Məhkəmə qərarları › İş №2(009)-2096/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2096/2022

14.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2096/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı İbadlı (Abdullayeva) Vəsilə Əlif qızının, Cavabdeh iştirakları ilə, İddiaçı İbadlı (Abdullayeva) Vəsilə Əlif qızının Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İbadlı (Abdullayeva) Vəsilə Əlif qızı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutulması və təhsilinə görə hər ay 100 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan bir övladları- xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5806/2017 saylı qətnaməsi ilə Cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması və 3 yaşına çatanadək saxlanılması üçün 70 manat miqdarında aliment ödənilməsi qət edilmişdir. Uşağın maddi cəhətdən saxlanması çox çətindir. Yasamal Rayon Məhkəməsinin qətnaməsindən cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvə alaraq icraya yönəldilmişdir. Sonrakı tələbi ilə məhkəmə qətnaməsi ilə alimentin məbləği hər ay üçün 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. Qızının 3 yaşının tamam olması səbəbindən cavabdehdən 70 manat pul tutulması üzrə icraata xitam verilmişdir. Uşaq artıq 2-ci sinif şagirdidir və əlavə maddi yardım göstərilməsi zərurəti vardır. Hazırki məbləğ ən minimum tələbləri belə təmin etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı İbadlı (Abdullayeva) Vəsilə Əlif qızı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-5806/2017 saylı qətnaməsi ilə 240 manat aliment-140 manat uşağa görə, 100 manat analığa görə, sonrakı tələbi ilə məhkəmə qətnaməsi ilə alimentin məbləği hər ay üçün 170 manat sabit pul məbləğində müəyyən edilmişdir. İndi isə uşağın təhsil haqqı xərcləri artıb deyə, həm minimal aliment tutulması üçün, həm də təhsil haqqı xərclərində atasının iştirakının təmin edilməsi üçün müraciət etmişdir. Hal-hazırda uşaq "xxxx" MMC nəzdində olan tam orta məktəbdə təhsil alır. Keçən ildən etibarən orada təhsil alır. Çox həssas uşaqdır, dövlət məktəbinə imtahan verəndə imtahandan keçə bilmədi, özünü itirdi, həyəcanlandı, davamlı olaraq psixoloqlarla ünsiyyətdədir. Çünki böyüdükcə suallar verir, atası ilə əlaqəsi yoxdur, çünki atası istəmir. Ad günündə də atasına zəng edib çağırıb ki, qızını görsün. İldə 3500 manat ayda 388 manat olmaqla uşağın təhsil haqqını özü ödəmişdir. İndi isə təhsil haqqı artmış, ayda 666 manatdır. Tək qalır, işləyir və uşağa baxacaq heç kim yoxdur. İki universitetdə “Azərbaycan Dillər Universiteti” və “Dəniz Akademiyası”nda işləyir. Cavabdehin ödədiyi aliment pulunun üzərinə əlavə pul qoyub təhsil haqqını ödəyir. Cavabdeh uşağı ilə maraqlanmır. Ata-anası onların ev xərclərini ödəyir, digər xərcləri isə özü iki universitetdə işləməklə çatdırır. Cavabdeh isə xərcləri ödəmək qabiliyyətindədir. Bu səbəbdən məhkəmədən xərclərin bölünməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, Dövlət Neft Şirkətində anbardar işləyir. 450 manat əmək haqqı alır. 170 manat aliment və digər xərclər əmək haqqından çıxılır, yerdə 230 manat pul qalır. İkinci dəfə ailə həyatı qurmuşdur. Öz xərcləri vardır. 193 manat alimenti ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, iddiaçı və cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 297618 nömrəli, 20 iyul 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah pozulmuşdur. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Neftçala rayonunda anadan olmuşdur. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİİ 888252 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X5 qeyd edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 5806/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə X5 arasında xx.xx.2015-ci il tarixli, 2457 №-li akt qeydinə əsasən bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X1 X2 yanında qalması, yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh qazancı və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 70 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi, X1 üç yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 100 manat aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)- 1674/2020 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 15 sentyabrdan "xxxx" MMC-nin nəzdində tam orta məktəbin məktəbəqədər hazırlığında təhsil alır; aylıq ödəniş 388.88 AZN (illik 3500 AZN) təşkil edir. Növbəti təhsil ili haqqı üçün ödəniş haqqı aylıq 666.67 AZN (illik 6000 AZN) təşkil edəcək. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/2- 00835 nömrəli, xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 01651059/222 nömrəli məktubundan görünür ki, Cavabdeh adında xx.xx.2021-ci il tarixdən “WOLKSWAGEN TOUAREG” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubundan görünür ki, Cavabdeh adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh AR Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsində anbardar vəzifəsində çalışır. İş materiallarında olan ABB ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən verilmiş haqq-hesab vərəqəsindən görünür ki, Cavabdeh vəzifə maaşı 432 manat olmaqla, cəmi gəlirləri 495 manat təşkil edir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı “Azərbaycan Dillər Universiteti” Publik Hüquqi şəxsdə məsləhətçi vəzifəsində çalışır, 420 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 193 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Uşaqları saxlamaq hər iki valideynin borcudur. Məhkəmə hesab edir ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, onlar mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, cavabdehin aylıq əmək haqqının 495 manat təşkil etdiyini (495 manatın ¼ hissəsi 123.75), məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması barədə iddia qismən təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan aliment məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, aliment məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilərək uşağın qanunla qorunan mənafeyinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əlavə xərclərə görə 100 manat tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 193 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qararının 82/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci iddiaçının özünə aid edilməli, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddia tələbi təmin olunan hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 dekabr 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-1674/2020 saylı qətnaməsi əsasında Cavabdeh hər ay sabit pul məbləğində tutulan 170 (yüz yetmiş) manat alimentin həcmi artırılaraq, 193 (yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və həmin 193 (yüz doxsan üç) manat pul vəsaiti məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 44 (qırx dörd) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar