Məhkəmə qərarları › İş №2(009)-2146/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2146/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2146/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin - Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin – Cavabdeh qarşı «borcun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92,94 AZN əsas, 172,51 AZN cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10,26 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 26.05.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmədə iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26.05.2015-ci il tarixli “Dəmir Taksit” Kredit xətti müqaviləsindən görünür ki, “Dəmir Taksit” kredit kartı vasitəsi ilə borcluya 24 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, Kredit xətti üzrə kreditin müddəti vəsaitin kartdan məxaric olunduğu gündən etibarən hər məxaric olunan kredit məbləğindən və borc qalığından asılı olaraq, məbləğ 0-50 manat aralığında olduqda kredit müddəti 1 ay 3% komissiya, 50,01-100 manat aralığında olduqda kredit müddəti 3 ay 5.5% komissiya, 100,01-200 manat aralığında olduqda kredit müddəti 6 ay 9,5 % komissiya, 200,01-2000 manat aralığında olduqda kredit müddəti 12 ay müəyyən edilir və 19% komissiya hesablanır. Kredit müqaviləsinin 3.5 bəndinə əsasən “Kredit üzrə ödənişlər Kartdan hər növbəti vəsaitin məxaric olunduğu gündən etibarən müqavilədə göstərilən qaydada hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa ödənilməyən borc məbləğinə illik 54% dərəcəsi ilə cərimə hesablanır. Müqavilənin 3.7-ci bəndinə əsasən isə, tutulan komissiya borc məbləği hesab olunur. İş materiallarında olan İddiaçı ASC-nin 31.03.2021-ci il tarixli arayışından görünür ki, 17.03.2021-ci il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə 92,94 manat əsas borc, 172,51 manat cərim borcu, müqavilənin bitdiyi tarixdən illik 5% hesablanmaqla 10,26 manat faiz borcu olmaqla ümumilikdə 275,71 manat borcu mövcuddur. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Az. Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Az. Resp. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin Müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, Müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. İşin faktiki hallarına qiymət verib və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, bununla da cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddia tələbi əsas və faiz məbləği hissəsində təmin edilərək cavabdehdən ümumi qaydada tutulmalıdır. İddia tələbinin cavabdehin borcunu vaxtında qaytarmadığına görə iddiaçıya gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 10,26 manat zərərin tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən, “Pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarına əsasən, “Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.” Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 445.7 və 449.1-cu maddəsinə və Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Qərarına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia əldən çıxmış faydanın ödənilməsi hissəsində də təmin edilməli, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 33,05 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 172,51 manat məbləğində dəbbə pulunun tutulması hissəsi qismən təmin edilməlidir. Belə ki, Az. Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, məhkəmə kredit müqaviləsindən irəli gələn əsas kredit borcunun 92,94 manat məbləğində müəyyən olunduğu halda, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 172,51 manat məbləğində cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 10 manat müəyyən edilməsini cavabdehin mənafeləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması ilə bağlı ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia qismən təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 20 manat dövlət rüsumu əvəzinin məhz 10 manat məbləğində hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26.05.2015-ci il tarixli Kredit Kartın Verilməsi və İstifadəsi üzrə (Dəmir Taksit kredit kartı) Müqaviləsindən yaranmış 92,94 AZN əsas, 10 AZN cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10,26 AZN olmaqla ümumilikdə 113,20 AZN məbləğində pul vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumu əvəzinin 10 manat məbləğində hissəsi Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar