Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2093/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət edərək, illik 25 % dərəcəsi ilə hesablanmış və ödənilməmiş 4298,14 manat faiz borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 170,74 manat əldən çıxmış fayda, əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 2714,77 manat penya və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2011-ci il tarixli “Kredit” Müqaviləsinə əsasən 36 ay müddətinə ödəmək şərtilə borcluya illik 25 % tətbiq edilməklə 14.000 manat məbləğində kredit verilmişdir. Binəqədi rayon Məhkəməsinin 19 noyabr 2103-cü il tarixli qətnaməsi ilə X2 məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 46-cı korpusda yerləşən 3 nömrəli mənzilə tutma yönəldilmişdir.Hərrac nəticəsində əmlak iddiaçı tərəfindən əldə edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır. Göstərilənlərə əsasən, iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, mülki iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 13.09.2011-ci il tarixli “Kredit Müqaviləsinə” əsasən borcalana 14.000 manat məbləğində 36 ay müddətinə illik 25% ödəmək şərtilə kredit verilmişdir. Maliyyə arayışından görünür ki, borclu Cavabdeh müqavilə üzrə illik 25 % dərəcəsi ilə hesablanmış və ödənilməmiş 4298,14 manat faiz borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 170,74 manat əldən çıxmış fayda, əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 2714,77 manat penya borcu vardır. Y-335 nömrəli Hərracın nəticələri haqqında Protokolun surətindən görünür ki, keçirilmiş hərrac nəticəsində Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, 46-cı korpusda yerləşən 3 nömrəli mənzil 19,125 manat müqabilində "xxxx" ASC tərəfindən əldə edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş və müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə vermişdir. Eyni zamanda, cavabdeh də öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmiş və əsas borcunu tam olaraq bağlamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 440.4-cü maddəsinə əsasən borclunun ödəniş müddəti çatmış bütün borcunun ödənilməsi üçün yetərli olmayan ödənişləri hesabına birinci növbədə məhkəmə xərcləri, sonra əsas icra (borc) və nəhayət, faizlər ödənilir.Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, borc məbləği tam olaraq ödənildiyindən iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə tələb olunan faiz borcuna və bununla bağlı olaraq iddiaçının nümayəndəsinin dəlillərinə qiymət verərək bildirir ki, Azərbaycan Respublikası MM-nin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2002-ci il tarixli qərarının təsviri hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 440.4-cü maddəsində müəyyən edilmiş bölgü qaydası və «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 74.1-ci maddəsində olan «...icra ödənişi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər, icra sənədi üzrə icraat zamanı borcluya tətbiq olunmuş cərimələr ödənilir. Qalan pul məbləğindən...» müddəalar iddiaçının mülkiyyət hüququnun və qanuni maraqlarının lazımi qaydada yerinə yetirilməsinə imkan vermir, mülkiyyətinə sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququnu məhdudlaşdırır, konstitusiya mülkiyyət hüququnu qorumağa dövlətin təminat verməsi vəzifəsinin mahiyyətini təhrif edir. Göründüyü kimi, aparılmış ödənişlər kredit müqaviləsi üzrə əvvəlcə dəbbə pulunun silinməsinə, sonra faiz borcunun silinməsinə və nəhayət əsas borcun silinməsinə yönəldilməlidir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, cavabdehin əsas borcu qalmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən maddi hüquq normasının tələbinə görə hazırkı iddia əsaslı sayıla bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən borc məbləği tam olaraq ödənildiyi üçün iddia təmin olunmamalı, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc» barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2093/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2093/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver