Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-21/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh2 qarşı (Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində qeyd edilən, X12 və X10 üçüncü şəxs qismində cəlb edilən) “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MTK Cavabdeh2 qarşı (Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində qeyd edilən) “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 avtomobil hissələrinin dəyərini təşkil edən 105076 (yüz beş min yetmiş altı) manat məbləğində vəsaitin "xxxx" MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus olmayan avtomobil hissələrini 2017-ci ilin fevral ayında ələ keçirmişdir. 09.12.2019-cu il tarixdə cavabdehin iş yoldaşı X12 eyni tələblə onlara qarşı iddia qaldıraraq əmlakını tələb edir. Bakı şəhəri Cavabdeh1 129 nömrəli, 06.09.2016-cı il tarixli sərəncamına əsasən cavabdehin icarəyə götürdüyü X5 və digərlərinə məxsus daşınmaz əmlaklar sökülməklə onların Kooperativi tərəfindən inşa ediləcək binada mənzillər verilməli idi. Lakin sakinlər razılaşmadığından məhkəməyə müraciət edərək sərəncamın ləğvini tələb etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(81)-3692/2016 saylı, 16.11.2016-cı il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Cavabdeh1 qəzalı mənzillərin sökülməsi, əvəzinə "xxxx" MTK tərəfindən inşa ediləcək binada mənzil verilməsinə və sakinlərin köçürülməsinə dair iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9232/2016 saylı, 13.10.2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. İcəradər (Cavabdeh2) bildirmişdir ki, mağazada olan əşyalar X9 məxsusdur, o, həm icəradər, həm də satıcıdır. Mağazanın sahibi X10 ilə icarə müqaviləsini o, bağlamışdır. S.Ələsgərov D.Yəhyazadənin kürəkənidir. Sonradan Bahadur mağazaya gəlmiş, cavabdeh isə bildirmişdir ki, Bahadur Samirin qardaşıdır. Daha sonra bildirmişdir ki, Samir tapşırıb ki, Bahadurun iştirakı ilə əşyaları o və digər satıcı Günel Sadıqova təhvil alacaqdır. Bundan sonra cavabdeh öz xətti ilə akt tərtib edərək əşyaları təhvil almışdır. Buna baxmayaraq Samir Ələsgərov onların Kooperativinə qarşı iddia qaldıraraq əşyaların dəyərini tələb edir. S.Ələsgərovun vəkili isə T.Teybətəliyevanı tanımadığını bildirir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonradan iddiaçının nümayəndəsi X15 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh2 imzası ilə təsdiq edilmiş 226 adda avtomobil hissələrinin "xxxx" MTK-ya qaytarılması, bu mümkün olmadıqda isə onların dəyərini təşkil edən 105076 (yüz beş min yetmiş altı) manat məbləğində vəsaitin Cavabdeh2 alınaraq "xxxx" MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, digər iş üzrə iddiaçıların nümayəndəsi bu iş üzrə cavabdehi tanımadıqlarını və avtomobil hissələrinin qaytarılmadığını bildirmişlər. Digər iş üzrə iddia tələbində qeyd edilən əşyaların sayı və çeşidi fərqlidir və bu iş üzrə qeyd ediləndən iki dəfə çoxdur. Belə nəticəyə gəlmək olur ki, bu iş üzrə cavabdeh onlardan akt əsasında qəbul etdiyi avtomobil hissələrini digər iş üzrə iddiaçılara qaytarmamışdır. Kooperativin məqsədi həmin avtomobil hissələrini cavabdehdən alaraq sahibinə təhvil verməkdir. Nə qədər ki, cavabdeh akt əsasında avtomobil hissələrini təhvil aldığını etiraf etməyib, belə çıxır ki, həmin avtomobil hissələrini onlar mənimsəmişlər. Bundan başqa, digər iş üzrə iddiaçıların nümayəndəsi aktın saxta olduğunu, imzanın bu iş üzrə cavabdehə məxsus olmadığını bildirmişdir. Digər iş üzrə iddiaçılar tərəfindən məhkəməyə cəlb edilmiş şahidlər də, bu iş üzrə cavabdehin mağazada işlədiyini təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onlar tərəfindən Cavabdeh2 iddianın predmetini təşkil edən avtomobil hissələri akt əsasında təhvil verilsə də, onun qohumu X12 onlara qarşı eyni və digər əşyaların qaytarılması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və Cavabdeh2 tanımadığını bildirmişdir. Həmçinin onu da bildirmişdir ki, Cavabdeh2 tapın və sübut edin ki, əşyaları təhvil vermisiniz. Cavabdeh2 onlara söz vermişdir ki, məhkəməyə gələcək, lakin o, məhkəmədən yayınmış və gizlənmişdir. Onlar məhkəməyə müraciət etməmişdən əvvəl polis orqanlarına müraciət etmişlər, lakin Cavabdeh2 tapıb izahatını almaq mümkün olmamışdır. Bu iş üzrə cavabdehin nümayəndəsi bildirmişdir ki, Cavabdeh2 heç bir akt imzalamamış və aktdan xəbəri yoxdur. Cavabdehin vəkilə verdiyi etibarnamədə olan imza ilə aktda olan imza tamamilə eynidir və birmənalı olaraq sübut olunur ki, aktı məhz cavabdeh imzalamış və avtomobil hissələrini təhvil almışdır. Akt məhz cavabdehin özü tərəfindən tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, X10 İddiaçı MTK-ya (MTK) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən hüquqazidd şəkildə sökülərək dağıdılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368,9 kv.m olan fərdi yaşayış evinin ona aid 1/8 hissəsinə görə kompensasiya kimi, sökülmüş tikilinin yerində tikilmiş yaşayış binasının birinci mərtəbəsindən əmlakının sahəsindən 20%-dən artıq sahəsi olan təmirli mənzilin ona verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması, əmlakının dağıdılması nəticəsində 30.000 manat məbləğində əldən çıxmış faydanın, əmlakının dəyərinin əvəzi olaraq 200.000 manatın və 10.000 manat mənəvi zərərin MTK-dan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X6 İddiaçı MTK-ya qarşı "xxxx" tələbinə dair iddia qaldıraraq MTK tərəfindən əmlakının dağıdılması nəticəsində məhv edilmiş 365 adda avtomobil hissələrinin, 1 ədəd Led ekran monitorun (14000 ABŞ dolları dəyərində), komputerin, DVR-in, vitrinlərin, 4 ədəd kameranın, şüşə qapının, UPS-in, kassa aparatının, reklam guşəsinin, kondisionerin, divanın dəyəri olan ümumilikdə 105076 manatın MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(103)- 2796/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(103)-2796/2021 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, X5 məxsus əmlak söküldükdən sonra icarə sahəsində olan əşyaların (avtomobil ehtiyyat hissələrinin) Cavabdeh2 təhvil verilməyən (iş materiallarındakı aktla təsbit edilən) hissəsi, yaxud onların dəyəri məhz onun Cavabdeh2 tərəfindən "xxxx" MTKdan tələb edilə bilər. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Hökümə Teybəteliyeva İddiaçı MTK-ya qarşı iddia qaldırmalı olduğu halda, tam əksi olaraq İddiaçı MTK ona qarşı əsassız və qanunsuz iddia qaldırmışdır. İddiaçı MTK Cavabdeh2 qarşı iddia qadıraraq 226 adda avtomobil hissələrinin onlara verilməsini və ya həmin avtomobil hissələri olmadıqda isə onun dəyərini təşkil edən 105076 manatın Cavabdeh2 alınaraq "xxxx" MTK-ya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində də qeyd edirlər ki, iddia qaldırmaqda məqsədləri məhkəmə qətnaməsi ilə həmin əmlakları cavabdehdən alıb sahibinə verməkdir. Belə ki, İddiaçı MTK-nın irəli sürdüyü iddia tələbinə münasibətdə subyektiv hüquq sahibi, yəni subyektiv hüququn elementlərindən biri olan“ başqa (borclu) şəxslərdən tələb etmək hüququ”nun sahibi kimi qəbul etmək mümkün deyildir. İddiaçının hazırki iddia tələbini qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki nə icarə sahəsi, nə də ki, orda mövcud olmuş həmin avtomobil hissələri iddiaçıya məxsus olmamışdır. İddiaçı MTK hazırkı iddia tələbinə dair subyektiv hüquqa malik deyildir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxslər Bakı şəhəri Cavabdeh1, X12 və X10 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş X16, Aqşin İbrahimov, X13, Cavabdeh2 və X14 tərəfindən imzalanmış təhvil-təslim aktının surətindən görünür ki, 226 adda avtomobil hissələrini təhvil almışlar. Həmçinin aktda təhvil alınmayan malların siyahısı da göstərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 175/2020 nömrəli, 29.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X10 cavabdeh İddiaçı MTK-ya qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MTK tərəfindən hüquqa zidd şəkildə sökülərək dağıdılmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 368,9 kv.m olan fərdi yaşayış evinin ona aid 1/8 hissəsinə görə kompensasiya kimi sökülmüş tikilinin yerində tikilmiş yaşayış binasından əmlakın ona aid hissəsinin sahəsindən 20%-dən artıq sahəsi olan həmin ünvanda tikilən binanın birinci mərtəbəsindən ona təmirli mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, əmlakının dağıdılması nəticəsində 30.000 manat məbləğində əldən çıxmış faydanın, sökülmüş əmlakının dəyərinin əvəzi olaraq 200.000 manat və 10.000 manat mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X12 cavabdeh “De-Luks" MTK-ya qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “De-Luks" MTK tərəfindən əmlakının dağıdılması nəticəsində məhv edilmiş 365 adda avtomobil hissələri, 1 ədəd Led ekran monitor (14000 ABŞ dolları dəyərində), kompüter, DVR, vitrinlər, 4 ədəd kamera, şüşə qapı, UPS, kassa aparatı, reklam guşəsi, kondisioner, divanın dəyəri, ümumilikdə 105076 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və Məhkəmənin 2(004)-175/2020 nömrəli, 29.10.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia və üçüncü şəxsin iddiası rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2796/2021 saylı, 18.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-175/2020 saylı iş üzrə 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-175/2020 saylı iş üzrə 29 oktyabr 2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2796/2021 saylı, 18.03.2021-ci il tarixli qətnamələrində X1 qeyd edilmiş şəxs Cavabdeh2dır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 368,9 kv.m olan fərdi yaşayış evinin 1/8 hissəsi X3 adına 05.09.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 İddiaçı Mənzil Tikinti Koorperativinə, X7 və qeyrilərinə qarşı “mənzildən müvəqqəti köçürülmə və kirayə haqqlarının ödənilməsi” tələbinə dair iddiası təmin olunmaqla Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı və M.H.Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə yerləşən yaşayış binalarının qəzalı vəziyyətdə olduqları müəyyən edilərək, X4 yaşayış sahəsinin qarşılıqlı əvəzi kimi həmin ünvanda tikiləcək yeni binalarda sökülən mənzillərin sahəsindən 20 faizdən artıq sahəsi olan orta təmirli mənzillə təmin edilənədək mənzilindən köçürülməsi və həminünvanda tikiləcək yeni binada mənzillə təmin edilənədək, yaxın ərazidə müvvəqqəti kirayə qalmasına görə 300 manat kirayə haqqının ona ödənilməsi öhdəliyi İddiaçı Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmuşdur. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmunundan məlum olur ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 16 noyabr 2016-cı il tarixli qərarı ilə, X3 Bakı şəhəri Cavabdeh1nə qarşı “129 nömrəli 06 may 2016-cı il tarixli sərəncamının ləğv olunması” tələbi təmin edilməmiş, həmin məhkəmə aktı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Cavabdeh1 tərəfindən “Cəfər Cabbarlı və Naxçıvani küçələrinin kəsişməsindəki 612-ci məhəllədə yerləşən, qəzalı vəziyyətdə olan ünvan 3 ünvanda və onun ətrafında yaşayan sakinlərin köçürülərək binaların sökülməsi və yeni yaşayış binasının tikintisinin layihələndirilməsi haqqında” 06.05.2012-ciil tarixli 129 nömrəli sərəncam verildiyi, sərəncama əsasən Yasamal rayonu, ünvan 3 ünvanında yerləşən qəzalı vəziyyətdəki yaşayış binasının və onun ətrafında yerləşən məhəllənin və şəhərin müasir memarlığına uyğun olmayan ünvan 4 ünvandakı binaların sakinlərinin "xxxx" MTK tərəfindən qarşılıqlı razılaşma əsasında köçürülərək binaların sökülməsinə və yerində yüksək mərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verildiyi, sakinlərin qarşılıqlı razılaşma əsasında yeni mənzillə təmin edilənədək hər ay kirayə haqqı verilməklə başqa yerə köçürülməsinin və qəzalı binaların sökülməsinin təmin edilməsinin qərara alındığı müəyyən olunmuşdur. Bundan sonra X10 İddiaçı MTK-ya (MTK) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, MTK tərəfindən hüquqa zidd şəkildə sökülərək dağıdılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 368,9 kv.m olan fərdi yaşayış evinin ona aid 1/8 hissəsinə görə kompensasiya kimi, sökülmüş tikilinin yerində tikilmiş yaşayış binasının birinci mərtəbəsindən əmlakının sahəsindən 20%-dən artıq sahəsi olan təmirli mənzilin ona verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması, əmlakının dağıdılması nəticəsində 30.000 manat məbləğində əldən çıxmış faydanın, əmlakının dəyərinin əvəzi olaraq 200.000 manatın və 10.000 manat mənəvi zərərin MTK-dan xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin X12 da İddiaçı MTK-ya qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən əmlakının dağıdılması nəticəsində məhv edilmiş 365 adda avtomobil hissələrinin, 1 ədəd Led ekran monitorun (14000 ABŞ dolları dəyərində), kompüterin,DVR-in, vitrinlərin, 4 ədəd kameranın, şüşə qapının, UPS-in, kassa aparatının, reklam guşəsinin, kondisionerin, divanın dəyəri olan ümumilikdə 105.076 manatın MTKdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə iddiaçı tərəf qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad edərək X6 İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə müraciət edərək əşyaların dəyərini onlardan tələb etməsini göstərərək hesab edir ki, Cavabdeh2 ona məxsus olmayan avtomobil hissələrini 2017-ci ilin fevral ayında ələ keçirmişdir. Tələbinin əsası kimi iddiaçı tərəf qeyd edilən iş üzrə S.Ələsgərovun vəkilinin izahatında Cavabdeh2 tanımadığını bildirməsini vurğulayır. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Samir Ələsgərov iddiaçıya məxsus əmlakda icarəçi kimi özünün fəaliyyət göstərdiyi və iddia ərizəsində göstərdiyi əşyaların ona aid olduğunu təsdiq edən heç bir sübut təqdim etməmiş, özünün də istinad etdiyi icarə müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşmiş fərdi yaşayış evinin X5 məxsus olan 1/8 hissəsi Heybətəliyeva (Teybətəliyeva) Hökümə Şamil qızına icarəyə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X5 məxsus əmlak söküldükdən sonra icarə sahəsində olan əşyaların (avtomobil ehtiyyat hissələrinin) əksər hissəsi məhz Heybətəliyeva (Teybətəliyeva) Hökümə Şamil qızı tərəfindən təhvil alınmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddiasında iddiaçı tərəfin gah sözügedən aktın məhz cavabdeh tərəfindən imzalanmasını, gah da digər tərəfin həmin aktın saxta olması ilə imzanın cavabdehə məxsus olmamasını göstərməsini qeyd etməsi, bununla yanaşı, cavabdehin əşyaları təhvil aldığını etiraf etməməsinin həmin əmlakların onlar tərəfindən mənimsənilməsi kimi qiymətləndirilməsinə səbəb olması, S.Ələsgərovun da bu faktı təsdiq etməməsi ilə mübahisənin başa çatmamasını qeyd etməsi belə bir təəsürat yaradır ki, "xxxx" MTK bu iddiasını sanki X6 mənafeyinə görə qaldırmışdır. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə də göstərilmişdir ki, hazırki iddianı qaldırmaqda məqsəd məhkəmə vasitəsilə həmin əmlakları cavabdehdən alıb sahibinə (S.Ələsgərova) vermək, ən azı ədalətin bərpa olunmasına nail olmaqdır. Başqa sözlə, Cavabdeh2 imzası ilə təsdiq edilmiş 226 adda avtomobil hissələrinin və ya onların dəyərinin "xxxx" MTK-ya qaytarılmasını tələb etməklə bir növ iddiaçı özünü X6 qarşısında hər hansı bir məsuliyyət daşıyıcısı kimi təqdim edir. Məhkəmə bununla bağlı hesab edir ki, əvvəla qanuni qüvvəsini almış məhkəmə aktları ilə sözügedən avtomobil ehtiyyat hissələrinin X9 məxsus olmasının sübut edilməməsi və sözügedən əmlakların əksər hissəsinin məhz Cavabdeh2 tərəfindən təhvil alınması artıq işin mübahisəsiz halları olmaqla yenidən sübut edilməsinə heç bir zərurət yoxdur. İkincisi də, işdən də göründüyü kimi Samir Ələsgərovu, irəli sürdüyü iddia tələbinə münasibətdə subyektiv hüquq sahibi, yəni subyektiv hüququn elementlərindən biri olan “başqa (borclu) şəxslərdən tələb etmək hüququ”nun sahibi kimi qəbul etmək mümkün olmadığı üçün onun İddiaçı MTK-ya qarşı iddiası təmin edilməmiş, həmçinin də izah edilmişdir ki, X5 məxsus əmlak söküldükdən sonra icarə sahəsində olan əşyaların (avtomobil ehtiyyat hissələrinin) Cavabdeh2 təhvil verilməyən (iş materiallarındakı aktla təsbitedilən) hissəsi, yaxud onların dəyəri məhz Hökumə Teybətəliyeva tərəfindən "xxxx" MTK-dan tələb edilə bilər. Başqa sözlə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı MTK-ya qarşı əmlak tələbi ilə bağlı iddia qaldırmaq hüququ izah edilmişdir. Hazırki işdə isə tam əksinə olaraq İddiaçı MTK ona qarşı hazırki iddianı qaldırmışdır. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın mahiyyətindən də göründüyü kimi, iddiaçı Cavabdeh2 imzası ilə təsdiq edilmiş 226 adda avtomobil hissələrinin özünə (iddiaçıya) məxsus olmamasını təsdiq edir, lakin bununla belə cavabdehdən həmin əmlakların ya özünün, ya da dəyərinin onun xeyrinə tutulmasını tələb edir və bunu məhkəmə vasitəsilə həmin əmlakları cavabdehdən alıb sahibinə verməsi ilə əsaslandırır və iddia ərizəsində Mülki Məcəllənin 1091, 1092-ci maddələrinə istinad edir. Halbuki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (MM 1091.2) Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (MM 1092.1) Qanunvericiliyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən yalnız öz əmlakını geri tələb edə bilər. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsi) Qeyd edilən maddədə isə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. «Eyrenin İrlandiyaya qarşı» iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. (həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ciil tarixli qərarı) Məhkəmənin qənaətinə görə "xxxx" MTK-nı irəli sürdüyü iddia tələbinəmünasibətdə subyektiv hüquq sahibi, yəni subyektiv hüququn elementlərindən biri olan “başqa şəxslərdən tələb etmək hüququ”nun sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, işin mübahisəsiz hallarına görə nə icarə sahəsi, nə də ki, orada mövcud olmuş həmin avtomobil hissələri iddiaçıya məxsus olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MTK-nın Cavabdeh2 qarşı (Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində qeyd edilən, X12 və X10 üçüncü şəxs qismində cəlb edilən) “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MTK-ya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MTK-nın Cavabdeh2 qarşı (Bakı şəhəri Cavabdeh1 üçüncü şəxs qismində qeyd edilən, X12 və X10 üçüncü şəxs qismində cəlb edilən) “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-21/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-21/2022
13.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver