Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1992/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh1 və onun nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit üzrə borc tələbi” barədə iddiası üzrə mülki işə 10 noyabr 2021-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit üzrə pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 33595,03 manat əsas borc, 12644,81 manat faiz borcu olmaqla ümumilikdə 46239,84 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 16 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 10 faizlə 180 ay müddətinə 36,590 manat məbləğində kredit götürmüşdür. "xxxx" MMC 16 mart 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyəti öz üzərinə götürmüşdür. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsaslanaraq iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 33595,03 manat əsas borc, 13540,67 manat faiz borcu olmaqla ümumilikdə 47135,70 manat borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cavabdehlər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh1 ona verilmiş hüquqdan istifadə edərək, 14 mart 2015-ci il tarixli müqavilənin ləğv olunması, 61 saylı mənzilin geri qaytarılması və müvafiq bank vasitəsilə ödədiyi pulun ona qaytarılması haqqında ərizə ilə "xxxx" MMC-nin direktoruna müraciət etmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış 16 mart 2015-ci il tarixli Kredit müqaviləsinin 7.3-cü bəndində nəzərdə tutulmuş qrafik üzrə ödənişlər 3 ay müddətinə aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün müqavilənin predmeti olan mnzil üzrə bütün hüquqları borc verənə yəni banka keçir. 14 martrt 2015-ci il tarixli müqavilə ləğv edilmiş və bununla bağlı "xxxx" MMC tərəfindən banka ünvanlanmış məktubla bank məlumatlandırılmışdır. Kredit müqaviləsinin 15.8-ci bəndinə müvafiq olaraq mənzil üzrə bütün hüquqlar banka keçdiyinə görə Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərinə xitam verilmişdir. Bundan başqa müqavilənin predmeti olan mənzil müqavilə bağlanarkən tikilməmişdir və mənzil tam tikilib hazır olduqdan sonra Alıcıya təhvil verilməli idi. Lakin müqavilə bağlandıqdan uzun müddət vaxt keçməsinə baxmayaraq mənzilin tikilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. O, eyni zamanda iddia müddətinin buraxıldığı barədə ərizə təqdim edərək bildirmişdir ki, kredit müqaviləsi üzrə cavabdeh tərəfindən son ödəniş 05.09.2017-ci il tarixdə olmuşdur. Həmin tarixdən hazırki iddianın qaldırıldığı tarixədək olan 3 il 9 ay 2 gün təşkil edir ki, bu da həmin kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi bildirmişdir ki, bank tərəfindən hazırki vaxta kimi sözügedən mənzilin alınması üçün MMC-nin hesabına köçürülmüş əsas məbləğ hissəsində iddia tələbini qəbul edir, lakin qalan hissədə tələbin təmin olunmamasını xahiş edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 1-16-03- 2015-YS-AAAF-AE saylı 16.03.2015-ci il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 36,590 AZN məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 10 faiz ödəməyi öhdəsinə götürür. Kredit 180 ay müddətinə verilmişdir. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 16.03.2015-ci il tarixli «Zaminlik Müqaviləsi»ndən görünür ki, zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.2, 428.4, 442-ci, 445, 449.4, 462.3-cü maddələrinə müvafıq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflərdən birinin tələbi ilə Müqavilə yalnız digər tərəf Müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya Müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh Kredit Müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirməmişdir. Ona görə də, iddia təmin edilərək əsas borc məbləği hesablanmış faiz borcu ilə birgə cavabdehdən ümumi qaydada tutulmalıdır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.10.2021ci il tarixli 9/5681 №-li rəyinə əsasən, eskpert tədqiqatının nəticəsində 16 mart 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla əsas borc 33443,24 manat, faiz borcu 12689,85 manat məbləğində müəyyən edilmişdir. Ekspert rəyinin kifayət qədər əsaslandırıldığını nəzərə alaraq, cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsində ekspertin rəyinin əsas götürülməsini daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin digər cavabdehin hazırkı iddia tələbinə cavabdehliyi ilə bağlı qeyd edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmadığı üçün, zamin "xxxx" MMC isə zaminlik müqaviləsinə əsasən kredit üzrə əsas öhdəliyə görə məsuliyyəti öz üzərinə götürdüyü səbəbindən, bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, sözügedən müqavilə 16.03.2015-ci il tarixdə 180 ay müddətinə bağlanılmışdır. Müqavilə hazırki vaxta kimi ləğv edilməmiş və müddəti bitməmişdir. Bank müqavilə müddətinin qüvvədə olduğu müddət ərzində qanunla müəyyən edilmiş 3 il müddəti ötürməməklə 08.07.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bu səbəbdən cavabdehin müddətin tətbiqi ilə bağlı ərizəsi əsassız sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin olduğundan hazırkı iş üzrə məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 33443,24 manat əsas borc, 12689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 40 manat hissəsi "xxxx" ASC-dən, 60 manat hissəsi isə Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutulub dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN**********;AZ41NABZ********************,DövlətXəzinədarlığıAgentliyi,KOD210005;VÖE N**********;MüxbirhesAz41NABZ**********0********** S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-1992/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1992/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver