Məhkəmə qərarları › İş №2(009)-2074/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2074/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2074/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18134,6 manat məbləğində əsas borc, 1209,12 manat məbləğində faiz borcu, 55,46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19399.18 manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 148.2 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh1 21 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 48 ay müddətinə 23000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 21 fevral 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 15 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin müddəti 21 fevral 2026-cı il tarixinə qədər uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdlən boyun qaçırır. 2023-cü il sentyabr 22-dək Cavabdeh1 banka 21 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18134.6 manat əsas borc, 1209.12 manat faiz borcu və 221.82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 19565.54 manat borcu vardır. Cavabdeh1 21 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 221.82 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 55.46 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, borcun iddiaçı tərəfindən şişirdilməsi əsası ilə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 21 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 48 ay müddətinə 23000 manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 ilə 21 fevralə 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1 №-li kredit müqaviləsinə əlavənin ödəniş cədvəlindən görünür ki, tərəflər arasında kreditin və ona hesablanmış faizlərin xx.xx.2022-ci il tarixdən başlayıb xx.xx.2026-cı il tarixədək hər ay 712.21 manat, sonuncu ay isə 712.30 manat ödəməklə bitirməli olmasını göstərən ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 sentyabr 2023-cü il tarixə banka 18134.6 manat əsas, 1209.12 manat faiz, 55.46 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit və zaminlik müqavilələrinə əlavə sazişdən görünür ki, kreditin müddəti xx.xx.2026-cı il tarixədək uzadılmışdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi, əks halda müvafiq tədbirlər görüləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh1 21 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 21 faizlə 48 ay müddətinə 23000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 21 fevral 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 15 sentyabr 2022-ci il tarixli kredit müqaviləsinə əlavə sazişə əsasən kreditin müddəti 21 fevral 2026-cı il tarixinə qədər uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdlən boyun qaçırır. 2023-cü il sentyabr 22-dək Cavabdeh1 banka 21 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 18134.6 manat əsas borc, 1209.12 manat faiz borcu və 55.46 manat cərimə borcu vardır və o, həmin borcu ödəməkdən yayınır. Odur ki, iddiaçının göstərilən məbləğdə borcun Cavabdeh1 və Cavabdeh2 tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 148.2 (yüz qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 18134,6 (on səkkiz min yüz otuz dörd manat altmış qəpik) manat əsas borc, 1209,12 (min iki yüz doqquz manat on iki qəpik) manat faiz borcu, 55,46 (əlli beş manat qırx altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 19399,18 (on doqquz min üç yüz doxsan doqquz manat on səkkiz qəpik) manat borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 148.2 (yüz qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar