Məhkəmə qərarları › İş №2(009)-2119/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2119/2020

23.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2119/2020 23.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi, İddiaçı (Kərimovanın), Cavabdehin nümayəndəsi və vəkili X.T.Cəfərovanın iştirakı ilə İddiaçı Əliyeva (Kərimova) Samirə Çingiz qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Əliyeva (Kərimova) Samirə Çingiz qızı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-3299/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 160 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda qızı X8 6 yaşı var. Səbail rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hər ay alimenti gecikdirir. Buna görə də iddiaçı aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı Əliyeva (Kərimova) Samirə Çingiz qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı Əliyeva (Kərimova) Samirə Çingiz qızı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh alimenti hər ay gecikdirməklə ödəniş edir. Hər dəfə buna görə icra məmuruna müraciət etməli olur. Hər il yaşayış minimumu uşaqlar üçün artır və o, hər il bu artıma görə məhkəmədə iddia qaldıracaqdır. Cavabdeh güya 300 manat alması barədə arayış təqdim edib. Onun aylıq gəliri kifayət qədər çoxdur, sürdüyü avtomaşın, kirayə etdiyi evə görə ayda 600 manatdan çox pul xərcləyir. Ona görə də cavabdehin nümayəndəsinin dəlillərini qəbul etmir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin etibarnamə əsasında nümayəndəsi və vəkili X7 öz izahatında göstərmişdir ki, iddianı qəbul etmirlər. cavabdeh “X14” MMC-nin direktoru işləyir. Aylıq əmək haqqısı 300 manat təşkil edir. Pandemiya ilə əlaqədar şirkət demək olar ki, fəaliyyət göstərmir. Cavabdehin maddi sıxıntıları var, 160 manatı çətinliklə verir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Cavabdeh xx.xx.2013cü ildə X2 doğulmuş X3 anası hesab edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X9 xx.xx.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdehdir, anası X4r. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-281/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi, cavabdeh Güner Abubekirdən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İş üzrə “X14” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən “X14” MMC-də direktor vəziyəsində işləyir, onun aylıq əmək haqqı 300 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Azra adlı uşağı var. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009) 281/2019 saylı qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün sabit pul məbləğində hər ay 160 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı, yəni 160 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 170 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışından görünür ki, o, direktor vəzifəsində işləyir və 300 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, cavabdeh rəsmi işləsə də, onun aldığı əmək haqqından tutulacaq aliment məbləği uşağın minimum təminat səviyyəsini təmin etməyə imkan vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin miqdarı sabit pul məbləği şəklində müəyyən edilməlidir. Qanunvericiliyin tələbinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 160 manatdır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2020-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 170 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment məbləği 170 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 170 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-281/2019 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Kərimova) Samirə Çingiz qızına ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 170 (yüz yetmiş) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar