Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2087/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ataları Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3189/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 160 manat cəmi 320 manat aliment məbləğinin artırılaraq hər bir uşaq üçün 250 manat, cəmi 500 manat məbləğində müəyyən edilərək onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin digər xx.xx.2019-cu il tarixli 2(043)-3189/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X2 və xx.xx.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(043)-3508/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilmişdir. Sonuncu qətnamənin qəbul edilmə tarixindən artıq 5 il müddət keçmişdir. Onu da bildirmək istəyir ki, övladlarının hər ikisinin gözündə asqimat göz xəstəliyi vardır. Xəstəliklə əlaqədar onların mütəmadi olaraq tibbi yoxlanışı lazım olur. Hazırda maddi cəhətdən çətinlikləri var. Odur ki, aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(043)-3189/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2011-ci ildə anadan olmuş X2 və xx.xx.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(043)-3508/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub X1 xeyrinə ödənilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(043)-3189/2019 saylı qətnaməsi ilə xx.xx.2011-ci ildə anadan olmuş X2 və xx.xx.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2(043)- 3508/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub X1 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı 30 may 2011-ci il təvəllüdlü X2 və 28 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilən alimentin məbləğinin artırılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. (AM-in 78.2.) Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hal-hazırda yetkinlik yaşına çatmayan uşaqların iddiaçının himayəsində olmasını, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal səviyyədə saxlanılması zəruriliyini, 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumunun məbləğini nəzərə alaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını məqsədə müvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, həmçinin aliment məbləğinin artan hissəsinə uyğun olaraq cavabdehdən (235-160=75*2*12=1800 manat) 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(043)-3189/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli, 30 may 2011-ci il təvəllüdlü X2 və 28 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilməli, Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli, 2(043)-3189/2019 saylı qətnaməsi əsasında Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat alimentin həcmi artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. 30 may 2011-ci il təvəllüdlü X2 və 28 sentyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2087/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2087/2024
26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver