Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2180/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 1725/2021 saylı qətnaməsi ilə cavabdeh ilə arasında olan nikaha xitam verilmiş, birgə nikahdan olan xx.xx.2019-cu il tarixli övladı X3 onun himayəsinə verilmiş və onun saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat aliment təyin olunmuşdur. Sözügedən qətnamənin üzərindən artıq 2 ildən çox zaman keçmişdir. Bu müddət ərzində isə övladının tələbatları əhəmiyyətli surətdə artmışdır. Maddi imkanın zəif olması övladının xərcləri qarşılamaqda çətinlik yaradır. Uşaq hazırda məktəbəqədər təhsil müəssisəsində təhsil alır. Bu da onun xərclərinin surətdə artmasına əsas olur. Cavabdeh təyin olunmuş alimenti də vaxtı-vaxtında ödəmir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək birgə nikahdan olan uşağın saxlanılmasına köməklik göstərməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətlərinə müsbət cavab verməmişdir. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə birgə nikahdan anadan olan xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə tutulan alimentin miqdarı artırılaraq 220 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşağı var. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1725/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində bağlanmış və 17 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutulması, aliment tələbi hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş üzrə Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, X2 tərəfindən təsvir edildiyi kimi alimentin artırılması mübahisəsi üzrə xx.xx.2023-cü il tarixdə, saat 09.50-də keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü Adnan adlı uşağı var. Səbail rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın saxlanılması üçün 175 manat aliment tutulmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, məhkəmə qətnaməsi ilə uşaq üçün müəyyən olunan aliment miqdarı, yəni 175 manat uşağın saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşağın ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşağın saxlanılması üçün cavabdehdən 220 manat sabit pul məbləği şəklində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan uşağa görə müəyyən edilmiş alimentin məbləği 175 manatdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 220 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyanın və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarını və həmin qərarlarda formalaşan hüquqi mövqeyi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin miqdarını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində müəyyən edilməsini, cavabdehin rəsmi işləyərək müntəzəm əmək haqqı alması barədə sübutların mövcud olmamasını, “Elektron məhkəmə informasiya sistemi”ndə də əmək münasibətlərində olmasının təsdiq edən məlumat mövcud olmadığını nəzərə alaraq hesab edir ki, artırılacaq aliment məbləği sabit pul şəkilində müəyyən edilməli, aliment məbləğinin artırılması barədə iddia təmin edilməli və cavabdehdən uşağın saxlanılması üçün tutulmalı olan sabit pul şəklində aliment 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan 220 manat məbləğində pul iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2640 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 46,40 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-1725/2021 saylı qətnaməsi ilə tutulması müəyyən edilən aliment miqdarı artırılsın və 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılması ilə bağlı Cavabdeh 220 (iki yüz iyirmi) manat məbləğində pul məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev