Məhkəmə qərarları › İş №2(009)-2005/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2005/2023

03.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2005/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi C.İ.İsmayılovun iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh Abasov X9 rayon Məhkəməsinin 1(004)- 101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə məhkum Cavabdeh iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilərək bu barədə müvafiq protokol tərtib edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə cavabdeh məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 7(103)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkum Cavabdeh cəzası 11 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası əvəz edilmiş və məhkum Cavabdeh elektron nəzarət vasitəsi təhvil alınaraq xx.xx.2023-cü il tarixli aktla Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. "xxxx" QSC-dən xx.xx.2023-cü il tarixdə daxil olmuş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən mobil qurğunun qapaqlarına kley vurulduğu, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu bildirilmişdir. Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277,40 manat hesablanmışdır. Hesab edirlər ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277,40 manat məbləğində pulun ondan alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X6 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, həqiqətən cavabdeh Apellyasiya Məhkəməsində onun CM-nin 221-ci maddəsi ilə təqsirləndiriləsinə dair cinayət işi üzrə barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul ediləndə, elektron qolbaq ona təhvil verilmişdir. İlkin vizual baxış nəticəsində qüsur aşkar edilməmişdir və avadanlıq işlək vəziyyətdə olmuşdur. Təhvil-təslim ilə bağlı akt tərtib edilməmişdir. Təqsirləndirilən şəxslərə və məhkumlara taxılmış elektron qolbaqlar çıxarıldıqdan sonra müayinəyə üçün müvafiq laboratoriyaya göndərilir. Cavabdehin üzərindən açılaraq götürülmüş elektron qolbaq da yoxlanılması üçün laboratoriyaya göndərilmiş, orada qurğunun qapaqlarına kley vurulması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olması barədə rəy verilmişdir. Yəni həmin qüsur yalnız laboratoriya yoxlanışı zamanı aşkar edilmişdir. Bu səbəbdən həmin qüsurun cavabdeh tərəfindən yetirilməsi müəyyən edildiyindən hazırki tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və hazırda 17 saylı çəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, cavabdeh iddianı qəbul etməyərək, xx.xx.2023-cü il tarixdə barəsində AR CM-nin 221-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə keçirilən məhkəmə iclasında 3 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra, həmin gün ona təhkim olunmuş qolbağı məhkəmə zalında çıxarılaraq akt əsasında Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş, həmin vaxtı qolbaqda hər hansı müdaxilə və zədələnmə halı aşkar edilməmişdir. Qolbaq səlahiyyətli şəxs tərəfindən akt əsasında qüsurlu olmadığı şəkildə təhvil verildiyindən, ona qarşı qaldırılan iddianı əsassız hesab edir, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin cəzaçəkmə müəssisəsində cəza çəkməsini, iddiaya dair yazılı etirazın məhkəməyə təqdim etməsini, tələblə bağlı mövqeyini bildirməsini, cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxıb yekun qərar qəbul edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edilməlidir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, "xxxx" QSCnin sahə mühəndis vəzifəsində işləyir. Cavabdehə məxsus “Attenti” markalı elektron nəzarət vasitəsinin laboratoriya müayinəsi onun tərəfindən həyata keçirilmiş və texniki rəyi o, vermişdir. Qurğuya baxış zamanı onun qapaqlarına kley vurulması aşkar edildiyindən belə nəticəyə gəlinmişdir ki, təmiri mümkün olmadığı üçün istismara yararsızdır. Qurğunun qapağına kley vurulması onun əldən düşmə nəticəsində aralanması zamanı edilə bilər. Bunu qurğunu təhkim edilmiş şəxs, həmçinin digər şəxslər də edə bilər. Qurğunun qapağına kley vurulması həmin qurğunun işləməməsinə səbəb də ola bilər, yəni kley vurulmuş qurğu işlək vəziyyətdə də ola bilər. Lakin mövcud Təlimatda bu halın olması, yəni qurğunun qapaqlarına kley vurulması onun bərpa olunmaz hala salınması və yararsızlığı kimi nəzərdə tutulmuşdur. O, da Təlimata uyğun olaraq müvafiq rəy vermişdir. İş üzrə "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M No 96-21 saylı məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəyəri nəzarət subyektindən tutulmalıdır: 1. Sadə elektron qolbaq -1 ədəd (sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası – x1) – 1930 manat, 2. ƏDV – 347,40 manat, cəmi 2277,40 manat. İş üzrə Yasamal rayon Məhkəməsinin 1(004)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün şübhəli şəxs kimi tutulduğu müddət 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçınə həvalə edilməsi, Cavabdeh üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxdanılması üçün ona xidmət etmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD diskinin cinayət işinin materiallarında saxlanılması, Cavabdeh göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında olaq hesabına köçürülməsi, iş üzrə mülki iddianın olmaması, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İş üzrə Yasamal rayon Məhkəməsi tərəfindən İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1(004)-101/2022 saylı hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə göstərişin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)- 101/2022 saylı hökm və onun icrasına dair hakimin xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. İş üzrə Cavabdeh tərəfindən İddiaçı icra məmuru Cavid İsmayılovun adına yazılmış xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, o, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ona bildirilmişdir ki, yaşayış yerini 23.00-dan növbəti gün 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzaya nəzarət edən orqanı iş və təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Ona icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməli olması izah edilmişdir. Bildirir ki, o, törətdiyi əməldən peşmandır. Cəzaçəkmədən imtina etmir və elektron qolbağ gəzdirməkdən imtina etmir. İcra məmuru tərəfindən ona bildirmişdir ki, barəsində şikayət daxil olsa, ictimai qaydanı kobud şəkildə pozsa, həbs olunsa, il ərzində probasiya məmuru tərəfindən barəsində 3 dəfə tənbeh tədbiri qismində töhmət veriləcəyi halda cəzasının dəyişdirilməsi üçün məhkəməyə təqdim veriləcəyi izah edilmişdir. O, hökmlə müəyyən olunmuş halları pozduqda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7-ci maddəsi ilə məsuliyyət daşıyacağı izah edilmişdir. İş üzrə İddiaçı icra məmuru X6 tərəfindən Cavabdeh iştirakı ilə tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, məhkum X8 1 ədəd “Attenti” markalı, 35653210 (19861) seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil qurğunun qabı) təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Məhkuma Yasamal rayon Məhkəməsinin 1(004)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. İş üzrə Nərimanov rayon Məhkəməsinin 7(005)-227/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı icra məmuru Cavid İsmayılovun təqdimatı təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh yaşayış yerinin ünvan 2 ünvanına dəyişdirilməsinə icazə verilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(103)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, apellyasiya protestinin təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh barəsində təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilməsinə dair İddiaçı icra məmuru X3 təqdimatının təmin olunmamasına dair Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarın ləğv olunması, İddiaçı icra məmuru X3 təqdimatının təmin olunması, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh cəzasının çəkilməmiş qalan hissəsi, yəni 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasının 02 günün azadlıqdan məhru etmə cəzasının bir günü hesabı ilə hesablanaraq 11 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, məhkum Cavabdeh məhkəmə iclas zalından dərhal həbs edilməsi, məhkum Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması, Cavabdeh məhkəmə iclas zalından həbsə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkum Cavabdeh hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 15 saat üçün ümumi cəmi 90 manat dövlət büdcəsindən tutularaq X2 işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməsi qərara alınmışdır. İş üzrə İddiaçı icra məmuru X6 və Probasiya Xidmətinin Monitorinq İdarəsinin əməkdaşı Fariz Şamilov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, C.İsmayılov tərəfindən cəmi 02 ədəd “Attenti” markalı 35654708 və 35653210 (enerji adapteri yoxdur) seriyalı elektron nəzarət vasitələri Probasiya Xidmətinin Monitorinq İdarəsinin əməkdaşı Fariz Şamilova təhvil verilmişdir. İş üzrə "xxxx" QSC-nin mühəndisi Eldar Qurbanov tərəfindən verilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında ED 000233 nömrəli, xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitoring İdarəsinin sifarişinə əsasən İddiaçı tərəfindən X8 tətbiq edilmiş “Attenti V6” markalı, 35653210 seriya nömrəsi elektron nəzarət vasitəsinə texniki baxış keçirilmiş, baxış zamanı qurğunun qapaqlarına kley vurulması, təmiri mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 1(004)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.2.2ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin xx.xx.2022-ci il tarixli göstərişi xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə icra məmuru C.İsmayılov məhkum Cavabdeh iştirakı ilə protokol tərtib edərək məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı məhkuma izah edilmiş, həmin tarixdə məhkuma elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd “Attenti” markalı, 35653210 (19861) seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil qurğunun qabı) Cavabdeh yaşadığı ünvanda tətbiq edilərək təhvil verilmişdir. Həmin nəzarət avadanlıqlarının istifadə qaydaları Cavabdeh izah edilmiş və həmin avadanlıqlara görə üzərinə gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 7(103)-147/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən məhkum Cavabdeh cəzası 11 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası əvəz edilmiş və məhkum Cavabdeh elektron nəzarət vasitəsi təhvil alınmışdır. Lakin təhvil alınma zamanı akt tərtib edilməmiş, Probasiya İdarəsinin əməkdaşı qurğunu qəbul edərkən ondan hər hansı bir qüsurun olmasını aşkar etməmiş, qurğu işlək vəziyyətdə olmuşdur. Sonra xx.xx.2023-cü il tarixli akta əsasən Elektron Monitorinq İdarəsinə təhvil verilmiş, qolbaq müayinə üçün laboratoriyaya göndərilmiş və orada yoxlanılarkən onun tam istifadəyə yararsız olması müəyyən edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, "xxxx" QSC-dən xx.xx.2023-cü il tarixdə daxil olmuş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən mobil qurğunun qapaqlarına kley vurulduğu, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu bildirilmişdir. Azərbaycan Respulikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277,40 manat hesablanmışdır. Cavabdehin lazımınca məsuliyyətli olmadığından elektron nəzarət zədələnərək yararsız vəziyyətə düşmüş və onlara 2277,40 manat maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cəzalarını İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göstərilən Məcəllənin 1097-ci maddəsinə (mülki hüquq pozuntuları üçün məsüliyyətin əsasları) əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş ziyanı tələb edə bilər. Ziyanın isə tələb edilməsi üçün ilk növbədə zərərvuran qismində göstərilən şəxsin hərəkətlərində zərərçəkmiş şəxsə qarşı yönəlmiş hüquqi zidd hərəkətləri sübut olunmalı və vurulmuş ziyanın məhz həmin hərəkətlər nəticəsində əmələ gəlməsi təsdiq olunmalıdır. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

4. Hüququpozan şəxsin təqsirinin olması. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Eyni zamanda zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır. Məhkəmə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin yuxarıda sadalanan normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddiaçıya təhkim olunmuş elektron nəzarət qurğusuna onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, qaldırılan iddianın əsaslı olması qənaətinə gəlinməsini mümkün deyil. Məhkəmə həmin qurğunun işlək vəzyyətdə olmasının onu təhvil verərkən və hətta laboratoriya müayinəsi zamanı da müəyyən edildiyini,təhvil verərkən hər hansı bir qüsurun aşkar edilməməsini, cavabdeh tərəfindən qurğunun qapaqlarına kley vurulması halının məhkəmə tərəfindən müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, həmin qurğuya cavabdeh tərəfindən müdaxilə etməsi halı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. AR MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qanunun yuxarıda göstərilən tələblərini, məhkəmə iclasında tədqiq olunmuş sübutları əsas tutaraq qeyd edir ki, cavabdeh mobil nəzarət qurğusuna ziyan vurulması ilə bağlı mülki məsuliyyət daşısa da, həmin qurğuya cavabdeh tərəfindən ziyan vurulması halı təsdiqini tapmadığından, vurulmuş ziyanın əvəzi kimi cavabdehdən 2277,40 manat məbləğində pulun tutulması barədə iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Cavabdeh vurulmuş maddi ziyanın əvəzi kimi mobil nəzarət qurğunun dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar