Məhkəmə qərarları › İş №2(009)-205/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-205/2021

23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-205/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi D.E.Əliyevanın, Cavabdeh1 (eyni zamanda digər cavabdehlərin nümayəndəsi və onun vəkili R.T.Məmmədzadənin iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “MXM” filialından illik 16%-lə 60 ay müddətinə 220.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. xx.xx.2020-ci il tarixədək Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqaviləsi üzrə banka 61.945,72 manat əsas, 11.907,23 manat faiz, 12.932,1 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 86.785,05 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 61.945,72 manat əsas, 11.907,23 manat faiz, 12.932,1 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3678,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 90.463,95 manat borcu vardır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldə çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə banka 61.945,72 manat əsas, 11.907,23 manat faiz, 12.932,1 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3678,9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 90.463,95 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən, 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinin hərracdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinə yönəldildikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 nömrəli evin 22 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, ekspert rəyi ilə razı deyillər. Belə ki, ekspert rəyində tədqiqat 16% hesabı ilə aparılmış və bu səbəbdən əsas və faiz borcu iddia tələbindən kifayət qədər aşağı həddə müəyyən edilmişdir. Lakin Cavabdeh1la bank arasında bağlanılmış razılaşma müqaviləsində onun işdən azad olunacağı təqdirdə faizin 30%-dək artırılması qeyd edilmiş və cavabdeh işdən azad olunduqdan sonra kredit müqaviləsi üzrə borc 30% hesabı ilə hesablanmışdır. Məhkəməyə təqdim etdikləri maliyyə arayışında göstərilən həddə hazırda cavabdehin bank qarşısında öhdəliyi mövcuddur. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 (eyni zamanda digər cavabdehlərin nümayəndəsi) iddianı qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o banka olan borcunu vaxtında ödəmiş və heç vaxt gecikmələri olmamışdır. 2020-ci ilin may ayında növbəti ödəniş zamanı banka olan borcun şişirdilməsini müəyyən etmişdir. Bu halın nəyə görə olmasını araşdırarkən ona bildirmişlər ki, işdən azad olunduqdan sonra hesabat 30%-lə aparılmış, sonra isə guya onu 22%-ə endirmişlər. Hətta onun tərəfindən avqust ayında 2000 manat ödəniş edilsə də, həmin pul əsassız hesablanmış faizə silinmişdir. Bu səbəbdən o, ödənişləri dayandırmış və hesab etmişdir ki, bu məsələ məhkəmədə araşdırılmalıdır. Ümumiyyətlə uzun araşdırmadan sonra bankla onun arasında işdən azad olunduqdan sonra faizin 30%-dək artırılması barədə razılaşmanı ortaya çıxartmışlar. Lakin işdən azad olunduqdan sonra idarə heyətinin faiz məbləğinin artırılması barədə hər hansı qərarı mövcud deyil və onunla da müqavilənin dəyişdirilməsi barədə sonrakı müqavilə bağlanılmamışdır. 30%-dək anlayışı isə mücərrəddir. Ona görə də hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən borc realdır və ididanı yalnız o həddə təmin edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə «Kreditor» qismində «xxxx» İKB ASC ilə digər tərəfdən «Borc alan» qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 No-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 16%-lə, 220.000 manat məbləğində kredit verilmişdir. İş üzrə “Bank” qismində “xxxx” İKB ilə (hazırki İddiaçı) “Borc alan” qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsinə xx.xx.2014cü il tarixli Əlavə razılaşmaya əsasən “xxxx” İKB ASC ilə əmək münasibətlərinə Borc alanın təşəbbüsü və ya AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildikdə, Bank işçinin işdən çıxdığı gündən sonra gələn gün üçün faiz dərəcəsini illik 30%-dən çox olmayaraq müəyyən etmək, xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün əlavə təminat tələb etmək hüququna malkidir. İş üzrə “xxxx” İKB-nın xx.xx.2016-ıc il tarixli 974K saylı əmrinə əsasən Cavabdeh1 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəllsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (işçini öz təşəbbüsü ilə) xitam verilmişdir. İş üzrə “İpoteka saxlayan” qismində «xxxx» İKB ASC ilə “İpoteka qoyan” qismində Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka saxlayanla «Borcalan» arasında bağlanmış xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 684.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən, 8 saylı evin 22 saylı mənzil xx.xx.2014-cü il tarixli, 6-G-2-1-1295-14 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə ipoteka müqaviləsi üzrə «xxxx Bank» İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2020-ci tarixdə ünvanlanmış bildirişdən görünür ki, kredit müqaviləsinə əsasən öhdəlik icra edilmədiyi təqdirdə tutmanın öhdəliyin icrasının təminatı kimi Banka ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzilə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən və həmin ərizə üzərində aparılmış qeyddən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borcu 61.945,72 manat, 11.907,23 manat faiz, 12.932,1 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan 3678,9 manat borc, cəmi 90.463,95 manat borcu var. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/4700 saylı rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə borcalanın “xxxx” ASC-yə ödənilməli olan xx.xx.2020-ci il tarixə əsas kredit borcu 21.788,14 manat, faiz borcu 1.207,43 manat müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsinə əsasən cavabdehə illik 16% hesabı ilə, 60 ay müddətinə 220.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mərdanov qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzilini bank qarşısında ipoteka ilə yüklü etmişdir. Tərəflər arasında eyni zamanda xx.xx.2014-cü il tarixdə kredit müqaviləsinə əlavə razılaşma bağlanılmış və həmin razılaşmaya əsasən “xxxx” İKB ASC ilə əmək münasibətlərinə Borc alanın təşəbbüsü və ya AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildikdə, Bank işçinin işdən çıxdığı gündən sonra gələn gün üçün faiz dərəcəsini illik 30%-dən çox olmayaraq müəyyən etmək, xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün əlavə təminat tələb etmək hüququna malikdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 “xxxx” İKB ASC-də X3 müşaviri vəzifəsində işləmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklər lazımınca və vaxtında icra edilməmiş və nəticədə onun banka xx.xx.2020-ci il tarixə 61945,72 manat əsas, 11907,23 manat faiz, 12932,1 manat cərimə və müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5%-lə 3678,9 manat faiz borcu, cəmi 90463,95 manat borcu yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulmasını əsas tutaraq yaranmış borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, kredit müqaviləsi üzrə faiz dərəcəsi 16 faiz müəyyən edilsə də, bank 2017-ci ilin may ayında ondan xəbərsiz faiz dərəcəsini həmin ilin may ayında 30%-ə qaldırmış və növbəti aydan isə cari dövrdən illik 22%-ə qaldırmışdır. Faktiki olaraq Bank onun ödənişlərini xx.xx.2019-cu il tarixdən 16%-lə yox, 30 və 22%-lə borc məbləğindən silmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi bildirmişdir ki, bankla cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh işdən çıxarıldığı tarixindən sonra kredit müqaviləsi üzrə faiz məbləği illik 30%-lə müəyyən edilmiş və faiz borcu bu əsasla hesablanmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə (illik 16% hesabı ilə) xx.xx.2020-ci il tarixə ödənilməmiş əsas borcu 21788,14 manat, faiz borcu 1207,43 manat təşkil edir. Göründüyü kimi bank tərəfindən təqdim edilmiş maliyyə sənədlərinə əsasən cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 61945,72 manat, faiz borcu 11907,23 manat, ekspertiza rəyi ilə isə əsas borcu 21788,14 manat, faiz borcu isə 1207,43 manat təşkil edir. Bankın maliyyə arayışında göstərdiyi borcla ekspertin müəyyən etdiyi borc arasında olan fərq onunla əlaqədar olmuşdur ki, bank cavabdehlə əmək müqaviləsinə xitam verildikdən sonra kredit müqaviləsi üzrə faiz borcunu 30% dərəcəsi ilə hesablamış və nəticədə cavabdehin etdiyi ödənişlər nəticəsində kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 61945,72 manat, faiz borcu 11907,23 manat təşkil etmişdir. Məhkəmə cavabdehlə əmək münasibətlərinə xitam verildikdən sonra (2017-ci ildən) iddiaçı tərəfindən kredit müqaviləsi üzrə faiz borcunun illik 30% dərəcəsi ilə hesablanmasının tərəflər arasında bağlanmış kredit müqaviləsinə və ona əlavə uyğun olub-olmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavədən görünür ki, Bank işçinin işdən çıxdığı gündən sonra gələn gün üçün faiz dərəcəsini illik 30%-dən çox olmayaraq müəyyən etmək, xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün əlavə təminat tələb etmək hüququna malkidir. Göründüyü kimi kredit müqaviləsi üzrə faiz dərəcəsi dəqiq təfsir edilməmiş, yəni faiz dərəcəsinin 30%-dən çox olmayaraq müəyyən edilməsi kreditorun hüququ kimi müəyyən edilmişdir. Yəni tərəflər arasında bağlanmış əlavə sazişdə cavabdehlə əmək müqaviləsinə xitam veriləndən sonra kredit müqaviləsi üzrə faiz borcunun 30% dərəcəsi ilə hesablanması konkret, yəni imperativ olaraq göstərilməmişdir. Digər tərəfdən həmin artırmanın hansı andan başlanılması da konkret olaraq əlavə razılaşmada göstərilməmişdir. Belə ki, kredit müqaviləsinin müddəti, kreditin məbləği, illik faiz dərəcəsi, kreditin təyinatı müqavilənin mühüm şərti hesab edilir və bu səbəbdən həmin şərtlər müqavilədə dəqiq təfsir olunmalıdır. AR Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4 ,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının 1-ci hissəsinin 2-ci bəndinə əsasən hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi tərəflar arasında müqavilə bağlanılarkən müqavilənin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfləri kənar yardım olmadan müqavilə üzrə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilsinlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış əlavə razılaşmada kredit müqaviləsi üzrə faiz dərəcəsinin cavabdehlə əmək münasibətlərinə xitam veriləndən sonra 30%-dək müəyyən edilməsi bankın hüququ kimi müəyyən olunduğu üçün, bank faiz dərəcəsini artıqmaq üçün müqavilənin digər tərəfi ilə əlavə razılaşma bağlamalı idi. Yəni bank müqavilənin bu şərtinə əsasən faiz dərəcəsinin 16%-dən 30%-dək artırılması ilə bağlı müqaviləyə əlavənin bağlanmasını cavabdehə təklif etməli idi. Cavabdeh belə əlavənin bağlanmasından imtina edəcəyi və yaxud hər hansı cavab vermədiyi halda, iddiaçı kredit müqaviləsi üzrə faiz dərəcəsinin artırılması ilə bağlı müqaviləyə dəyişikliyi məhkəmə qaydasında tələb etməli idi. Lakin göründüyü kimi bank kredit müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada dəyişərək 30% həddində müəyyən etmiş və cavabdehə həmin faiz dərəcəsi ilə faiz borcu hesablamışdır. AR Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən də göründüyü kimi müqavilənin dəyişdirilməsi tərəflərin razılığı ilə mümkündür. AR Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əlavə razılaşmada kredit müqaviləsi üzrə faiz dərəcəsinin artırılması bankın hüquqi kimi müəyyən olunduğu üçün, müqavilədə faiz dərəcəsinin artırılması əlavə müqavilə bağlanması yolu ilə həyata keçirilməli idi. xx.xx.2014-cü il tarixli əlavə razılaşmada razılaşdırılmış şərt isə əsas müqavilə üzrə faiz dərəcəsinin artırmasını nəzərdə tutmur və bu qaydada təfsir edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, əlavə razılaşmada tərəflərin faiz dərəcəsi ilə bağlı müəyyən etdiyi şərt də Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. AR Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Qeyd edilən Məcəllənin 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında əlavə razılaşmada əsas kredit müqaviləsi üzrə faiz dərəcəsinin 30%-dək artırılması şərti tərəflərin iradəsindən asılı edilmişdir. Yəni Cavabdeh1 öz təşəbbüsü ilə işdən çıxması və ya işəgötürənin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi tərəflərin iradəsindən asılı olan hallardır. Belə olan halda əlavə razılaşmada tərəflərin iradəsindən asılı edilmiş şərt etibarsızdır hesab edilir və bu səbəbdən həmin şərtə istinad olunaraq edilmiş bu hərəkətlər etibarsızdır. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə Cavabdeh1 yaranmış əsas və faiz borcu ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər əsasında müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında kreditin faiz dərəcəsi 16% kimi göstərilsə də, bankın nümayəndəsinin məhkəmədə verdiyi izahatla kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdeh işdən çıxarıldıqdan sonra illik 30% dərəcəsi ilə hesablanması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bank tərəfindən təqdim edilmiş maliyyə arayışındakı əsas və faiz borcu əsaslı hesab edilə bilməz və bu səbəbdən hazırki iş üzrə olan ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu 21788,14 manat və faiz borcu 1207,43 manat təşkil edir. Məhkəmə hazırki ekspert rəyində müəyyən edilmiş borcun illik 16% dərəcəsi ilə hesablanmasını, bununla da həmin borcun kredit müqaviləsinə uyğun olmasını nəzərə alaraq ehsab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 bankın xeyrinə yaranmış 21788,14 manat əsas borc və 1207,43 manat faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin müqavilə müddəti bitdikdən sonra illik 5% hesabı ilə əldən çıxmış fayda kimi 3678,9 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassız hesab edilməlidir. AR Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icranı gecikdirməsi qəsdən edilən hərəkətlər nəticəsində baş vermədiyindən, yəni kreditor əsassız olaraq borcludan 30% dərəcəsi ilə hesablanmış borcu tələb etdiyindən, bununla da tərəflər arasında mübahisə yarandığından, iddiaçı AR Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5% tələb etməkdə haqlı deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə iddia tələbinin 12932,1 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Kredit müqaviləsinin 9-cu və 1.14-cü bəndinə əsasən borclu tərəfindən ödənişlər gecikdirildikdə, bank hər gecikdirilmiş gün üçün illik 36% dəbbə pulu tələb edə bilər. Məhkəmə hesab edir ki, borclunun icranı gecikdirməsi kreditorun müqavilə üzrə əsassız olaraq faiz dərəcəsinin artırması ilə bağlı olduğu üçün, iddiaçı kredit müqaviləsinin 9-cu bəndinə əsasən dəbbə pulu tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə həm illik 5%-lə tələb olunan 3678,9 manat, həm dəbbə borcu kimi tələb olunan 12932,1 manat əsassız olaraq bank tərəfindən birtərəfli qaydada hesablanmış əsas və faiz borcuna uyğun hesablandığı üçün, bank cavabdehdən müqavilə şərtinə zidd hesablanan əsas və faiz borca görə illik 5% dərəcəsi ilə əlavə faiz borcunu və dəbbə borcunu tələb etməkdə haqlı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissələrdə iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. AR Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını tə`min etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göstərilən Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləq borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» AR Qanunun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc məbləği ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisəsi vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, «İpoteka haqqında» AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə ipoteka predmeti olan mənzilin ipoteka müqaviləsində göstərilən məbləği nəzərə alaraq hesab edir ki, mənzilin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində göstərilən məbləğ – 684.000 manat nəzərə alınmaqla göstərilməlidir. Məhkəmə iddia tələbinin satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli 4№-li qərarının 6.8-ci maddəsin əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsində tutulmalı olan pul məbləği konkret göstərilməli olduğundan, ipoteka ilə yüklü edilmiş əmlakın satışından isə əldə edilən pulun borcun ödənilməsinə yetərli olmaması və yerdə qalan borcun hansı məbləğ təşkil etməsi məhkəmə tərəfindən müəyyən edilə bilmədiyindən, həmçinin yaranmış ümumi borc qətnamə ilə tutulduğundan və ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etmədiyi halda yerdə qalan borcun yenidən tutulması cavabdehdən tutulacaq borcun təkrar tutulması ilə nəticələndiyindən və bu hal qanunvericiliyin tələblərinə zidd olduğundan, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan mənzilinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzur qızının həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, onlarn həmin evdən çıxarılması, həmin evin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən sonra həmin mənzil 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılmalı, əks təqdirdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada mənzildən çıxarılmalıdırlar. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi hissəsində təmin edilməməlidir. Belə ki, şəxsin yaşayış sahəsi üzrə istifadə hüququnun itirilməsi barədə tələb irəli sürmək hüququ daşınmaz əmlakın mülkiyyətçisinə mənsubdur və iddiaçı kredit münasibətlərinin tərəfi kimi belə bir tələblə çıxış etməkdə subyektiv hüquqa malik deyil. Digər tərəfdən ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ipoteka saxlayana deyil, mənzili almış şəxsə təhvil verilə bilər. Yəni iddiaçının ipoteka saxlayan kimi mənzil açıq hərracdan satıldıqdan sonra onu təhvil almağa hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissələrdə tələb əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı da tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbləri qismən təmin olunduğu üçün, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertiza xərci cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə…. QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 6-G-2-1-1295-14 saylı kredit müqaviləsinə əsasən 21.788,14 manat əsas borc, 1.207,43 manat faiz borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 23055,57 (iyirmi üç min əlli beş manat əlli yeddi qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh1 tutulacaq pul məbləği ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 5 otaqlı, 228,45 kv.m. ümumi, 135,78 kv.m. yaşayış sahəsindən ibarət 8 saylı evin 22 saylı mənzilə yönəldilsin, həmin əmlak ilkin satış qiyməti 684.000 (altı yüz səksən dörd min) manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılsın. Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 8 saylı evin 22 saylı mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılsın və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Mənzur oğlu həmin mənzildən çıxarılsın. İddia tələbi qalan hissələrdə əsassız olduğu üçün təmin edilməsin. Cavabdeh1 dövlət nəfinə keçirilmiş ekspertiza xərci -50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar