Məhkəmə qərarları › İş №2(009)-2056/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2056/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2056/2021 04.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, iddiaçı X3 və cavabdeh X1 iştirakları ilə, İddiaçı X3 cavabdeh X2 qarşı «yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh X2 qarşı «yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarının müəyyən edilməsi və həmin mənzilə köürülməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili anası iddiaçıya hədiyyə etmişdir və iddiaçı bir neçə müddət əvvələ qədər həmin ünvanda yaşamışdır. Lakin həyat yoldaşı olan cavabdeh məişət söz-söhbətlərinə görə iddiaçını həmin mənzildən çıxarmışdır. Hazırda iddiaçı kirayədə yaşayır. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. O, eyni zamanda bildirdi ki, iddiaçı ona dəfələrlə xəyanət etmişdir. Hazırda onların nikahın pozulması tələbinə dair məhkəmədə mülki işləri vardır. Nikah pozulanadək iddiaçının cavahdehlə eyni mənzildə yaşaması qeyri-mümkündür. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 16626 nömrəli mənzil kirayəçisi haqqında məlumatda ünvan 1 ünvanında yerləşən mənzilin kirayəçisinin X4 olduğu qeyd edilmişdir. Məhkəmə araşdırılması zamanı mübahisəli evə dair mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı sübut məhkəməyə təqdim edilməmiş və tərəflərin hər ikisinin mübahisəli mənzilin özbaşına tikili olduğu barədə vermiş olduqları izahatlar, işin halları və iş materialları ilə, mübahisəli evin mülkiyyət, istifadə və ya sahiblik hüququ üzrə hər hansı şəxsə məxsus olması müəyyən edilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, üzərində istifadə hüquqlarının tanınması iddia edilən ev özbaşına tikili olmaqla, hər hansı müvafiq razılıq və ya icazə alınmadan inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-cı və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, özbaşına tikilinin aparılması özü-özlüyündə qanunvericiliyin tələblərinə zidd olduğundan, özbaşına tikiliyə iddia edilən hüquqlar şəxsin dövlət tərəfindən tanınan və qorunan hüquqlarına aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İstinad edilən Məcəllənin 5.1-ci maddəsinin tələbinə görə hər hansı bir fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Tətbiq olunan hüquq normalarından göründüyü kimi, hər hansı fiziki və ya hüquqi şəxs yalnız özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı «yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, həmin mübahisə predmeti olmuş evə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməmiş, bununla belə mübahisə edilən evin özbaşına tikili olması özü-özlüyündə qanunvericiliyə zidd olduğundan, həmin özbaşına tikiliyə iddia edilən hüquqlar şəxsin dövlət tərəfindən tanınan və qorunan hüquqlara aid edilə bilməz. Lakin buna baxmayaraq iddiaçının sözügedən mənzildə yaşamaq hüququ vardır. Belə ki, iddiaçı sözügedən mənzilin icarədarı kimi mübahisəli mənzilə yaşayış hüququ əldə etmişdir. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən ilkin iddiaçı istifadə hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Bu səbəbdən iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar