Məhkəmə qərarları › İş №2(009)-2083/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2083/2020

19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2083/2020 19.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı - Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 1346,03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pulun ondan alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1383/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 02 (iki) il sınaq müddəti təyin edilmişdir. Müvafiq hökmlə onun üzərinə ünvan 1 mənzil 4 saylı ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 7-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1383/2019 saylı, xx.xx.2019-cu il qərarı, hökmün xx xxxxxxx 2019cu il tarixdə qanuni qüvvəyə minməsinə dair arayış xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə şöbənin probasiya üzrə icra məmuru Qılıc Hüseynov və məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü, bir ədəd USB və başlıq məhkum (hazırkı iş üzrə cavabdeh) Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli izahatında xx.xx.2020-ci il tarixdə atası ilə maşında olarkən nəzarətsiz qalmış kiçik oğlunun ehtiyatsızlıqdan maşının pəncərəsindən elektron nəzarət vasitəsi komplektinə daxil olan mobil qurğunu əlindən magistral yola saldığını bildirmişdir. Bununla bağlı, elektron nəzarət vasitəsi komplektinə daxil olan mobil qurğunun ekranının çatlaması və yararsız vəziyyətdə olması ilə bağlı xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın tam şəkildə ödənilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuşdur. Lakin məhkum həmin məbləği ödəyə bilməyəcəyini xx.xx.2020-ci il tarixli izahatında bildirmişdir. Belə olan halda cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yarasız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsi tərəfindən daxil olmuş D-8/196 saylı məktubda mobil qurğunun dəyəri 1346,03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində hesablanmışdır. İddiaçı nümayəndəsi Qoşqar Həmidov məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Azərbaycan Respublikası Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan iş üzrə Cavabdeh etiraz və mülahizəsini təqdim etməsi, eləcə də iddia tələbinə etirazının olub-olmaması barədə onun tərəfindən imza edilmiş yazılı ərizəsinin məhkəməyə göndərilməsi təklif edilmiş, lakin cavabdehdən məhkəməyə heç bir ərizə daxil olmamışdır. Odur ki, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 31/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası 69.3-cü maddəsinə əsasən Cavabdeh xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək ümumilikdə 3 (üç) gün tutulduğu müddət nəzərə alınmaqla həmin müddət hazırda ona təyin edilmiş əsas cəza müddətindən çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş cəza, sınaq müddəti 02 (iki) il müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, təqsirləndirilən şəxs Cavabdeh üzərinə ünvan 1 mənzil 4 saylı ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dan 7-00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrası İddiaçınə tapşırılmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-31/2019 saylı hökmün qanuni qüvvəyə minməsinə dair arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1383/2019 saylı, xx.xx.2019-cu il qərarı xx.xx.2019-cu il tarixdən qanuni qüvvəsini almış və dərhal icra edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-31/2019 saylı hökmün icrası barədə göstərişdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 31/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1383/2019 saylı, xx.xx.2019-cu il qərarı icra edilməsi üçün İddiaçınə göndərilmişdir. İş materiallarında olan İddiaçı icra məmurları Qoşqar Həmidov və Qılıc Hüseynov tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(009)-31/2019 saylı hökmünə əsasən xx.xx.2020-ci il tarixdə tətbiq edilmiş elektron nəzarət vasitəsinə daxil olan mobil qurğunun xx.xx.2020-ci il tarixdə yerə düşərək ekranının çatlaması və yarasız vəziyyətə düşməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçınə verdiyi xx.xx.2020-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2020-ci il tarixdə atasının idarə etdiyi avtomaşında olan zaman mobil qurğunun oğlunun əlindən maşının açıq pəncərəsindən yerə düşdüyünü, hazırda yararsız vəziyyətdə olmaqla işləmədiyini və hazırda maddi imkanı olmadığından həmin qurğunun pulunu ödəyə bilməyəcəyini bildirmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, ona təhvil verilmiş mobil qurğu zədələnərək yarasız hala salınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsi tərəfindən daxil olmuş D-8/196 saylı məktubda mobil qurğunun dəyəri 1346,03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində hesablanmış və həmin mobil nəzarət qurğusuna dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinin D-8/196 saylı, 13.112018-ci il tarixli məktubundan görünür ki, mobil nəzarət qurğusunun dəyəri 1346,03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(009)-518/2020 saylı qərarından görünür ki, Cavabdeh barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların - məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-31/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən məhkum Cavabdeh üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsa da, o, həmin mobil nəzarət qurğusunu zədələyərək yararsız vəziyyətə salmışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, dəymiş maddi zərərin məbləği müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul tutulub Bakı şəhər Maliyyə İdarəsinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pul tutulub Bakı şəhər Maliyyə İdarəsinin hesabına (Bakı şəhər Maliyyə İdarəsi, kod - 142340; VÖEN - **********1; Müxbir hesab – AZ66CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar