Məhkəmə qərarları › İş №2(009)-2082/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2082/2020

23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2082/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh 2018-ci ildən tanıyır və onunla yaxış münasibətləri olubdur. Bacısı əvvəllər onun yanında işçi olubdur. Cavabdeh özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzi, 5-ci sıra, 2-ci korpus, 54 nömrəli mağazada topdan və pərakəndə qadın geyimləri satır. Cavabdeh Çin Respublikasından topdan qadın geyimləri alıb işlətdiyi mağazada satmaq üçün ondan nağd şəkildə xx xxxx 2019-cu il tarixdə 20000 ABŞ dolları, yəni 34000 manat miqdarında borca pul almışdır. O, cavabdehin səmimiyyətinə inanıb ona qaytarmaq şərti ilə pul borcu vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2019-cu il tarixdə qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh 34000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, pulu cavabdehə şəxsən deyil, cavabdehin yanında işləyən bacısı Səlminaz vasitəsi ilə vermişdir. Verdiyi pulun 17 mini ABŞ dolları, yerdə qalan isə manatla olmuşdur. pulu mart ayında vermişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçının bacısı Səlminaz onun işçisi olmuşdur. o nə Səlminaz tərəfindən, nə də iddiaçı tərəfindən hər hansı pul almamışdır. Aprel ayında Çində olarkən işçisi ona zəng etmişdir ki, Səlminaz kassadan pul götürür. O isə Səlminaza çox inanmış və bunun yalan olduğunu demişdir. Bakıya qayıtdıqdan sonra videogörüntülər vasitəsi ilə müəyyən etmişdir ki, həqiqətən Səlminaz müxtəlif vaxtlarda kassadan dəfələrlə pul götürmüş və ona maddi ziyan vurmuşdur. Bununla bağlı o Səlminazı məhkəməyə vermişdir. Hazırda hüquq mühafizə orqanlarına da şikayət etmişdir. İddiaçı onun bacısını məhkəməyə verdiyini görüb ona şərt atırlar. Cavabdeh məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Azər Məmmədzadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarına əsasən Cavabdeh və İddiaçı şikayətləri üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o iddiaçının bacısıdır. Cavabdehin yanında işləmişdir. Şahin Çinə mal almaq üçün gedirdi, qardaşı avtomaşını satmışdır. Satışdan əldə olunan pulu var idi. Həmin pulu o, Cavabdeh vermişdir. Şahin bildirmişdir ki, pul iki aya qaytarılacaqdır. Pulun ümumi dəyəri 34 min manat olmuşdur. pul iki dəfəyə verilmişdir. Birinci dəfə 17 manart, ikinci dəfə qarışıq manat və dollarla verilmişdir. Dollar təxminən 2-3 min olardı. Bu günədək pul qaytarılmamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh arasında xx.xx.2019cu il tarixdə 20.000 ABŞ dolları, yəni 34.000 manat məbləğində pulun verilməsinə dair şifahi qaydada borc müqaviləsi bağlanılmışdır. Lakin cavabdeh həmin pulu şərtləndirilmiş vaxta ,yəni xx.xx.2019-cu il tarixdə qaytarmağı öhdəsinə götürsə də, bunun etməmişdir və bu səbəbdən bununla bağlı polis orqanlarına şikayət vermişdir. Polis orqanlarında şikayəti üzrə araşdırma aparılmış və mübahisənin mülki xarakter daşıması bildirilmişdir. Bu səbəbdən iddiaçı həmin pulun qaytarılması ilə bağlı məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. AR Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır(maddə 740.2). Qanunvericiliyin göstərilən tələblərindən göründüyü kimi borc müqaviləsinin predmeti 3000 manatdan çoxdursa, bu halda borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Yəni borc müqaviləsinin predmeti 3000 manatdan çox olduğu halda müqavilənin yazılı formasına riayət edilməməsi, həmin müqavilə üzrə hər hansı öhdəliyin yaranmasına səbəb olmur və müqavilə tərəflərinə həmin müqaviləyə istinad etməsinə əsas vermir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 34.000 manat məbləğində borc pulun verilməsinə dair hər hansı yazılı müqavilə bağlanılmamış və bu hal iddiaçının özü tərəfindən də etiraf olunur. Digər tərəfdən cavabdeh nə iddiaçı, nə də onun bacısı tərəfindən ona heç vaxt borc pul verilmədiyini bildirərək irəli sürülmüş iddianı qəbul etməmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında 34000 manat məbləğində pulun verilməsinə dair yazılı borc müqaviləsinin bağlanılması müəyyən olunmadığından, yəni tərəflər qanunun tələbinə əsasən borc müqaviləsinin yazılı formasına riayət etmədiklərindən, iddiaçının şifahi müqaviləyə istiand edərək cavabdehdən pulun ödənilməsini tələb etməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə dindirilmiş şahid iddiaçı tərəfindən cavabdehə 34.000 manat məbləğində pulun verilməsini iddia etsə də, bu ifadə sübut növü kimi qəbul edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, şahidin ifadəsində göstərilən hallar, iddiaçının məhkəmə iclasında verdiyi izahatla ziddiyət təşkil edir. Belə ki, iddiaçı borc pulun 17 mininin ABŞ dolları, yerdə qalanı manatla verilməsini göstərsə də, şahid onun vasitəsi ilə verilən pulun yalnız 2-3 mininin ABŞ dolları, yerdə qalanının isə manat olmasını göstərmişdir. Bu ziddiyətli hal həmçinin şahid ifadəsinin sübut növü kimi qəbul edilməsini istisna edir. AR MPM-nin 80-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin göstərilən tələbini əsas tutaraq məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətlərinin mövcud olması yalnız onlar arasında bağlanılmış yazılı müqavilə ilə təsdiq oluna bilər. Qanunun tələbinə əsasən 34.000 manat məbləğində borc pulun verilməsinə dair müqavilə yazılı formada bağlanılmalı olduğundan, lakin bu müqavilə şifahi formada bağlanıldığından, iddiaçının şahid ifadəsinə istinad etməsi əsassızdır və bu səbəbdən də həmin ifadə sübut növü kimi qiymətləndirilə və qəbul edilə bilməz. Eyni zamanda məhkəmə iclasında iddiaçı cavabdehə borc pulun verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir Beləliklə məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 34.000 (otuz dörd min) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar