Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2000/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Т.Н.Məmmədovun, İlkin iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı D.M.Mustafazadənin, onun vəkili R.Z.Əliyevin, İlkin iddia üzrə Cavabdeh2 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə ilk iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı əsas borcun azaldılması, faiz və dəbbə pulunun silinməsi, güzəştli müqavilənin bağlanması barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2015-ci il tarixli İKM 376 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Təbriz” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 376 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirməmiş,o ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 1590,70 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 453,32 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 235,18 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış cərimə borcu 437,16 ABŞ dolları, cəmi isə 2716,36 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1590,70 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci tarixə 453,32 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 235,18 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 437,16 ABŞ dolları cərimə borcunun, cəmi isə 2716,36 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı əsas borcun azaldılması, faiz və dəbbə pulunun silinməsi, güzəştli müqavilənin bağlanması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Təbriz filialı ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 376 saylı istehlak kredit müqaviləsi əsasında ona 1800 ABŞ dolları kredit verilmişdir. Müqavilədə kredit müqaviləsinin predmeti olaraq 1800 ABŞ dolları göstərilsə də, həmin vəsait Azərbaycan manatı ilə verilmişdir. Yəni kredit faktiki olaraq manatla verildiyi üçün münasibətlərinin müqavilədə dollarla rəsmiləşdirilməsindən xəbərsiz olmuşdur, müqavilə imzalanarkən bu barədə ona deyilmədi, sadəcə imzalatdırıldı. O, kredit özü üçün deyil, həmin müqavilədə zamin kimi çıxış edən, hazırki işdə digər cavabdeh olan Cavabdeh2 üçün götürmüşdür və müqavilə bağlanan kimi həmin vəsait dərhal ona verilmişdir. Müqavilə müddətinin ilkin dövrlərində həyata keçirilmiş ödənişlər də manatla və Cavabdeh2 tərəfindən aparılmışdır. Sözügedən kredit götürülən vaxt dolların kursu 1,05 manat olmuşdur və həmin vaxt müqavilə öhdəlikləri qrafikə uyğun yerinə yetirildi. Lakin, dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar 2015-ci ilin fevral ayından başlanan manatın devalvasiyaya məruz qalması,başqa sözlə dolların bahalaşması prosesi 2015-ci ilin dekabr ayının 21-də üzən məzənnə rejiminə keçirməklə 1 ABŞ dolları 1,55 manat səviyyəsində müəyyən olundu, faktiki olaraq isə 1 ABŞ dolları 1,90 manata qədər bahalaşdı. Dolları onların kredit münasibətlərinin valyutası olduğundan onun bahalaşması kredit müqaviləsinin icrasına bilavasitə təsir etməklə bərabər, dolanışıq xərclərini də kifayət qədər yüksəltdi ki, nəticədə bütün bunlar müqavilənin icrasını mümkünsüz hala gətirdi. O, həmin səbəblərdən və bu bu faktorlara özünəməxsus şəkildə dəstək verən faizlər üzündən banka ödənişlər dayandırıldı və borc yarandı. Yaxşı bilirlər ki, yuxarıda sadalanan və kreditin ödənilməsini mümkünsüz hala gətirən halların heç biri kredit götürəndən asılı olmadığı üçün subyektiv xarakterli sayıla bilməzdi, buna görə də onun risk dairəsinə daxil edilməsi absurd olardı. Ölkədə yüz minlərlə insanın belə bir problemi yaşaması və problemin yaranmasının obyektiv səbəbləri, habelə bank-maliyyə sisteminin bu vəziyyətdən zərər görməsi bu məsələlərin dövlət tərəfindən qanunvericilik qaydasında həlli zərurətini ortaya qoydu. Və beləliklə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx.xx.2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalandı. Həmin Fərmanın 1-ci hissəsində göstərilir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan ediyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: ...1.2. 2015-ci ilin fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi,...Həmin Fərmanla banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlamaq təklifi etmək, borcların restrukturizasiyası ilə əlaqədar həmin kreditlərə hesablanmış faizlərin (həmçinin dəbbə pulu (cərimə, peniya)) silinməsi tövsiyə olunur. Sözügedən Fərmanda güzəştli kreditin və restrukturizasiyanın izahı verilərək fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə güzəştli kreditin verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxsləri problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq problemin həlli ilə əlaqədar dəfələrlə X1 Palatasına və Mərkəzi Banka müraciət etsə də, onlar birbirinin üstiünə göndərməklə onun müraciətlərinə baxmamışlar. Hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC-nin ona qarşı irəli sürdüyü iddia əsassızdır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinine həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına ziddir, buna görə də ilk iddia rədd edilməli, onun tərəfindən verilmiş qarşılıqlı iddia həmin Fərmana uyğun şəkildə təmin olunmaqla pozulmuş hüquqları bərpa olunmalıdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh1 ilk iddia tələbinin rədd edilməsi barədə, xx.xx.2015-ci il tarixli, İKM 376 saylı istehlak kredit müqaviləsi üzrə əsas borcun manatla artmış hissədə azaldılması, hesablanmış faizlərin və dəbbə pulunun (crimə, peniya) silinməsi barədə, İddiaçı ASC-nin üzərinə onunla illik 1 faiz olmaqla 5 il müddətinə yeni güzəştli kredit müqaviləsinin bağlanılması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, cavabdehin krediti Fərmanın təmir altına düşməmişdir. Belə ki, siyahıda onun adı yerləşdirilməmişdir. Siyahıda adı olan şəxslərin götürdüyü kreditin güzəşt olan hissəsi banka Mərkəzi Bank tərəfindən ödənilən pul vəsaiti hesabına silinir. Lakin cavabdehə münasibətdə bu hal mövcud deyil. Cavabdeh inzibati məhkəməyə müraciət etməklə bunları aydınlaşdıra bilər. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini, ilkin iddianı isə qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə Cavabdeh2 öz izahatında göstərmişdir ki, xəstələri olduğu üçün Dilarə xanımdan xahiş etmişdir ki, onun üçün kredit götürsün. Bank bağlanmayana qədər ödənişlər edilmiş. Manat devalvasiya olduğu üçün ödənişləri gecikdirmiş, sonra ona bildirmişlər ki, ödənişlər baş ofisdə olmalıdır. Ora getmək üçün 3 marşrut dəyişməli olmuşdur. hər dəfə getmək imkanı olmamışdır. aylıq ödənişlərin məbləği də çoxdur. Əgər bank güzəşt edib məbləği azaldıb və aylıq ödənişlərin miqdarını azaltsa, az-az krediti bağlaya bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş üzrə İddiaçı ASC-nin “Təbrik” filialı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli İKM 376 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə “Borc verən” qismində İddiaçı ASC-nin “Təbriz” filialı ilə “Borc alan” qismində Cavabdeh1 və “Zamin” qismində Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 1590,70 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 453,32 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 437,16 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 235,18 ABŞ dolları borc, cəmi 2716,36 ABŞ dolları borcu var. Məhkəmə verilmiş ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin Təbriz filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 24 ay müddətinə, illik 28% qaytarmaq şərti ilə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsinə digər Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun banka 1590,70 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 453,32 ABŞ dolları faiz, 437,16 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 235,18 ABŞ dolları, cəmi 2716,36 ABŞ dolları borcu yaranmışdır. İddiaçı LPOİddiaçı ASC tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən iddiaçı yaranmış borcalandan və zamindən müştərək qaydada tutulmasını xahiş etmişdir. Cavabdeh1 tərəfindən irəli sürülmüş qarşılıqlı tələbdən görünür ki, kredit müqaviləsi ABŞ dolları ilə bağlanılsa da, kredit faktiki manatla verilmiş. Bu səbəbdən müqavilənin ABŞ dolları ilə rəsmiləşdirilməsindən xəbəri olmamış və müqaviləni imzalayan zaman ona bu barədə məlumat verilməmiş. Kredit müqaviləsi üzrə götürülən pulu həmin an zamin Cavabdeh2 vermiş və müqavilə müddətinin ilkin dövrlərində ödənişlər də manatla aparılmışdır. Digər tərəfdən krediti götürdükdən sonra devalvasiya baş vermiş və nəticədə kredit borcunun qaytarılması mümkün olmamışdır. xx.xx.2019-cu il tarixdə AR Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı imzalanmışdır. Həmin Fərmana uyğun olaraq hesab edir ki, onunla bağlanılmış müqavilə restrukturizasiya olunmalı idi və faizlər silinməli idi. Bu səbəbdən iddiaçı ilk iddianın rədd edilməsi, onunla bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun manatla artmış hissədə azaldılması, hesablanmış faizlərin və dəbbə pulunun silinməsi, həmçinin bankın üzərinə onunla illik 1 faiz olmaqla 5 il müddətinə yeni güzəştli müqavilənin bağlanması vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmşidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd edir ki, həmin tələblər əsassızdır və təmin edilə bilməz. AR Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanına əsasən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qərara alınmışdır:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən Fərmana uyğun olaraq Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə kompensasiya almaq və onunla bağlanmış kredit müqaviləsinin restrukturizasiya etmək hüququ yaranmışdır. Digər tərəfdən həmin Fərmana uyğun olaraq devalvasiya nəticəsində fiziki şəxsin kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) qarşılandığı hallarda, həmin məbləğ həcmində azaldılır. Fərmanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Qeyd edilən Fərmanın 6.2-ci bəndinə əsasən banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Məhkəmə iclasında tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə yuxarıda göstərilən Fərmanın müddəalarının tətbiq edilməsi və kredit alan Cavabdeh1 kredit müqaviləsi üzrə restrukturizasiyanın tətbiq edilməsi ilə bağlı Mərkəzi Banka müraciət edilməsi müəyyən edilsə də, onun nəticəsi olmamışdır. Cavabdeh1 həmin halı inzibati məhkəmədə mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Dalarə Mustafazadənin bankla bağladığı kredit müqaviləsi yuxarıda göstərilən Fərmanın təsiri altına düşür və o, həmin Fərmanla ona verilən güzəştlərdən istifadə etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə faizlərin və dəbbə borcunun silinməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, bu tədbirlərin görülməsi bank təşkilatlarına və onların ləğvedicilərinə imperativ xarakter daşımır, bu tədbirlərin görülməsi onlara tövsiyə edilmişdir. Eyni zamanda bu tədbirlər ləğvedici tərəfindən borcalanın müraciəti əsasında və tərəflərin qarşılıqlı razılığına uyğun olaraq tətbiq edilə bilər. Digər tərəfdən Cavabdeh1 tələbi onunla illik 1%-lə 5 il müddətinə yeni güzəştli müqaviləsinin bağlanması vəzifəsinin ləğvedicinin üzərinə qoyulması barədə tələbi də əsaslı hesab edilə bilməz. AR Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Yəni müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir və insanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Məhkəmə hesab edir ki, LPO İddiaçıASC-nin üzərinə Cavabdeh1 ilə yeni güzəştli müqavilənin bağlanılası vəzifəsinin qoyulması müaqvilə azadlığı prinsipinə ziddir və bu səbəbdən də yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə ilk iddia tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən, iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə yaranmış 1590,70 ABŞ dolları əsas və 453,32 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış 437,16 ABŞ dolları cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasübsüz olmasını və işin diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə tutulacaq dəbbə borcunun (dəbbə borcu) miqdarı 20,8 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 235,18 ABŞ dolları məbləğində borcun tutulması hissəsində də əsaslıdır. AR Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh1 kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirdiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 235,18 ABŞ dolları məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamindən də müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəməyə təqdim edilmiş iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin 5.2-ci bəndinə əsasən zaminlik müqaviləsi kredit müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğu vaxta kimi qüvvədədir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən tələblərinə əsasən zaminlik müqaviləsində onun verilməsi müddəti göstərilməlidir. Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsindən göründüyü kimi belə müddət göstərilməmişdir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsində kredit müqaviləsi üzrə borcalanın bütün öhdəlikləri tam yerinə yetirilənədək qüvvədə qalmasının göstərilməsi, müqavilənin müddəti kimi şərh edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 ,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflər arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Hazırki zaminlik müqaviləsinin qüvvədə olma müddəti konkret olaraq göstərilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi müddəti göstərilməyən müqavilə kimi qəbul edilməlidir. Belə olan halda qanunvericilik kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən kreditorun zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2017-ci il tarixdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün (kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə verilmişdir), hazırda zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh2 qarşı münasibətdə təmin edilməməlidir. Məhkəmə habelə qeyd edir ki, Cavabdeh1 tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli İKM 376 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə yaranmış 1590,70 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 453,32 ABŞ dolları faiz borcu, 20,8 ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış illik 5% dərəcəsi alınmaqla 235,18 ABŞ dolları faiz borcu, cəmi 2300 (iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbi Cavabdeh2 qarşı münasibətdə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı xx.xx.2015-ci il tarixli, İKM 376 saylı istehlak kredit müqaviləsi üzrə əsas borcun manatla artmış hissədə azaldılması, hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi və İddiaçı ASCnin üzərinə onunla illik 1 faiz olmaqla 5 il müddətinə yeni güzəştli kredit müqaviləsinin bağlanılması vəzifəsinin qoyulması barədə qarşılıqlı iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şahin Abdullayev