Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-208/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2 ədəd “Samsung” və “LG” markalı kondisionerlər üçün 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə və 94 (doxsan dörd) manat cərimə borcu olmaqla, cəmi 1030 (min otuz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1060 (min altmış) manat borc Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd “Samsung və “LG” markalı kondisionerlər almış və nəticədə 1030 (min otuz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 6800 (altı min səkkiz yüz) manat (12 ay x 484 manat + 992 manat ilkin ödəniş) 2 ədəd “Samsung” və “LG” markalı kondisioner üçün 1030 (min otuz) manat olmaqla ondan, 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə, 94 (doxsan dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5864 (beş min səkkiz yüz altmış dörd) manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndi üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddiaçı “xxxx” MMC-nin ona qarşı irəli sürdüyü iddianı qismən qəbul edir. Belə ki, xx.xx.2019-cu il tarixində iddia ərizəsində göstərilən məhsullardan başqa ümumilikdə 30.000 manat civarında bir çox məhsulu bir hissəsi nəğd, bir hissəsini isə kredit olmaqla almışdır. Kredit aldığı məhsulların ödənişlərində kobud səflərə yol verildiyinə görə və eyni zamanda aldığı məhsulların bəzisində texniki deffektlər olduğuna görə o, dəfələrlə “Kontakt Home” şirkətin çağrı mərkəzinə şikayət etmişdir. O, aldığı məhsullardan biri aldığı gündən onların servisindədir və 1 il 7 aydır həmin məhsul nə yenisi ilə əvəz olunur nə də ki, ödədiyi nəğd pul geri qaytarılır. Onun dəfələrlə etdiyi zənglərə baxmayaraq şirkət satdığı heç bir məhsul üçün zəmanət öhdəliklərini yerinə yetirmək istəmir. xx.xx.2020 tarixində onlara yazdığı email məktubunda onları öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə ödənişləri dayandırmaq qərarını xatırlatdıqdan sonra heç bir reaksiya olmadığını görmüşdür. O, “xxxx” MMC-nin qızıl müştəri kateqoriyasında olmaqla yanaşı hər zaman ödənişləri vaxtindan 2-3 ay qabaq ödəmiş, 12 aylıq kreditlərini 4-5 aya bağlamışdır. İstehlakçıların hüquqlarını kobudcasına pozan “xxxx” MMC-nin ona qarşı qaldırdığı 1030 manat məbləğində pul tələbinin 94 manat cərimənin və hazıradək iddiaçı tərəfindən servisdə saxlanılan “Panasonic MC-YL633G149” markalı tozsoranın 275.99 manat dəyərinin ümumi iddia tələbindən çıxılmasını, iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-2147/2020 saylı qərardadı ilə İddiaçı MMC-nin - Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdehnın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 00559678 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən və ona əlavədən görünür ki, satıcı İddiaçı MMC 12 ay müddətinə, 2 ədəd “Samsung” və 2 ədəd “LG” markalı kondisionerləri alıcı Cavabdeh satmışdır. Qeyd edilən müqaviləyə əlavənin bəndlərinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönəldə bilər. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə “Mal”ı geri qaytarır, bu zaman “Mal” “ABC”-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ “Müştəri”nin ümumi borcundan çıxılır. Müştəri “Ödəniş cədvəli”nin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, “ABC”nin Müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və 680 manat məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. İşdə olan İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə cəmi 5864 manat ödəniş etmişdir. Halhazırda cavabdehin müqavilə üzrə 936 manat əsas, 94 manat dəbbə pulu olmaqla, İddiaçı MMC-yə cəmi 1030 (min otuz) manat borcu vardır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, cavabdeh iddiaçıya olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-dən alqı-satqı müqaviləsi üzrə aldığı əşyaların dəyərini hissəhissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, İddiaçı MMC-nin cavabdehdən həmin müqavilə üzrə 2 ədəd “Samsung” və 2 ədəd “LG” markalı kondisionerlər üçün 936 (doqquz yüz otuz altı) manat yaranmış əsas borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddia ərizəsinin “94 (doxsan dörd) manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, müqavilələrdən irəli gələn 2 ədəd “Samsung” və 2 ədəd “LG” markalı kondisionerlər üçün 936 (doqquz yüz otuz altı) manat məbləğində əsas borcun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və müvafiq olaraq 94 (doxsan dörd) manat dəbbə pulunun azaldılaraq 20 (iyirmi) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda, məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə Cavabdeh etiraz ərizəsində göstərdiyi “iddiaçı tərəfindən servisdə saxlanılan “Panasonic MC-YL633G149” markalı tozsoranın 275.99 manat dəyərinin ümumi iddia tələbindən çıxılması” ilə bağlı dəlillərinin hüquqi əsası müəyyən edilmədiyindən onları əsassız hesab edərək qeyd edir ki, cavabdeh hər hansı bir hüququnun pozulması qənaətinə gəldiyi halda, hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2 ədəd “Samsung” və 2 ədəd “LG” markalı kondisionerlər üçün 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 956 (doqquz yüz əlli altı) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ümumilikdə 976 (doqquz yüz yetmiş altı) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2 ədəd “Samsung” və 2 ədəd “LG” markalı kondisionerlər üçün 936 (doqquz yüz otuz altı) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə 956 (doqquz yüz əlli altı) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi, ümumilikdə 976 (doqquz yüz yetmiş altı) manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-208/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-208/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver