Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2176/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin həcminin artırılaraq hər uşağa görə 200 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə 125 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, uşaqlar üçün bu il yaşayış minimumu 170 manat müəyyən edildiyindən aliment artırılmalıdır. Hər uşağa 200 manat müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, maddi cəhətdən uşaqların ehtiyaclarını qarşılaya bilmir. İddianın təmin olunmasını, alimenti artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, marketdə satıcı işləyir, 250 manat maaş alır. Aldığı 250 manatla cari ayın aliment borcunu, atasından aldığı 50 manatla isə keçən aylardan qalan aliment borcunu ödəyir. Yenidən nikaha daxil olmuşdur. Yoldaşı da işləyir, 180 manat maaş alır. Həmin maaşla da bir ay ərzində öz ehtiyaclarını qarşılayırlar. Bu səbəbdən də, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, böyük oğlu vəfat etdiyindən, onun ailəsinə də o baxır. Hal-hazırda da, oğlunun alimenti ödəməsinə o köməklik göstərir. Ailəli olduğu üçün onun aylıq gəliri yeni ailəsinə və tutduğu kirayə evinə belə çatmır. İddiaçı özüdə işləyir. Bu səbəbdən də iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarında olan Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1326/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğindəaliment tutulması qət edilmişdir. Mülki iş materiallarında olan ƏƏSMN MEİS iş yerinə dair arayışından görünür ki, Cavabdeh “Saral” marketdə satıcı vəzifəsində işləyir, orta aylıq əmək haqqı 250 manat təşkil edir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 170 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nəzərə alınmalıdır ki, uşaqlarını saxlamaq atanın borcu olduğu kimi, həm də ananın valideynlik vəzifələrinə aiddir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırki vəziyyətdə məhkəmə cavabdehin maddi vəziyyətini işin diqqətəlayiq halları kimi nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmaması daha məqsədə uyğundur. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, işin müəyyən edilmiş hallarına əsasən alimentin müəyyən edilmiş həcmi artırılarsa hazırki qətnamənin icrasının gələcəkdə qeyri-mümkün olan akta çevrilməsi ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəhla Süleymanova