Məhkəmə qərarları › İş №2(009)-2049/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2049/2023

18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2049/2023 18.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində 18 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 noyabr 2014-cü il təvəllüdlü X4 və 23 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay tutulan alimentin həcminin artırılaraq hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə 10 noyabr 2014-cü il təvəllüdlü X4 və 23 avqust 2018-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı hesab edir ki, alimentin ödənilməsi ilə bağlı cavabdehdən tutulan aliment məbləği artırılmalıdır. Bu səbəbdən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarından aydın olur ki, Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən 10 noyabr 2014-cü il təvəllüdlü X4 və 23 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarı hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından anadan olmuş övladları iddiaçının himayəsindədir,cavabdehdən tutulan alimentin məbləği iddiaçının uşağının saxlanması üçün artan tələbatlarını ödəmək üçün kifayət etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» xx.xx.2022-ci il tarixli Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, respublikada 2023-cü il üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər orta səviyyədə saxlanılması zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi əsasında cavabdehdən 10 noyabr 2014-cü il təvəllüdlü X4 və 23 avqust 2018-ci il təvəllüdlü X1 üçün tutulan alimentin həcmi artırılaraq hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan çox olduqda 30 + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Şərh olunanlara əsasən və Az. Resp. MPM-nın 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10 noyabr 2014-cü il təvəllüdlü X4 və 23 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 193 manat alimentin həcmi artırılaraq, hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilsin və bu məbləğ bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulub (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X3 verilsin. 72,80 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulsun. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar