Məhkəmə qərarları › İş №2(009)-211/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-211/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-211/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 14.400 ABŞ dolları və ödənilmiş 164,0 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sahibkarlıq fəaliyyətinin əsas istiqaməti kiçik və böyük tutumlu seyflərin topdan və pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Belə ki, iddiaçı Çin Xalq Respublikasında yerləşən seyf istehsalı ilə məşğul olan zavoddan sifariş edir və sifariş olunan malların pulunu həmin zavodun hesabına köçürmə yolu ilə ödədikdən sonra sifariş etdiyi seyflər Azərbaycan Respublikasında fəaliyyət göstərən logistika ilə məşğul olan şirkətlər vasitəsi ilə iddiaçının ünvanına göndərilir. Bu məqsədlə iddiaçı sonuncu dəfə 2022-ci ilin mart ayında eyni qaydada Çin Xalq Respublikasından ümumi dəyəri 15.000 ABŞ dolları olan seyf sifariş etmişdir. İddiaçı həmin məbləği köçürmə yolu ilə zavodun hesabına ödədikdən sonra sifariş olunan seyflərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən "xxxx" MMC ilə şifahi olaraq razılaşmışdır. "xxxx" MMC-nin formal olaraq direktoru X3 olsa da, faktiki olaraq MMC-yə rəhbərliyi onun atası Cavabdeh1 və şəriki Cavabdeh2 həyata keçirmişlır. İddiaçı Elxan və Mahirə razılaşmaya dair müqavilə bağlamağı təklif etdikdə onların hər ikisi iddiaçıya bildirmişlər ki, sifariş olunan malları deyilən ünvana təhvil verdikdən sonra müqavilə bağlayacaqlar. Razılaşmaya əsasən onlar Çin Xalq Respublikasından iddiaçıya məxsus 15.000 ABŞ dolları dəyərində seyfləri Azərbaycan Respublikasına gətirərək iddiaçıya təhvil verməli və bundan sonra iddiaçı tərəfindən onlara yol haqqı ödənilməli idi. İddiaçı sifariş olunan malların siyahısını və Çin Xalq Respublikasında malları iddiaçıya göndərən zavodun rekvizitlərini onlara təqdim etmişdir. Mahir və Elxan sifariş etdiyi malların maksimum 60 gün müddətində iddiaçının ünvanına çatdıracaqlarını bildirmişlər. Müəyyən müddətdən sonra Çin Xalq Respublikasında malları iddiaçıya göndərən zavodla əlaqə saxladıqda onlar iddiaçının istəyinə uyğun olaraq sifariş etdiyi malları zavod əməkdaşları vasitəsi ilə "xxxx" MMC- nin malları təhvil alacaqları ünvana təhvil verdiklərini bildirdilər. İddiaçı sifariş etdiyi malların gecikdiyini gördükdə Cavabdeh2 və Cavabdeh1 ilə əlaqə saxlamış, onlar isə öz növbəsində iddiaçıya bəzi yalnış məlumat şəklində sənəd göndərərək guya malların yolda olduğunu və qısa bir vaxt ərzində Azərbaycan Respublikası ərazisinə gətirəcəklərini bildirdilər. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Çin Xalq Respublikasında fəaliyyət göstərən sahibkar Rəhmancan adlı şəxsə 70.000 ABŞ dolları borcları olduğu üçün iddiaçıya və ayrı-ayrı digər şəxslərə məxsus "xxxx" MMC tərəfindən daşınan mallar girov qismində saxlanılmış və borc ödənilməyincə malların sahiblərinə təhvil verilməyəcəyi bildirilmişdir. Bununla bağlı Cavabdeh2 və Cavabdeh1la danışarkən onlar etiraf etmişlər ki, həqiqətən onların Rəhmancan adlı şəxsə borclu olduqları pula görə iddiaçının malları orada saxlanılmışdır. İddiaçı onlara qısa zamanda ya sifariş etdiyi malları, ya da həmin malların dəyərini ödəmələrini tələb etmişdir. Onlar müxtəlif bəhanələr gətirərək guya malları girovdan çıxararaq iddiaçıya təhvil verəcəklərini desələr də, onların iddiaçını aldatdıqlarını və başqa şəxslərə də külli miqdarda borclu olduqları üçün malların artıq girovdan çıxarmalarının mümkünsüz olduğunu anlayıb Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı dindirilən Cavabdeh2 baş verənləri tam etiraf etsə də, təhqiqatçı polis baş leytenantı Vüqar Eyyubovun 23 oktyabr 2022-ci il tarixli qərarına əsasən iş üzrə xüsusatların mülki xarakterli olması səbəbi ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edtmək lazışdır ki, iddiaçının hüquq mühafizə orqanlarına müraciətindən sonra ona dəymiş ziyanın cuzi bir hissəsi yəni 600 ABŞ dolları cavabdehlər tərəfindən ödənilmiş, qalan 14.400 ABŞ dolları isə ödənilməmişdir. Bununla bağlı iddiaçı tərəfindən "xxxx" MMC-yə rəsmi qaydada pretenziya məktubu göndərilsə də, həmçinin Mediasiya Şurasına müraciət olunsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə səs yazılarının mövcud olması, Cavabdeh2 polis bölməsindəki izahatında baş verənləri tam etiraf etməsi, Cavabdeh2 əl yazmasının olmasını, iddiaçının sifariş etdiyi malları cavabdehlər hansısa şirkətə olan özlərinin borclarının əvəzi olaraq girov qoyduqlarını, şahidin ifadəsində cavabdehlərin şərik olduqlarını bildirməsini, kifayət qədər sübutlar əlavə edildiyindən iddianın təmin olunmasını, cavabdehlərdən müştərək qaydada həmin məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçının səs yazılarından da aydın olur ki, iddiaçı məhz Elxana müraciət edərək ondan tələb etmiş, əmlakı hansısa borcun əvəzində girov qoyulmasına dair bir sübut da təqdim etmədiyini, şahid ifadəsində də qeyd olunduğu kimi, onlar hər üçü oturaraq birlikdə bu mövzuda söhbət aparmışlar, seyflərin Azərbaycana gəlməməyindən sonra tərəflər arasında mübahisə yaranmış və bunun da kökündə Cavabdeh1 borcu səbəbindən olmasını, ümumiyyətlə Cavabdeh1 müxtəlif şəxslərə külli miqdarda borcunun olduğunu, bunu bildikdən sonra Cavabdeh2 oradan ayrıldığını, cavabdehdə olan şifahi məlumatlara görə iddiaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və bundan sonra Cavabdeh1 izahatı alınmaq üçün ora dəvət olunduğunu və daha sonra Elxanın 600 ABŞ dollarını iddiaçıya verdiyini və bundan Cavabdeh2 xəbərinin olmadığını bildirmiş, həmçinin Cavabdeh2 polisdə verdiyi ifadəsində hərf səhvi olduğu, yəni qaytaracaq əvəzinə qaytaracam sözü yazıldığı və Cavabdeh2 buna fikir vermədiyini, Cavabdeh1la artıq heç bir əlaqələrinin olmadığını, Cavabdeh2 öz şirkətinin olduğunu, iddiaya Cavabdeh2 aid hissədə etiraz etdiklərini iddianın onlara aid olan hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahatında “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərdiyini, cavabdehlərin həmin işlə məşğul olduqlarını eşitdiyini, Elxan və X8 Respublikasından mal gətirdiklərini, onların bir yerdə şərik olaraq fəaliyyət göstərdiklərini, onlara malları aparmağa gedəndə iddiaçının da malının onların içində olduğunu, söhbət əsasında cavabdehlərin hər ikisinin də iddiaçıya onlara etibar etmələrini, şübhələri olacağı təqdirdə malların dəyərini ona qaytaracaqlarını, iddiaçı onları tapa bilmədikdə ona müraciət edərək Elxan və Mahirlə əlaqə saxlamaq istədiyini bildirmiş, onların işlətdiyi yerə getdiyi və oranın qapısının bəzi hallarda bağlı olduğunu, ümumiyyətlə sonralar isə cavabdehləri tapa bilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-3250/2023 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC- nə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası Cavabdeh1 və Cavabdeh2 "xxxx" MMC-nin əməkdaşı olmaması səbəbindən rədd edilmişdir. İş materiallarında olan İddiaçı Azərbaycan Respublikasının Daxili X1 RPİ-nin 10-cu Polis Bölməsinə xx.xx.2022-ci il tarixdə verdiyi izahatda qeyd edilmişdir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sahibkarlıq fəaliyyətinin əsas istiqaməti kiçik və böyük tutumlu seyflərin topdan və pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Belə ki, o, Çin Xalq Respublikasında yerləşən seyf istehsalı ilə məşğul olan zavoddan sifariş edir və sifariş olunan malların pulunu həmin zavodun hesabına köçürmə yolu ilə ödədikdən sonra sifariş etdiyi seyflər Azərbaycan Respublikasında fəaliyyət göstərən logistika ilə məşğul olan şirkətlər vasitəsi ilə onun ünvanına göndərilir. Bu məqsədlə İddiaçı sonuncu dəfə 2022-ci ilin mart ayında eyni qaydada Çin Xalq Respublikasından ümumi dəyəri 15.000 ABŞ dolları olan seyf sifariş etmişdir. İddiaçı həmin məbləği köçürmə yolu ilə zavodun hesabına ödədikdən sonra sifariş olunan seyflərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən "xxxx" MMC ilə şifahi olaraq razılaşmışdır. Bu məqsədlə o Mahir adlı şəxsdən aralarında müqavilə bağlanmasını istəmişdir. Mahir adlı şəxsin yanında olan Elxan adlı şəxs İddiaçı gələcək malların siyahısını və həmin malların ona təqdim etdiyi ünvana aparılacağını bildirmişdir. Mallar deyilən ünvana çatdıqdan sonra onunla müqavilə bağlanacağını bildirmişlər. İddiaçı zavod ilə əlaqə saxlamışdır. Sifariş əsasında olan malların İddiaçı dediyi ünvana təhvil verilməsini istəmişdir. Zavod İddiaçı istəyinə uyğun olaraq sifariş etdiyi malları həmin əraziyə apararaq təhvil vermişlər. Mallar təhvil verildikdən sonra zavod tərəfindən İddiaçı dediyi ünvana yəni Çin Xalq Respublikasında olan ünvana təhvil verilmişdir. Mallar təhvil verildikdən sonra zavod tərəfindən İddiaçı məxsus malların Elxan bildirdiyi ünvana təhvil verilməsi barədə olan fakturanın şəkli ona zavodun əməkdaşı tərəfindən göndərilmişdir. İddiaçı sifariş verdiyi malların Respublika ərazisinə gətirilmə gününü gözləməyə başlamışdır. Mahir ilə Elxan adlı şəxs malların maksımum 60 günə respublika ərazisinə gətiriləcəyini bildirmişdilər. İddiaçı sifarişin gecikdiyini gördüyüm halda Elxan və Mahir ilə əlaqə saxlamağa çalışmışdır. Mahir və Elxan özləri ona yalnış məlumat şəklində sənəd göndərərək malların yolda olduğunu qısa bir vaxt ərzində Respublika ərazisinə gəldiyini bildirdilər. İddiaçı sonradan məlum olmuşudur ki. Çin Xalq Respublikasında ofisi olan Rəhmancan adlı şəxsə Mahır və Elxan adlı şəxsin 70000 ABŞ dolları borcu olduğu üçün mənim və ayrı-ayrı şəxslərin sifarişçi əsasında Rəhmancan adlı şəxlərin ofisinə gətirilən mallar orada qalmış. Rəhmancan adlı şəxs Mahir və Elxan adlı şəxslərin ona borclu olduğu 70000 ABŞ dolları pulun geri ödəniləcəyi təqdirdə İddiaçı və başqa başqa şəxslərə məxsus,malları təhvil verəcəkdir. Qeyd edilməlidir ki, Mahir və Elxan adlı şəxslərin Rəhmancan adlı şəxsə 70000 ABŞ dolları borcu olduğu üçün İddiaçı sifarişi əsasında olan mallarda ona təhvil verilmir. İş materiallarında olan Cavabdeh2 Azərbaycan Respublikasının Daxili X1 RPİ-nin 10-cu Polis Bölməsinə xx.xx.2022-ci il tarixdə verdiyi izahatda qeyd edilmişdir ki, 20 ilə yaxındır ki, müxtəlif şəxslərin xarici dövlətlərdə olan yüklərinin respublika ərazisinə gətirilməsi işi ilə məşğuldur və 2021-ci ildə Sədərək Ticarət Mərkəzində bu işlə məğul olan Elxan adlı şəxslə tanış olmuşdu. Elxan adlı şəxs ona Çin Xalq Respublikasından yüklərin respublika ərazisinə gətirilməsində birlikdə işləməyi təklif etmişdir. Cavabdeh2 sonradan məlum olmuşdur ki, Elxan adlı şəxs müştərilərdən aldığı müəyyən məbləğlərdə pulları öz şəxsi maraqlarına xərcləmiş və barədə ona məlumatı Çin Xalq Respublikasında onlarla birlikdə işləyən şəxslər vermişdir. Cavabdeh2 məlum olmuşdur ki, Elxan adlı şəxs Çin Xalq Respublikasında daşıyıcı şirkətə rəhbərlik edən Rəhmancan adlı şəxsə 95000 ABŞ dolları, İran İslam Respublikasında olan daşıyıcı şirkətlərə isə 42000 ABŞ dollar borcu var. İddiaçı sifarişini yubandığını aşkar etdikdən sonra Cavabdeh2 Çin Xalq Respublikası ilə əlaqəyə keçmişdir. Əlaqə yaradan zaman yuxarıda qeyd edilənlər məlum olmuşdur. Rəhmancan adlı şəxs Elxanın ona borcu olduğu üçün başqa-başqa şəxslərə verdiyi malları girov saxladığını bildirmişdir. Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı sifarişlərini bu ilin sonuna kimi gətirəcəyini öz üzərinə götürmüşdür. İddiaçı məxsus malların respublika ərazisinə gətirilmədiyinin cavabdehliyini Elxan adlı şəxs daşıyır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili X1 RPİ-nin 10-cu Polis Bölməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallarda cinayət tərkibi olmadığından və İddiaçı müraciətində qeyd etdiyi xüsusatlar mülki xaraket daşıdığından cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər xarici dövlətlərdə olan yüklərin respublika ərazisinə gətirilməsi işi ilə məşğul olurlar. 2022-ci ilin mart ayında iddiaçının sifariş etdiyi dəmir seyfləri 60 gün ərzində çatdırılacağı barədə şifahi razılığa gəliblər. Seyflər respublika ərazisinə gətirilməmişdir. Həsənov X2 rayon polis idarəsinin 10cu polis bölməsində verdiyi izahatında sifarişləri ilin sonuna kimi gətirəcəyini öz üzərinə götürdüyünü və malların ölkəyə gətirilməməsinin cavabdehliyini Cavabdeh1 daşıdığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi onun polisdə verdiyi ifadəsində hərf səhvi olduğu, yəni qaytaracaq əvəzinə qaytaracam sözü yazıldığı bildirilsə də cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar mübahisələndirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi müəyyən edildiyindən, iddia tələbi 14400 ABŞ dolları məbləğində pulun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat+10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 % məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən ********** saylı qəbz üzrə iddiaçı tərəfindən 164 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlərdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəllilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 14.400 (on dörd min dörd yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 164 (bir yüz altmış dörd) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar