Məhkəmə qərarları › İş №2(009)-1993/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1993/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1993/2021 16.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 35.278,13 (otuz beş min iki yüz yetmiş səkkiz dollar, 13 sent) ABŞ dolları borc-bundan 9854,94 (doqquz min səkkiz yüz əlli dörd dollar, 94 sent) ABŞ dollar əsas, 11.038,65 (on bir min otuz səkkiz dollar, 65 sent) ABŞ dolları faiz, 12.966,59 (on iki min doqquz yüz altmış altı dollar, 59 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1418,95 (bir min dörd yüz on səkkiz dollar, 95 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 26% ödənilməsi ilə 36 (otuz altı) ay müddətinə ilkin məbləğ 10.200 (on min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə Kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.12.2020-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 35.278,13 (otuz beş min iki yüz yetmiş səkkiz dollar, 13 sent) ABŞ dolları təşkil edir. Bundan 9854,94 (doqquz min səkkiz yüz əlli dörd dollar, 94 sent) ABŞ dolları əsas, 11.038,65 (on bir min otuz səkkiz dollar, 65 sent) ABŞ dolları faiz, 12.966,59 (on iki min doqquz yüz altmış altı dollar, 59 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1418,95 (bir min dörd yüz on səkkiz dollar, 95 sent) ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.1.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə ilkin məbləğ 10.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə Kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.12.2020-ci il tarixinə cavabdehin kredit üzrə cəmi borcu 35.278,13 ABŞ dolları təşkil edir. Bundan 9854,94 ABŞ dolları əsas, 11.038,65 ABŞ dolları faiz, 12.966,59 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1418,95 ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsi olmasa da, cavabdehin bankdan kredit götürməsini təsdiq edən məxaric orderi var. Cavabdeh pul götürməsini öz imzası ilə təsdiq edib, müxtəlif vaxtlarda isə ödənişlər edib. Bu səbəbdən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 izahat verərək bildirmişdir ki, müqavilə 17 fevral 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır. Yəni 15 fevral 2018-ci il tarixdə müqavilənin müddəti bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan (müddət 2021-ci ilin fevral ayında bitib) iddia müddətinin tətbiq edilməsini və əlavə olaraq kredit müqaviləsi iş materiallarında olmadığından iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 29.12.2020-ci il tarixli, **********835 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 9854.94 ABŞ dolları əsas borcu, 11038.65 ABŞ dolları faiz borcu, 12966.59 ABŞ dolları borcun gecikdirildiyinə görə hesablanmış cərimə, cəmi 35278.13 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı iddia ərizəsini verərkən, mübahisələndirilən 17.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulan pul vəsaitinin cavabdeh tərəfindən alınmasını təsdiq edən 17.02.2015-ci il tarixli kassa məxaric orderini əlavə etmişdir. Məhkəmə qeyd edir ki, kredit münasibətlərində müqavilə şərtlərinə əsasən pulun kredit alana verilməsini təsdiq edən sənəd kassa-məxaric orderidir. İddiaçının təqdim etdiyi 17.02.2015-ci il tarixli kassa-məxaric orderində müştərinin imzası qrafasındakı imza Cavabdeh məxsusdur. Cavabdehə həmin kassa-məxaric orderi ilə verilən məbləğ sözügedən kredit müqaviləsinə əsasən verildiyi görünsədə 17.02.2015-ci il tarixli müqavilənin əsli və ya təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən mülki qanunvericiliyin normalarının tələblərinə görə tərəflər arasında öhdəliklər (o cümlədən kredit müqaviləsi üzrə faiz, cərimə və s.) müqavilədə şərtləndirilir. Lakin iddiaçı kredit müqaviləsini təqdim edə bilmədiyindən, həmin müqavilə üzrə borcun hansı məbləğdə olması, hansı qaydada hesablanmasını müəyyən etmək mümkün deyil. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən hər hansı qanuni əsas olmadan məxaric orderi ilə verilən məbləği mənimsəməklə iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla cavabdeh əsassız varlanmışdır. Bununla bağlı məhkəmədə iddia qaldıraraq cavabdehdən hər hansı qanuni əsas olmadan verilmiş 10.200 ABŞ dollarını tələb edə bilər. Məhkəmə hesab edir ki, tələbin əsasını təşkil edən müqavilənin mövcudluğu qeyrimüəyyən olduğu halda hazırki iddia tələbi üzrə alavə araşdırılmanın aparılmasından söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Cavabdeh irəli sürülmüş tələb üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh qeyd edilən ərizəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Tərəflər arasında 17.02.2015-ci il tarixli kredit müqaviləsi 36 ay müddətinə bağlanılmış və müqavilənin müddəti 17.02.2018-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi isə 08.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 368-ci maddəsinə əsasən vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. Qeyd edilən Məcəllənin 369.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 371.1-ci maddəsinə əsasən əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər. Məhkəmə qeyd edir ki, hazırki tələb üzrə iddia müddətinin axımı 17.02.2018-ci il tarixdə başlamış və 217.02.2021-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən iddia ərizəsi 08.07.2021-ci il tarixdə məhkəməyə təqdim olunduğundan iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar