Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-213/2022 20.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3200 ABŞ dolları və 10000 manat məbləğində vurulmuş zəzərin əvəzi olaraq və 136,32 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 03 aprel 2014-cü il tarixdə notariat qaydasında təsdiqlənmiş borc müqaviləsinə əsasən cavabdehə 30.000 (otuz min) ABŞ dolları məbəlğində borc pul vermişdir. Müqavilə ilə müəyyənləşdirilmiş razılığa əsasən cavabdeh xx.xx.2017-ci il tarixədək, yəni 3 il müddətinə borcu geri qaytarmağı öhdəsinə götürmüşdü. Lakin borcun geri qaytarılması üçün borc müqaviləsində müəyyən edilmiş müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh borclu olduğu pulu geri qaytarmaqdan imtina etmişdir, ona görə də, o, məcbur olub borcun qaytarılması barədə cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət etdi. Səbail rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Səbail rayon məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmişdir, lakin cavabdeh bu günə qədər də, ona aralarında bağlanmış müqaviləyə əsasən borclu olduğu pulu verməkdən imtina edir. Bundan başqa, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməməklə, 2017-ci ildən başlayaraq onun pulunu qaytarmamaqla ona xeyli miqdarda zərər vurmuşdur. Borclu pul məbləğini gecikdirsə, həmin borcun 5 faizi məbləğində əlavə pul ödəməlidir. Cavabdeh ona 2017-ci ildən bu günə qədər ödəməli olduğu pul məbləğini gecikdirdiyinə görə 3200 ABŞ dolları məbləğində pul ödəməlidir. Bundan əlav,ə cavabdeh onun pulunu özündə qeyri-qanuni 2017-ci ildən saxlamaqla həmin puldan mülki dövriyyədə istifadə etməkdən onu məhrum etmiş və ona 10.000 manat əlavə zərər vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və eləcə də, bildirmişdir ki, qanuni qüvvəsini almış Səbail rayon Məhkəməsinin 2(009)-432 2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, Cavabdeh 16000 ABŞ dolları pulun onun xeyrinə tutulması qət edilsə də, hesab edir ki, cavabdeh 2017-ci ildə onun borcunu qaytarmamaqla, özündə saxlamaqla ona həmin vaxtdan indiyədək bank uçot dərəcəsi ilə 3200 ABŞ dolları və əldən çıxmış fayda kimi 10.000 manat ödəməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək, Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 03 aprel 2014-cü il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh ilə aralarında 03 aprel 2014-cü il tarixdə notariat qaydasında təsdiqlənmiş borc müqaviləsinə əsasən cavabdehə 30.000 (otuz min) ABŞ dolları məbəlğində borc pul vermişdir. Müqavilə ilə müəyyənləşdirilmiş razılığa əsasən cavabdeh xx.xx.2017-ci il tarixədək, yəni 3 il müddətinə borcu geri qaytarmağı öhdəsinə götürmüşdü. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədinə əsasən Cavabdeh 16.000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulması barədə qərar qəbul etmi şdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/983 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsi nəzərə alınmaqla xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2022-ci il tarixə 27.200,00 manat məbləğində pul vəsaitinə görə hesablanacaq faizin məbləği hesablanmalara əsasən 4.683,88 manat müəyyən edilir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanılır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017ci il tarixədək qaytarmaq şərti ilə borc pulun verilməsi barədə xx.xx.2014-cü il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 30.000 ABŞ dolları məbləğində pul verilmiş, cavabdeh isə götürülən pul məbləğini müqavilədə nəzərdə tutulmuş qaydada qaytarmalı olduğu halda, yəni xx.xx.2017-ci il tarixdən gec olmayaraq qaytarmalı olduğu halda bunu etməmiş və bununla da kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan sonra iddiaçının tələbi əsasında Səbail rayon Məhkəməsinin 08 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən 16.000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Səbail rayon məhkəməsinin qətnaməsi qüvvəyə minmiş və icraya yönəlmişdir, lakin cavabdeh bu günə qədər də, ona aralarında bağlanmış müqaviləyə əsasən borclu olduğu pulu verməkdən imtina edir. Məhkəmə cavabdehin xx.xx.2014-cü il tarixli borc müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirilməməsini və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsindən imtina olunduğundan, iddiaçı həmin borc məbləğinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin ödəməli olduğu pul məbləğini gecikdirdiyinə görə ondan 3200 ABŞ dolları məbləğin tutulması hissəsində ekspertin rəyi nəzərə alınmaqla qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 4.683,88 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydaya görə 10000 manat maddi zərərin cavabdehlərdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.683,88 (dörd min altı yüz səksən üç manat səksən səkkiz qəpik) manat məbləğində zərər və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bagırova
Məhkəmə qərarları › İş №2(009)-213/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-213/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver