Məhkəmə qərarları › İş №2(009)-2181/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2181/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2181/2021 25.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manat məbləğində vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2015-ci ilin iyun ayında iddiaçıya bildirdi ki, dayısı ona Səbail rayonu, Bakı Soveti adlandırılan yerdə mülk vermişdir. Həmin mülkü işə salmaq üçün 10.000 manat pul lazımdır. İddiaçı da 2015-ci ilin iyul ayında həmin mülkün içində, mülkdə usta kimi fəaliyyət göstərən X1 yanında 10.000 manat pulu cavabdehə borc qismində vermişdir. Cavabdeh ona bildirmişdir ki, mülkü çay evi kimi işə salacaq və bundan sonra iddiaçıya olan borcunu qaytaracaqdır. Lakin bugünədək iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh borcu qaytarmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş olunur. Cavabdeh məhkəməyə ünvanladığı etirazda qeyd etmişdir ki, iddia ərizəsində göstərilənlər şər və böhtandır. İddiaçı cavabdehə heç bir vaxt göstərilən məbləğdə pul verməmişdir. Əgər belə bir borc müqaviləsi var idisə, niyə iddiaçı 6 ildən artıq vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. O, eyni zamanda göstərmişdir ki, iddia ərizəsi iddia müddətinin ötürülməsi ilə verildiyindən təmin edilməməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini tam müdafiə edib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir Cavabdeh lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, cavabdeh ona verilmiş mülkü işə salmaq üçün iddiaçıdan 10.000 manat məbləğində pul almışdır. İddiaçı pulu 2015-ci ilin iyun ayında onun iştirakı ilə cavabdehə vermişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iş materiallarında olan sənədləri iddiaçının ərizəsində qeyd etdikləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsində göstərdiyi halları, habelə cavabdehə 10.000 manat borc pul verdiyini təsdiq edə biləcək heç bir əsaslı sübut (qəbz, müqavilə) təqdim edə bilməmişdir. Məhkəmə şahid ifadəsinə münasibətdə isə qeyd edir ki, şahidin ifadəsində yer alan fikirlər iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, şahidin məhkəmə iclasında qeyd etdikləri işdə olan başqa sübutlarla öz təsdiqini tapmadığından məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı bildirdiyinə münasibətdə qeyd edir ki, iddia ərizəsindən və iddiaçının izahatından da görünür ki, iddiaçı ilə cavabdeh arasında pul münasibəti 2015-ci ilin iyun ayında yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə iddia müddəti ötürülməklə 02.08.2021-ci il tarixdə verildiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə həmçinin MPM-nın 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunmadığı üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı – Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar