Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2186/2021 11.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı və onun vəkili X1, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 Ağahəsən oğlunun və Cavabdeh2 qarşı “mülkiyyətdən istifadəyə qoyulmuş maneələrin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin davam etdirilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Ağahəsən oğlunun və Cavabdeh2 qarşı “mülkiyyətdən istifadəyə qoyulmuş maneələrin qanunsuz hesab edilməsi və həmin hərəkətlərin davam etdirilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən və mülkiyyətində olan qeyriyaşayış sahəsinə gedən həyətdən sərbəst şəkildə istifadə etməyinə cavabdehlər tərəfindən müxtəlif əşyaların yolun üstündə yerləşdirilməklə ciddi maneələr yaradılır. Cavabdehlərlə aralarında qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı xeyli müddət davam edən məhkəmə mübahisələri olmuş və nəhayət ədalət bərpa olunmuş və iki il davam edən məhkəmə çəkişmələrindən sonra yekun məhkəmə qərarı ilə, icra və probasiya qurumunun əməkdaşlarının məsələyə müdaxiləsindən sonra mülkiyyətindən sərbəst istifadə hüququnu əldə etmişdir. Təəssüflər olsun ki, cavabdehlər bu gün də ona qarşı qərəzli və aqressiv davranışlarından əl çəkmir, artıq uzun müddətdir ki, müxtəlif üsullarla obyektdən istifadə etməyinə qarşı dözülməz davranışlar göstərməkdə davam edirlər. Sözügedən ünvanda yerləşən, cavabdehlərə aid olan yaşayış sahəsinə əsas giriş Lermontov küçəsinə çıxan blokdandır. Onun əmlakına əsas və yeganə giriş isə binanın bütün sakinlərinə aid olan, ümumi istifadə üçün nəzərdə tutulmuş həyətdəndir. Cavabdehlər həyətin girişindən onun əmlakının giriş qapısına kimi labirint formasında köhnəlmiş stol-stullar, işlənmiş avtomobil təkərləri, kitablar eləcə də qapının və pəncərənin qarşısına üstü salafanla örtülmüş qırıq-sökük yataq dəstinin hissələrini və bilmədiyi müxtəlif əşyalar yerləşdirib. Həyətdə ümumi girişin üzərindən ip çəkərək özlərinə məxsus pal-paltarları asır, giriş-çıxışda daima insanın üzərinə paltar suyu axır. Bununla da həm obyektə daxil olmağına çətinlik yaranır, həm də içərinin havalandırılması və pəncərədən günəş şüalarının içəriyə daxil olmasında ciddi əngəllər yaradır. Cavabdehlərin özbaşınalığı bununla da bitməmiş, onlar rayon icra hakimiyyətinin və memarlıq idarəsinin razılığı olmadan dövlət tərəfindən mühafizə olunan arxitektur binaya məxsus, qədimi, şəffaf bəzəkli darvazaya arxadan dəmir parçalarından lövhələr bərkidərək dövlət vəsaiti hesabına bərpa və abadlaşdırılma işləri aparılmış arxitektur binanın görüntüsünə də zərər gətirmişlər. Bununla əlaqədar, ərazi üzrə polis orqanlarına və müvafiq icra hakimiyyətinə müraciət ərizələri göndərilmişdir. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi özünün 29.06.2021-ci il tarixli, 06710422H saylı məktubu ilə məsələnin məhkəmə müstəvisində mülki iddia qaydasında həll edilməsinin mümkünlüyünü qeyd etmişdir. Səbail İcra Hakimiyyətindən isə cavabdehlərə xəbərdarlıq bildirişi göndərilmiş, cavabdehlərin qeyd etdiyi qanunsuz əməllərinə son qoyulması üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Cavabdeh etiraz ərizəsi verərək etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı əvvəllər də müxtəlif predmetlərlə bizə qarşı iddialar irəli sürmüş, lakin onun əsassız iddiaları var. İddiaçı onlara qarşı qərəzlidir, məhkəməyə əsassız iddialarla müraciət etdiyi kimi, bəzi dövlət qurumlarına da şikayətlər edir. Onun bu əsassız şikayətlərinin heç biri təmin edilmir. Hazırda tələblə bağlı MKTB-nə də şikayət etmişdir. MKTB-dən həyətə gəlib baxış keçirmişlər, onun tələbi əsassız olduğundan nəzərə alınmamış, əşyalar ümumi istifadədə olan həyətdə saxlanılmışdır. Bundan əlavə, iddiaçının iddia ərizəsində göstərilən əşyaların bəziləri ümumiyyətlə həyətdə yoxdur, bəziləri olsa da onların sahibləri biz deyilik. Ümumi istifadədə olan həyətdə istifadəyə yararlı 4 ədəd stul və 1 ədəd stol onlara məxsusdur. Həmin stol stul da ümumi istifadə məqsədilə istifadə olunur. Mənzilin təmir olunması və sair bu kimi zəruri hallarda hər kəs öz əşyasını müvəqqəti həyətdə saxlayır, lakin bu hərəkətlər hər hansısa bir qonşunun narazılığına səbəb olmur. Ümumiyyətlə, həyətdə bütün qonşular arasında mehribanlıq var, hamı bir-birinin təsirinə dözür. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək, qeyri-yaşayış sahəsi ilə bağlı iki ildir ki, cavabdehlər ilə məhkəmə mübahisəsinin olduğunu bildirmişdir. Cavabdehlər onunla olan qərəzli münasibətə görə öz mülkiyyətinə girişi məhdudlaşdırmaq üçün qapının qarşısına əşyalar yığmışlar. O və icarəçi cavabdehlərdən əşyaları yığışdırmalarını istəsə də, yığışdırmayacaqlarını bildirmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında izahatı alınmış İddiaçı vəkili X2 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddiaçının yalnızca onlarla prinsip apardığını bildirmişdir. Onlardan əlavə 5 qonşu var, lakin iddiaçı məhz onlara qarşı iddia irəli sürmüşdür. Ümumi həyət olduğu üçün hər kəs kimi onların da istifadə etmək hüquqları vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək, iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən təqdim olunmuş şəkillərin 2 il əvvələ aid olduğunu bildirmişdir. Hazırda orada bir ədəd balaca mətbəx stolu və divan var. Divanı təmir etmək üçün həyətə qoymuş, lakin, koronavirusa yoluxduqları üçün indiyədək təmir edə bilməmişlər. Digər stol isə qonşunundur. Həmin əşyalar qeyri-yaşayış sahəsinin qapısının önündə deyil, giriş üçün heç bir maneə yaratmır. Məhkəmə iclasında iştirak edən şahid X4 izahat verərək, həmin qeyri-yaşayış sahəsini 5-6 ay öncə icarəyə götürdüyünü bildirmişdir. Həmin obyektə giriş üçün onlar da cavabdehlər ilə ümumi həyət qapısından istifadə edirlər. Cavabdehlər tərəfindən qapının önünə yığılmış taxta, təkər kimi əşyalar obyektə girişin qarşısını kəsirdi. Əşyaları götürmək üçün dəfələrlə Xalıq bəyə müraciət etmişdir. İlk vaxtlar cavabdeh avtomobilini də həmin həyətin girişində saxlayırdı. Sonradan səs-küysüz götürmüşdür. Divanı isə niyə götürmədiyini soruşduqda hazırda imkanı olmadığını, təmir bitdikdən sonra götürəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahat verərək bildirmişdir ki, qonşulardan birinin etibarnamə üzrə nümayəndəsidir, 13 ildir ki, həmin həyətə gəlib gedir. Mülkiyyətçi isə xaricdə yaşayır. Cavabdehlər ümumi istifadədə olan sahəni öz mülkiyyətləri elan ediblər, başqasının girməyə haqqı yoxdur. İyul ayından bəri orada əşyaların olduğunu görmüşdür. O da həyətə əşyaların qoyulmasından narazıdır. Məhkəmənin yerli baxış iclası zamanı iddiaçı və cavabdehlərin həyətə girişi bir qapıdan olduğu, iddiaçının obyektinin qarşısında cavabdehlərə məxsus üzəri örtülmüş əşyaların, həyətə giriş qapısına yaxın masa və oturacaqlar olduğu müəyyən olunmuşdur. İş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən ünvan 1 olan qeyri-yaşayış sahəsinin İddiaçı adına xüsusiı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 08.11.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə texniki pasportun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı qeyri-yaşayış sahəsi 24.4 kv.m. olan sahəsi 15 kv.m. olan əsas, 9.4 kv.m. olan köməkçi sahədən ibarətdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 119 nömrəli 3/7 nömrəli sıxlaşdırılmış mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 27.05.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 151658 nömrəli qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 119 mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 13.05.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 119 nömrəli 3/7 nömrəli sıxlaşdırılmış mənzilin və Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 119 mənzil 8 mülkiyyətçisidir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, hal-hazırda mübahisələndirilən, İddiaçı mülkiyyətində olan ünvan 1 olan qeyri-yaşayış sahəsinin giriş qapısının və pəncərəsinin çox yaxın məsafədə cavabdeh tərəfindən üstü örtülmüş əşyalar yığılmışdır. Cavabdehin öz qapısı solda yerləşsə də, əşyalar sağda iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin giriş qapısı və pəncərəsinə çox yaxın məsafədə yığılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin bu hərəkətlərinə son qoyulması barədə hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilən Məcəllənni 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aid dəhlizin qapısının və pəncərəsinin qarşısına əşyalar yığılması mülkiyyətçinin hüquqlarını və mənafelərini pozduğundan, iddiaçı tərəfindən irəli sürülmüş tələb əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 24.4 kv.m ibarət qeyriyaşayış sahəsinin qapısının girişində, eləcə də pəncərəsinin yaxınlığına yığılmış əşyalar Cavabdeh1 Ağahəsən oğlu və Cavabdeh2 tərəfindən boşaldılsın, ümumi həyətdən rahat və sərbəst istifadəyə olan bütün maneələr tam aradan qaldırılsın və Cavabdeh1 Ağahəsən oğlunun və Cavabdeh2 tərəfindən bir daha bu cür hallar təkrar edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2186/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2186/2021
11.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver