügedən hərəkətləri qanuna ziddir. Bundan başqa, işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıması üçünziyanın (zərərin) həqiqi olması da müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə zərər dedikdə, şəxsin əmlakında hər hansı formada baş verən azalma başa düşülür. Eyni zamanda, ƏM-nin 202-ci maddəsinin 1-ci və 2-ci hissələrinə görə, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici, təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işçi öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Lakin, hazırkı mülki işdə Cavabdehməhkəmə iclasında iştirak etməməklə “İveco Crealis ” markalı, **-JH-*** və **-JH-*** dövlət qeydiyyat nişanlı avtobuslara zərər dəyməsində təqsirinin olmadığını sübuta yetirə bilməmişdir. Əksinə, adı çəkilən avtomobilə ziyan dəyməsində cavabdehin təqsirli olması iş materiallarında izahatı ilə təsdiqlənir.Eyni zamanda, cəmiyyətin məruz qaldığı zərər cavabdehin hüquqa zidd hərəkəti nəticəsində yaranmış və bunlar arasındakı səbəbli əlaqəni yuxarıda sadalanan sübutlar tam təsdiqləyir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdehəmək qanunvericiliyi çərçivəsində İddiaçı MMC qarşısında tam maddi məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh 1163.73 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1163,73 manat və 30 manat dövlət rüsumu məbləğində pul alınaraq İddiaçı MMC ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1163.73 (min yüz altmış üç manat yetmiş üç qəpik) manat və iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu pul alınaraq İddiaçı MMC ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Hüseynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-1987/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1987/2020
16.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver