Məhkəmə qərarları › İş №2(009)-2153/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2153/2024

31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2153/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X14 anadan olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-253/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh arasındakı nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat Cavabdeh aliment onun xeyrinə tutulması qət edilmişdir. Hazırkı iqtisadi vəziyyəti nəzərə alınaraq uşaqların saxlanılması üçün təyin edilən 400 manat kifayət deyil, eləcə də normal qidalanması üçün müəyyən məbləğdə vəsait tələb olunur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunda uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun məbləği 235 manat müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, nikahları pozularkən cavabdeh hətta 1500 manat əlavə yardım edəcəyini bildirsə də, 1 il ərzində uşağın birinə yalnız telefon almışdır. Onların geyimi və s.xərclərində iştirak etmir. Uşaqlar artıq böyüyüb və tutulan aliment miqdarı aylıq xərclərini ödəmir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, o, ikinci dəfə ailə qurmuşdur, bir uşağı var – xx.xx.2024-cü il təvəllüdlü X7r. Həyat yoldaşı işləmir, onun himayəsindədir. Özünün iş yeri vardır, ayda 857 manat qazanc əldə edir. Həmin qazancdan 400 manat məbləğində uşaqlarına aliment ödəyir. Başqa gəlirləri yoxdur. Aliment 470 manat müəyyən edilərsə, ailəsi ağır maddi vəziyyətə düşər. O, yalnız uşaqlara görə 430-440 manat aliment ödəyə bilər. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-253/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında Suraxanı rayon Qeydiyyat Şöbəsində xx.xx.2010cu il tarixdə bağlanmış və 517 No-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayanlar xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X10 iddiaçı (anaları) X2 yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X10 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh və X8 arasında olan nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Quliyev, qadına İlyasova soyadı verilmişdir. İş üzrə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh ilə X11 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 784 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.2024-cü ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X4r. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, alimentin artırılması tələbinə dair mübahisəsi üzrə İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən İlyasova X5 rayon X9 Hüquqi Şəxsində “oftalmoloq” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 432 manat, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə “sürücü/yük avtomobili” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 866,03 manat təşkil edir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamenti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2014-cü il tarixdə işə qəbul edilmiş Cavabdeh 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 2 saylı texnoloji nəqliyyat sahəsinin texnoloji nəqliyyat dəstəsinin 07 dərəcəli avtomobil sürücüsü vəzifəsində işləyir, aylıq vəzifə maaşı 857,05 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü Raul və xx.xx.2013-cü il təvəllüdlü Ramal adlı uşaqları var. Tərəflər arasında olan nikah məhkəmə qaydasında pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment miqdarı uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuş və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 235 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının və cavabdehin işləyib müvafiq əmək haqqı almaları, cavabdehin yeni ailə qurduğu, cavabdehin yeni ailədən öhdəsində 1 azyaşlı uşağın olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin tutulması ilə bağlı mübahisələr davam edən xarakter daşıdığı üçün, həmin tələblə yenidən məhkəməyə müraciət edilməsinə yol verilir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh işləsə də, mövcud qətnamə qəbul edildikdən sonra hər hansı maddi dəyişiklik olmamışdır, cavabdeh yeni ailə həyatı qurmuş, öhdəsində 1 azyaşlı uşağı var, bununla da alimentin ödənilməsini çətinləşdirən hallar baş vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi alimentin artırılmasına o halda yol verilir ki, tərəflərdən birinin maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Lakin məhkəmə cavabdehin uşaqlara cəmi 430-440 manat məbləği həddində hazırda aliment ödəmək imkanının olması barədə mövqeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, artırılacaq aliment məbləği hər ay, hər uşaq üçün 220 manat həddində müəyyən edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. AR MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan cəmi 440 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 5280 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 72,80 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-253/2023 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh hər uşağa görə 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 72,80 (yetmiş iki manat, səksən qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar